Yuxarı
loading...
loading...

Minimum əmək haqqının artımına iki rəy

12.02.2019 11:30 Oxunma sayı: 1271


Qubad İbadoğlu: “İşçisi olmayan fərdi sahibkarların, eləcə də kəndli təsərrüfatlarının, torpaq mülkiyyətçilərinin sosial sığorta ödəmələri yüksələcək”; Elman Babayev: “Sosial sığorta ödənişləri vətəndaşların gələcək pensiya təminatında xüsusi rola malikdir”

Məlumat verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə cari il martın 1-dən minimum əmək haqqı 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, bu, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək.

Belə ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Onların sırasına elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər; dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər; dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları; dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.); dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarı ilə əmək haqları tənzimlənən təşkilatlar: Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət Nazirliyinin Milli Kulinariya Mərkəzi, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar,   dövlət arxivləri, elmi mərkəzlər,  Dövlət Film Fondu,  Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri daxildir. Eyni zamanda minimum əmək haqqı artımı özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən azı 150 min nəfər) əmək haqqının artmasına səbəb olacaq.

Beləliklə, sərəncamla minimum əmək haqqının artırılması muzdla çalışanların azı 40 faizinin əmək haqlarının artmasına imkan verəcək.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, əmək haqqı və pensiyaların artırılması istənilən halda təqdir olunur: “Baxmayaraq ki, Azərbaycanda minimum aylıq əmək haqqı artandan sonra ABŞ-da 10 saatlıq ödənişə bərabər olacaq. Amma əsas diqqəti buna yox, minimum əmək haqqının artımının ikili təsirlərinə yönəltmək istərdim. Belə ki, minimum aylıq əmək haqqının məbləğinin martın 1-dən etibarən artımı bir tərəfdən maaşları 180 manatdan aşağı olan muzdlu işçilərə ödənişlər minimum əmək haqqının yeni səviyyəsinə qaldırılacaq. Çünki minimum əmək haqqının əsas funksiyası xüsusilə də ixtisassız işçiləri əsassız olan aşağı əmək haqqı ödənişlərindən qorumaqdır”.

İqtisadçı-alim bildirir ki, minimum aylıq əmək haqqının artımı digər tərəfdən də işçisi olmayan fərdi sahibkarların, eləcə də kəndli təsərrüfatlarının, torpaq mülkiyyətçilərinin sosial sığorta ödəmələrini yüksəldəcək: “Məsələn, Bakıda tikinti və ticarət sektorunda VOEN-lə fəaliyyət göstərən işçisi olmayan fərdi sahibkarlar sosial müdafiə fonduna martın 1-dək minimum əmək haqqının 50 faizi qədər - 65 manat ödəyirdisə, martın 1-dən 90 manat ödəməli olacaq. Gəncə və Sumqayıtda isə bu ödəniş martın 1-dək 58,5 manat, martın 1-dən sonra isə 81 manat olacaq.

Fərdi torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri də minimum əmək haqqının 6 faizi qədər sosial sığorta haqqı ödəməlidirlər. Məsələn, ailə kəndli təsərrüfatının üzvlərinin hər biri martın 1-dək 7,8 manat, martın 1-dən sonra sonra isə 10,8 manat ödəməli olacaqlar".

Картинки по запросу Qubad İbadoğlu

İqtisadçı-alim deyir ki, minimum əmək haqqının artımı dövlət sektorunda işləyən 450 min, özəl bölmədə çalışan 150 min nəfərin gəlirlərini, 842 min fərdi sahibkarın sosial sığorta ödəmələrini 6 manat 25 qəpikdən 25 manatadək və 1 milyon 750 min nəfər torpaq mülkiyyətçisinin sosial sığorta ayırmalarını 3 manat artıracaq: “Beləliklə də minimum əmək haqqının artımından ən yaxşı halda 600 min nəfər udur, 2 milyon 592 min nəfər isə uduzur”.

Картинки по запросу Elman Babayev

ƏƏSM-in sabiq mətbuat katibi, jurnalist-bloger Elman Babayev isə Q.İbadoğlunun fikirləri ilə razılaşmır: “Qubad İbadoğlu kimi bir iqtisadçının ölkədə minimum əmək haqqının təxminən 40 faizə yaxın artmasına verdiyi şərh, sadəcə, təəssüf doğurur. Birincisi, belə çıxır ki, əmək haqqı qalxanda ödənilən məcburi dövlət sosial sığorta da artır deyə, əmək haqqını qaldırmaq düz deyil. Bu nə dərəcədə düzgün yanaşmadır?

İkincisi, sosial sığorta ödənişləri bilavasitə vətəndaşların gələcək pensiya təminatında xüsusi rola malikdir. Burada vətəndaşın itirəcəyi bir şey yoxdur. Əksinə, minimum əmək haqqı artımı istər torpaq mülkiyyətçilərinin, istərsə də fərdi sahibkarların pensiya təminatının daha da gücləndirilməsinə xidmət edəcək.

Təcrübə göstərir ki, ödənilən cüzi məbləğlər bu kateqoriyadan olanların etibarlı sosial təminatına nail olmaq üçün yetərli olmur. Deməli, artan əmək haqqı müqabilində vətəndaş öz istehlakını da artırır ki, nəticədə fərdi sahibkar və ya torpaq mülkiyyətçisindən əldə olunan mal və xidmətlərin həcmi artır. Beləliklə, onların gəlirləri artır ki, artan gəlirdən ödənilən sosial sığorta haqqının artması təbiidir və bu hal ancaq və ancaq sosial sığorta ödəyicisinin sosial müdafiəsinin daha güclü təminatına xidmət edir".


loading...