Yuxarı
loading...
loading...

Ordunun Suriyadan çıxarılması mövzusu Vaşinqtonu bölüb

12.01.2019 14:27 Oxunma sayı: 1491


ABŞ Müdafiə Nazirliyi ordunun Suriyadan çıxacağını təsdiqləyir, diplomatiya isə əksini deyir

İŞİD-ə qarşı mübarizə koalisiyanın sözçüsü polkovnik Sin Rayan bəyan edib ki, ABŞ ordu qüvvələrinin Suriyadan çıxarılması prosesi başlayıb. Ancaq o, çıxarılmanın nə qədər müddət tələb etdiyini açıqlamayıb.

Ancaq maraqlıdır ki, ötən həftə Yaxın Şərq ölkələrinə səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan etmişdi ki, Suriyada İŞİD-ə qarşı ABŞ ordusu ilə birlikdə savaşan qüvvələrin (yəni kürdlər - K.R.) təhlükəsizliyi təminat altına alınmadığı müddətdə ABŞ ordusu Suriyada qalacaq. Bu xəbər bütün dünyada ABŞ ordusunun Suriyadan çıxmayacağı kimi şərhlərin yayılmasına səbəb olub.

Lakin Cümə axşamı “Wall Street Journal” nəşri ABŞ Müdafiə Nazirliyinə istinadən ordunun Suriyadan çıxarılması prosesinin davam etdiyini yazıb. Nazirliyin nümayəndəsi isə qjurnala bildirib ki, “qərarla bağlı heç nə dəyişməyib”. Sitat: Biz Boltondan əmr almırıq".

Qeyd edək ki, ötən il dekabrın 19-da ABŞ prezidenti İŞİD-ə qarşı mübarizənin böyük ölçüdə başa çatdığını və bu səbəbdən də ordu qüvvələrinin 60-100 gün ərzində Suriyadan çıxarılacağını bildirib. ABŞ müdafiə naziri Ceyms Mattis və nazirliyin baş qərargah rəisi bu qərardan sonra istefa verib.

Daha sonra isə ABŞ-da kürdləri qorumaqla bağlı Trampa çağırışlar artıb və Tramp geri çəkilərək bəyan edib ki, çıxarılma daha çox uzana bilər və bunun üçün vaxt təyin etməyib. ardınca isə Boltonun məlum açıqlaması gəlib. Ancaq son məlumat onu göstərir ki, ABŞ ordusnun çıxarılması ilə bağlı Trampın qərarı qətidir.

ABŞ ordusu suriyada ile ilgili görsel sonucu

Amma o da var ki, ABŞ prezidenti bildirib ki, qoşunlar Suriyadan çıxsa da, Vaşinqton kürdləri müdafiə etməyə çalışacaq. Bunun üçünsə artıq Vaşinqton administrasiyası bir sıra addımları atıb. Söhbət kürdlərin həm siyasi, həm də hərbi güc vasitəsilə müdafiə olunmasından gedir.

Yəni ilkin olaraq əsas vəzifə kimi kürdlərin Türkiyə və Suriya ordusunun hücumundan qorunması olub. Bu məqsədlə əvvəlcə Bolton regiona səfər edib, daha sonra isə Ankaraya gedib. Boltonun Ankara səfəri ilə bağlı verdiyi açıqlamada qeyd olunur ki, ABŞ rəsmisi Türkiyədən kürdlərə hücum etməməklə bağlı təminat istəyib və Türkiyə bu təminatı verib. Paralel olaraq Boltonun regionda olduğu müddətdə gözlənilmədən Rusiya hərbi polis qüvvələri Menbic rayonunda görünüb. Ruslar bir neçə avtomobildə gəliblər və bölgədə patrul həyata keçiriblər. Digər tərəfdən, ehtimal ki, ABŞ Cenevrədə aparılan Suriyada siyasi keçid danışıqlarında kürdlər üçün siyasi status alınması üçün səylərini artıracaq.

