Yuxarı
loading...
loading...

Qabil Hüseynli: “Qarabağ danışıqlarında pauza yaranıb”

12.02.2019 09:54 Oxunma sayı: 1476


“Paşinyanın hakimiyyətə gəlişi və davranışları prosesi bir qədər də düyünə salıb”

Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda irəliyə doğru addımlar atılmasına cəhdlər olsa da, proses yenidən əvvəlki vəziyyətinə - yerində saymaq durumuna qayıdıb. Bu barədə “Yeni Müsavat”a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Serj Sərkisyan hakimiyyətdən getdikdən sonra keçən zamanda uzun müddət davam edən status-kvonun dəyişdirilməsinə bağlı təşəbbüslər olsa da, bu təşəbbüslərin reallaşdırılması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrləri və Ermənistanın yeni hakimiyyəti tərəfindən ciddi addımlar atılmır: “Sadəcə olaraq, ABŞ Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra status-kvonu dəyişdirmək üçün müəyyən həmləyə keçdi, təşəbbüslər irəli sürdü, tərəfləri sülhyaratma prosesinə cəlb etməyə çalışdı. Amma bu təşəbbüslərin elə başlanğıcındaca Rusiya proseslərə nüfuz etdi və status-kvonun dəyişdirilməsinə hesablanan Amerika təşəbbüslərinə qarşı özünün sülhyaratma imitasiyalarını irəli sürdü. Hər iki tərəf üzərində təsiri olan Kreml prosesləri substantiv danışıqlar adı altında, ”nəticəsi ola biləcək danışıqlar" adı ilə faktiki olaraq özünün əvvəlki dövrünə qaytardı. Bununla da vəziyyət Serj Sərkisyanın hakimiyyəti dövründəki danışıqlar prosesinin əldə etdiyi “nəticələr” səviyyəsinə qaytarılmış oldu. İndi Rusiya tərəfindən yeni təşəbbüslər irəli sürüləcəyinə, hər iki ölkənin rəhbərlərinin görüşünün təşkil ediləcəyinə dair vədlər verilir. Amma hələ ki Rusiyanın bu səylərinin imitasiyadan uzağa getmədiyini söyləmək mümkündür. Çünki Rusiyanın indiyə qədər irəli sürdüyü təşəbbüslər hər kəsə bəllidir. Rusiyanın təklif etdiyi həll variantlarının ədalətli olmadığını, beynəlxalq hüquq normalarına uyğun gəlmədiyini söyləmək mümkündür. Azərbaycan tərəfi özünün prezidentinin dilindən dəfələrlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyündən kənarda təklif edilən həll variantlarından heç biri qəbul edilməyəcək, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi variantları bizim üçün məqbul ola bilər. Bu nöqteyi-nəzərdən, indi Kremlə yaxın olan politoloqların rəylərində, Rusiya mətbuatında da əvvəlki nikbinlik havası hiss edilmir. Onlar açıq-aşkar proseslərin yerində saydığı barədə söhbət açırlar. Amma yerində saymanın günahkarını qətiyyən söyləmirlər. Yerində saymanın əsas günahkarı isə Ermənistanın baş naziri Nikol Paşinyan, onun qeyri-konstruktiv, indiyə qədər danışıqlar prosesində görünməyən iddiaları ortaya atmasıdır".

Q.Hüseynli qeyd etdi ki, beləcə, danışıqlar prosesində gözlənilməyən bir pauza yaranıb: “Ola bilsin ki, Rusiya yenidən bir təşəbbüsdə olsun. Amma təcrübə göstərir ki, onların təşəbbüsləri məlum səbəblərdən nəticəsiz danışıqlardan başqa heç nə olmayacaq və konstruktiv nəticə verməyəcək. Paşinyanın hakimiyyətə gəlişi və davranışları Qarabağ danışıqlarını, prosesi bir qədər də düyünə salıb”.

Politoloq hesab edir ki, yaranmış hazırkı vəziyyət gec-tez Qarabağda hərbi əməliyyatların başlanmasından başqa çıxış yolu qoymur: “Hərbi əməliyyatlar Azərbaycan üçün əlverişli şərait yarada bilər. Amma sabah hərbi əməliyyatlara başlasaq, dərhal da ərazi bütövlüyümüzü tam təmin edəcəyimizi də düşünmürəm. Çünki qarşıda Rusiyanın maraqları kimi bir problem var. Bir sıra amillər hərbi varianta məhz indi əl atılmasını mümkünsüz edir. Rusiya mətbuatı, Kremlə yaxın politoloqlar açıqca deyirlər ki, Rusiyanın izni olmadan bölgədə hər hansı hərbi əməliyyatlar etmək olmaz. Məsələnin hərbi variantını heç Amerika da qəbul etmir. Biz, sadəcə olaraq, hərbə ciddi hazırlaşmalıyıq, ordumuzu daha da təkmilləşdirməliyik. Amma bu, o qənaətə gəlməməlidir ki, bu gün müharibəyə başlayırıq. Bütün şərtləri diqqətlə ölçüb-biçəndən sonra qərar qəbul edilməlidir”.


loading...