Yuxarı
loading...
loading...

Asim Mollazadə: “Avropanı parçalamağa, xaosa nail olmağa çalışırlar”

12.02.2019 12:35 Oxunma sayı: 1477


“Ən təhlükəlisi odur ki, qitədə dünyəvi dövlət modelinin dağıdılması prosesi gedir...”

Avropanı etirazlar bürüyüb. Bəzi analitiklər baş verənləri “Qərb baharı” adlandırırlar. Xüsusən də həftələrdir Fransada davam edən etirazların arxasında “inqilab fondu” olan Sorosun dayandığı iddiaları səslənir. Amma aksiyaların əsas avanqardı solçu-anarxistlərdir.

Minlərlə fransalı “sarı jiletli” nümayişçi keçən şənbə artıq 13-cü həftə sonu etiraz yürüşü keçirib. Parisdə çaxnaşmalar yaşanıb, bir nümayişçinin əli kiçik partlayıcı nəticəsində yaralanıb. Bundan əlavə, gecə yarısı Milli Assambleya başçısının Brittanidəki iqamətgahı qəsdən yandırılıb. Lakin bunun prezident Emmanuel Makrona qarşı etirazlarla əlaqəsi olmadığı bildirilir.

“Sarı jiletli” nümayişçilər noyabr ayının ortalarında ilk öncə artan yanacaq vergisinə qarşı etiraz etməyə başlayıblar. Lakin daha sonra bu etirazlar onların adi insanlara qarşı rəğbəti olmadığını düşündükləri siyasi sinfə qarşı genişmiqyaslı üsyana çevrilib.

İspaniyanın paytaxtı Madriddə də çoxminlik etiraz aksiyası keçirilib. Aksiyaçılar “Bütöv İspaniya, tezliklə seçki” şüarı səsləndiriblər. Aksiya iştirakçıları Kataloniya separatçıları ilə danışıqların dayandırılmasını və tezliklə parlament seçkilərinin keçirilməsini tələb ediblər. Aksiyanın təşəbbüsçüsü kimi müxalif Xalq Partiyası, Vətəndaşlar Partiyası, ifrat sağçılar çıxış ediblər. Aksiya Kolumb meydanında keçirilib.

İtaliya da etirazlardan ötüşə bilməyib. Romada yüzminlərlə insan hökumət əleyhinə nümayişlərdə iştirak edib. Aksiya iştirakçıları hazırkı hakimiyyətin həyata keçirdiyi siyasətə qarşı şüarlar səsləndiriblər. Aksiyaçıların tələbi isə iqtisadi islahatlatın həyata keçirilməsi olub. Onlar həyat şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Etirazçılar yeni pensiya islahatlarını da kəskin tənqid edərək, “lüzumsuz” adlandırıblar.

Sardinya adasında isə süd qiymətlərinə etiraz edən çobanlar aksiya keçirib. Çobanlar istehsal etdikləri məhsulları yollara tökərək bir neçə nöqtədə hərəkətin dayanmasına səbəb olublar. Bir qrup etirazçı çoban “Kalyari”nin məşq bazasına gələrək burada klub rəsmiləri ilə görüşüb. Çobanlar futbolçuların onlara dəstək verərək “Milan” matçına çıxmaqdan imtina etməsini istəyib.

Avropada nə baş verir, bu aksiyalar lokaldır yoxsa hansısa fondlar Qərbi qarışdırır?

Картинки по запросу Asim Mollazadə

Bu mövzuda “Yeni Müsavat”a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə öncə bildirdi ki, hər bir dövlətin və xalqın problemləri var, zaman-zaman etirazlar olur, hökumətlərə tələblər irəli sürülür: “Eyni zamanda son illər siyasi ideologiyalar əhəmiyyətini itirməyə başlayıblar. Konservativ, təməl dəyərlərə ünvanlanmış xaos və anarxiya sürətlə inkişaf etmək istəyindədir. Xüsusilə Avropa ölkələrində son seçkilərdə sistemli olmayan populist qüvvələrin hakimiyyətə gəlməsi, radikal sağ və sol güclərin iqtidarı götürməsi bu siyasəti həyata keçirməyə zəmin yaradır. Məsələn, İtaliyada elə partiyalar iqtidara gəlib ki, onları əvvəl tanıyan yox idi. Fransada ənənəvi solçu partiyalar, həmkarlar təşkilatları kənarda qalıb, anarxistlər və ifrat sağçılar gücləniblər. Bunun da inkişafında maraqlı güclər var”.

Bəs bu fəallaşma nə ilə əlaqəlidir?

Asim Mollazadə: “Yadıma gəlir ki, 60-cı illərdə də bu proses getmişdi. Birincisi, Avropada xaosun yaranmasında maraqlı dairələr var və həmin radikallar bu qüvvələrdən yetərincə dəstək alırlar. İkincisi, Avropada ənənəvi siyasətçilərə inam itib. Üstəlik, onların korrupsiya skandalları xalqın dəstəyinin itirilməsinə gətirib çıxarıb. Yeri gəlmişkən, təhlükəli məsələ ən uğurlu olan dünyəvi dövlət modelinin dağıdılması prosesinin getməsidir. Avropa bu gün belə bir həyəcanla üzbəüz qalıb. Dini artımın olması ”səlib yürüş"ləri, cihadlarla üzləşməyə gətirib çıxara bilər. Necə ki, artıq Orta Şərqdə bu mümkündür".

O zaman belə demək olarmı “ərəb baharı”nın yerinə indi “Avropa baharı” başlayıb?

Partiya sədrinə görə, burada müxtəlif yanaşmalar ola bilər: “Məqsəd ondan ibarətdir ki, Avropada xaosa nail olmaq istəyirlər, bu qitəni parçalamağa çalışırlar, dəyərlərini, Qərb ideyalarının təməlini yerindən oynadıb məhv etmək istəyirlər”.

A.Mollazadə Avropada radikalların fəallaşmasının, aksiyaların avanqardına çevrilməsinin və seçkilərdə parlamentdə yer tutmasının son illərdəki miqrant axını ilə də əlaqəli ola bilməsini istisna eləmir: “Bu, səbəblərdən biridir. Çünki miqrant axını əsasən Avropanın hərbi əməliyyatlar etdiyi ölkələrdən olur. Miqrantlarla yanaşı məcburi köçkünlər də var, keçmiş müstəmləkə ölkələrindən sığınacaq üçün gələnlər də az deyil. Amma anarxistləri və radikal sağçıları maliyyələşdirən güclər zəif Avropa görmək arzusundadır. Onların fəaliyyəti Avropa Parlamentini səhv qərarlar verməyə məcbur edə bilər”.

 


loading...