Yuxarı
loading...
loading...

Problemli kreditlərin bir dam altında toplanması təcrübəsi

12.01.2019 14:16 Oxunma sayı: 1291


Türkiyə nümunəsindən biz də faydalana bilərik; Fikrət Yusifov: “Vətəndaşlarımız artıq bir neçə ildir ki, səbirsizliklə hökumət tərəfindən belə bir addımın atılmasını arzu edirlər”

Problemli kreditlər məsələsi təkcə Azərbaycanda deyil, Türkiyədə də yaşanmaqdadır. Son statistikaya görə, qardaş ölkədə  2,5 milyon nəfər krediti qaytara bilmir.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Türkiyədə 65 milyon 483 min 891 kredit kartı var. Şəxsi kredit kartlarına görə 102,4 milyard lirə borc var. 2018-ci ilin noyabr ayında kredit kartı borcunu ödəyə bilməyənlərin sayı 2 milyon 485 min nəfərə çatıb. Adambaşına düşən kredit kartı borcu 4 min lirədir. Türkiyə bu problemdən çıxış  yolunu borcların bir dam altında toplanmasında görür.   Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan kredit kartı borcunu ödəyə bilməyənlərə  Ziraat Bankı tərəfindən kredit ayrılacağını bildirib. Həmin şəxslərə 24 aylıq 1,10 faiz, 60 aylıq isə 1,20 faizlə kredit veriləcək. Bu borc vətəndaşın aylıq gəlirlərinə uyğun zamana bölünərək,  müəyyən qrafiklə ödənilməsi nəzərdə tutulur.

Azərbaycanda da problemli kreditlərin həcmi artmaqdadır, xüsusən də xarici valyutada olan kreditlər üzrə borc kritik həddə qalxıb. Bu problemin həlli üçün Azərbaycan Türkiyə modelindən istifadə edə bilərmi?

Ä°lgili resim

Mövzunu “Yeni Müsavat”a  şərh edən sabiq maliyyə naziri, iqtisadçı-alim Fikrət Yusifov da təsdiqlədi ki, bu gün əhalinin böyük bir hissəsinin banklarda vaxtı keçmiş kredit borcları var: “Bu borcların əhəmiyyətli hissəsini isə xarici valyutada götürülmiş kreditlər üzrə borclar təşkil edir. Manatla və xarici valyutada borcların son illərdə, xüsusilə də manatın iki kəskin devalvasiyasının baş verdiyi 2015-ci ildən sonra necə artdığına nəzər salsaq xarici valyutada götürülmüş kreditlərin ödənişi üzrə mənzərənin nə qədər fərqli və nə qədər acınacaqlı olduğu hər kəsə aydın olar.

Bu qrafikdə milli valyutada götürülmüş kreditlərin ötən ilin dekabr ayının əvvəlinə olan mənzərəsi verilib. Milli valyutada olan kreditlər üzrə gecikmələrin həcmi 2010-cu illə müqayisədə 2018-ci ilin 11 ayında 2,4 dəfə artsa da 2015-ci illə müqayisədə burada hətta azalma müşahidə edilib. Yəni 2015-ci illə müqayisədə manatla olan gecikmiş kreditlərin həcmi 2018-ci ilin 11 ayı ərzində 8 milyon manat azalıb. Ümumi ənənə manatla olan gecikən kreditlərin həcminin getdikcə azaldığını göstərir".

F.Yusifov manat kreditləri üzrə vəziyyət bütövlükdə yaxşı olsa da xarici valyutada olan kreditlər üzrə mənzərə tamamilə fərqli və olduqca acınacaqlıdır: “Ötən ilin son aylarında xarici valyutada olan kreditlər üzrə gecikmələrin həcmində bəzi azalmalar müşahidə edilsə də bütövlükdə xarici kreditlər üzrə problemə çevrilmiş ödənişlərin həcmi olduqca böyükdür. 