abş ordusu suriyadan ile ilgili görsel sonucu

ABŞ-ın Suriya kürdlərin ikinci real dəstəyi isə kürdlərə silah və maddi, eləcə də hərbi dəstəyin olmasıdır. Bunun üçün ABŞ bir tərəfdən kürdlərə silah və sursat verir, digər tərəfdən, regionun ərəb ölkələrini kürdlərə dəstək üçün cəlb edir. Məsələn, ötən ilin oktyabrında ABŞ-ın təşəbbüsü ilə Səudiyyə Ərəbistanı Suriya kürdlərinə 100 milyon dollar yardım edib. Noyabrda isə BƏƏ və bir neçə körfəz ölkələrinin hərbi və siyasi təmsilçiləri Suriyanın kürd bölgələrinə səfər edib. O zaman ərəblərin kürd bölgəsinə hərbi qüvvə göndərəcəyi. Hətta bir BƏƏ hərbi bazasının qurulacağı ilə bağlı məlumatlar mediaya yol tapıb. ABŞ prezidenti isə ötən ilin yazında bildirmişdi ki, ərəblər özləri Suriya münaqişəsində aktiv iştirak etməlidir.

Digər tərəfdən isə ABŞ son iki ildə dayanmadan kürdlərə silah və sursat verməkdə davam edir. Ötən gün ABŞ ordusu Suriyadakı kürd qüvvələrinə 150 yük maşınından ibarət silah və sursat, o cümlədən zirehli texnika göndərib. Bu barədə mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, iki gün əvvəl ABŞ hərbi qüvvələrinin müşayiəti altında İraq Kürd Muxtariyyəti ərazisindən 150 maşınlıq hərbi yardım Kobani və Fərat çayının şərq sahilinə gətirilib.

Təşkilatın məlumatında qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın hərbi qüvvələri Suriya ərazisindən çıxarılacağı ilə bağlı açıqlamasının yayılmasından ötən 20 gün ərzində kürdlərə artıq 3-cü hərbi yardım göndərilir. Belə ki, 2018-ci il dekabrın 20-də (Trampın hərbi qüvvələri Suriyadan çıxarmaq haqda açıqlaması ötən il dekabrın 19-da yayılmışdı - K.R.) 150 yük maşınından ibarət ABŞ hərbi yardımı Deyr əz-Zor vilayətinə, dekabrın 29-da isə 200 yük maşınından ibarət hərbi yardım isə Raqqa, Menbic və Ayn İsa məntəqəsinə gətirilib.

abş ordusu suriyadan ile ilgili görsel sonucu

Amerikalılar ümumilikdə 2014-cü ildən sonra Suriyada kürd qüvvələri ilə əməkdaşlıq edib və onlara silah-sursat yardımı ediblər. 2017-ci ilin aprelində isə ABŞ prezidenti Raqqa əməliyyatına dəstək adı ilə kürdlərə 300 milyon dollarlıq silah və sursat yardımı haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Pentaqon kürdlərə (indiki adı Suriya Demokratik Qüvvələri - K.R.) 120 mm-lik minaatanlar, ağır pulemyotlar və yüngül pulemyotlar, sursat və yüngül zirehli maşınlar, tanklar, zirehli maşınlar və hətta istiliyə uçan raketlər verilib. Doğrudur, sonradan amerikalılar kürdlərə istiliyə uçan raketlərin verilməyəcəyini bildirdilər. Ancaq açıqlanan silahlar və onların sayı özü də təhlükəli həddə idi.

Bundan başqa ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2019-cu maliyyə ili üçün büdcəsində sərhəd təhlükəsizliyi üçün həmin qruplara 250 milyon dollarlıq yardım nəzərdə tutulub. Görünən odur ki, indi Vaşinqton həmin yardımları ünvanına çatdırmağa başlayıb. Yeri gəlmişkən, mətbuatda gedən iddialara əsasən ABŞ generalları təklif edib ki, Suriyada ABŞ ordusunun istifadəsində olan silah və texnika ordu çıxarıldığı zaman kürdlərə verilsin. Analoji təcrübə 2011-ci ildə ABŞ ordusu İraqı tərk edərkən olub. Ordu silah və texnikanı İraq ordusuna verib çıxdı. Bu isə yeni qurulmaqda olan İraq ordusu üçün böyük dəstək oldu. Hansı ki, hələ də bu texnikadan istifadə edir.

Son xəbər qarışıqlığı göstərir ki, Vaşinqtonda hələ də Suriyadan qüvvələrin çıxarılması ilə bağlı Trampa müqavimət var. Ancaq ABŞ prezidenti çıxmaqda qərarlıdır. Digər tərəfdən, ABŞ administrasiyası kürdləri hər sahədə qorumaq və onların savaş bitdikdən sonra da güclü qüvvə kimi qalmasına dəstək vermək istəyir. Bütün fəaliyyət də buna xidmət edir.


loading...