Yuxarı
loading...
loading...

Əfv Komissiyasının iclasları başladı

12.02.2019 10:58 Oxunma sayı: 2150


Novella Cəfəroğlu: “Əfvin olacağına çox inanırıq”

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarına start verib. Fevralın 11-də komissiya bu il üçün ilk iclasını keçirib. Bu barədə “Yeni Müsavat”a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Komissiya üzvü Novruz bayramında əfv sərəncamının verilib-verməyəcəyi barədə sualımıza bu cür cavab verdi: “Fevralın 11-dən etibarən Əfv Komissiyasının iclasları başladı. Həftə ərzində iclaslar davam edəcək. Düşünürəm ki, Novruz bayramına qədər işləri yekunlaşdırmaq mümkün olacaq. Daxil olan müraciətlər komissiyada hərtərəfli araşdırılır, müvafiq rəylər hazırlanır. Əfv etmək prezidentin müstəsna səlahiyyətləri sırasına daxildir. Hazırlanan siyahı cənab prezidentə təqdim olunur. Düşünürəm ki, Novruza qədər qalan vaxt işlərimizi yekunlaşdırmaq üçün yetərlidir. Hörmətli sədrimiz tərəfindən hər şey planlaşdırılır. Vaxtlı-vaxtında iclasların keçirilməsi ona imkan verir ki, hər şey vaxtında başa çatacaq və rəylər cənab prezidentə təqdim olunacaq. İclaslar həftədə bir dəfə də, bir neçə dəfə də ola bilər. Ötən ildəki iclaslarımızda bəzən həftədə bir neçə dəfə yığışırdıq. Bu il də iclaslar davam etməkdədir. Novruz bayramı ərəfəsində əfvin olacağını istisna etmirəm. Lakin istənilən halda, əsas söz sahibi cənab prezidentdir”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu bu həftə toplana biləcəklərini söylədi: “Səməd Seyidovla görüşümüz barədə mətbuata məlumat vermişik. Bu həftə çalışacağıq ki, İşçi Qrupunu toplayaq. Qrupun üzvlərinin hamısı ilə tək-tək danışırıq. Artıq Əfv Komissiyası da işlərinə start verib. Siyahılara yenidən baxırıq. Tək özümüzün deyil, digər hazırlanan siyahılara da diqqət edirik. Çünki azadlığa çıxanlar var. Eyni zamanda siyasi məhbus kriteriyalarına cavab verməyənlər də çoxdur. Novruz bayramında əfvin olacağına çox inanırıq. Gözləyirik ki, əvvəlki əfvlərdən fərqli olaraq daha çox siyasilərdən azadlığa çıxanlar olsun. Bizim siyahımız tam hazır deyil. Amma bir siyahı təqdim etmişik, sadəcə, indi göz gəzdiririk”.

Qeyd edək ki, sonuncu dəfə ötən ilin may ayında əfv sərəncamı imzalanıb və 634 nəfər azadlığa çıxıb.


loading...