Manatla olan kreditlərdə problemli ödənişlərin həcmi 2015-ci illə müqayisədə 8 milyon manat azalsa da xarici valyutada olan kreditlər üzrə gecikmələrin həcmi 2015-ci illə müqaisədə 666 milyon manat və ya 4,3 dəfə artıb.  Bu mənzərə onu deməyə əsas verir ki, insanların manatla götürdükləri kreditləri ödəmək sahəsində elə də ciddi problemləri yoxdur. Lakin milli valyutanın 2015-ci ildəki iki kəskin devalvasiyası və bundan sonrakı dövrdə onun məzənnəsinin son olaraq 2,2 dəfə artaraq - 1 dollar üçün 0,78 qəpikdən 1,7 manata qədər ucuzlaşması,  insanları xarici valyutada götürdükləri kreditlərin geriyə ödənilməsində problemlərlə üz-üzə qoydu. Vətəndaşın yalnız manat gəlirləri ilə formalaşan və artmayan ailə büdcəsi onlara bu kreditləri qarşılamağa imkan vermədi".

İqtisadçı-alim hesab edir ki, bu müddət ərzində vətəndaşlara qarşı qeyri-qanuni  addımlar atan banklara da nəzarət gücləndirilməlidir: “2015-ci ildən etibarən bundan məharətlə istifadə edən, özünə hesabat verməyən, vətəndaşın və hətta dövlətin maraqlarını öz maraqlarına dəyişməyə hazır olan, vicdanın harada olduğunu yadından çıxaran əksər banklar insanları bu kreditlərin məngənəsində sıxmağa başladılar. Bu illər ərzində müxtəlif təzyiq üsullarından istifadə edərək vətəndaşlara zülm edən bu banklardan hesabat soruşulmalıdır. Onlar devalvasiyaya qədər manatla kredit istəyən vətəndaşı xarici valyutada illik 25 faizə qədər kredit götürməyə məcbur edəndə bilməliydilər ki, belə kredit təklifı cinayətə bərabər bir əməldir və bu qədər bahalı krediti devalvasiya olmadan belə geri qaytarmaq çətin olacaq. Bu gün banklar qanunsuz fəaliyyət göstərən bəzi reket təşkilatlar vasitəsilə müxtəlif yollarla vətəndaşlardan bu kreditləri geri almaqda davam edirlər. Və ən acınacaqlısı budur ki, bir çox banklar vətəndaşın ödədiyi məbləği kredit üzrə əsas borcun azalmasına deyil, faiz və cərimələrin ödənilməsinə aid edib, əsas borcu dəyişmirlər. Bununla da vətəndaşın ödədiyi pullar bank üçün daimi gəlir mənbəyinə çevrilir”.

Fikrət Yusifov Türkiyə modelinin Azərbaycanda tətbiqinin də uğurlu nəticələr verəcəyini diqqətə çatdırdı: “Vəziyyətdən çıxışın hansı yolları var? Bu yollar var və onlar bir o qədər də mürəkkəb deyil. Məsələn, bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verərək kredit kartları üzrə vətəndaşların müxtəlif banklara olan borclarının Ziraət bankı tərəfindən ödənilməsinə və bu borcların Ziraət bankında toplanmasına gediləcəyini bəyan etdi. Borclu vətəndaşlar bundan sonra bu borcları ailə büdcələrinin imkanlarına uyğun olaraq müəyyən ediləcək müddətdə xüsusi olaraq tərtib olunacaq qrafiklə hissə-hissə Ziraət bankına ödəyəcəklər.

Hesab edirəm ki, buna bənzər bir addımı biz də ata bilərik. Manatın kəskin ucuzlaşmasına qədər xarici valyutda kredit götürmüş və bu gün həmin borcun məngənəsində sıxılan vətəndaşlarımız artıq bir neçə ildir ki, səbirsizliklə hökumət tərəfindən belə bir addımın atılmasını arzu edirlər".


loading...