Yuxarı
loading...
loading...

Bitkoin kəskin dəyər itirməkdə davam edir...

12.01.2019 13:29 Oxunma sayı: 2391


Ekspert: “İnanmıram ki, yaxın dövrdə bitkoin tipli virtual valyutalara yaşıl işıq yandırılsın”

Bitkoin kəskin dəyər itirməkdə davam edir. Bu elektron valyutanın qiyməti  4 min dollardan aşağı düşüb. Bitkoinin qiyməti yanvarı 6 və 10-u aralığında 4 min dollar ətrafında dəyişirdi. Bu gün isə bitkoin 7,59% azalaraq 3 min 673 dollara enib. Qeyd edək ki, son 7 gündə bitkoinin ən yüksək qiyməti 4 min 10 dollar təşkil edib. Bu qiymətə nəzərən bitkoinin bugünki, ucuzlaşması 8,40% təşkil edib. Ümumən 100 əsas kriptovalyutadan 92-i ucuzlaşıb, 8-i bahalaşıb. Qiyməti ən çox artan koin “Verge” (10,95 faiz) olub. Qiyməti ən çox azalan koin isə “Revain” (-17,90 faiz) olub. Ucuzlaşan 92 koinin 52-i 10 faizdən çox ucuzlaşıb. Qiyməti artan koinlərə gəldikdə isə, onlardan 5-in artma faizi heç 1 faizi belə keçməyib.

Bəs bu ucuzlaşmanın səbəbi nədir? Bitkoinin  bu qədər dəyəri itirməsi onun gələcəyi ilə bağlı pozitiv proqnozları sual altında qoya bilərmi?

Mövzunu üçün şərh edən iqtisadçı ekspert Samir Əliyev bitkoinin yüksək qiyməti sadəcə köpükdür:“Bitkoin 10 ildən çoxdur ki, gündəmdədir. Bu müddətdə stabil olaraq dəyər artırırdı. Ancaq 2017-ci ildə kəskin bahalaşmağa başladı, 17 min dollara qədər yüksəldi  və daha çox diqqət çəkdi. Bundan sonra ekspertlər vurğulayırdılar ki, bitkoinin həmin qiyməti bir köpükdür və partlayacaq. Bu proqnoz özünü doğrultdu, 2018-ci ildə biz bitkoinin ucuzlaşmasını müşahidə etdik və indi qiyməti 3600 dollara qədər enib. Bitkoin və ”blokçeyn" texnologiyası tamamilə fərqlidir. Bitkoin özü “blokçeyn” texnologiyası əsasında ortaya çıxmış bir virtual valyuta idi. “Blokçeyn” artıq dünyanın bir çox ölkələrində tətbiq olunmağa başlayıb və faydası, üstünlüyü çoxdur. Bitkoin artıq dünyada olan qeyri-ənənəvi maliyyə sisteminə söykənmiş bir valyutadır. Bu gün belə bir valyutanın dünya bazarında, həmçinin ayrı-ayrı  valyuta bazarında hakim olması həm həmin ölkələrin, həm də dünyanın maliyyə sistemini dağıda bilər. Ona görə də, bununla bağlı ekspertlər şübhəli yanaşmalar səsləndirirdilər. Təsəvvür edin ki, valyuta birdən-birə 10 faiz bahalaşır, sonra da kəskin ucuzlaşır. Bu istənilən maliyyə sistemi üçün çox böyük təhlükə idi. O baxımdan bu ucuzlaşma gözlənilən idi".

Samir Əliyev ile ilgili görsel sonucu

İqtisadçının sözlərinə görə, bazarda bu cür köpüklərin yaranmasının səbəbi isə bəzi spekulyantlardır: “Onlar çoxlu gəlir əldə etmək üçün belə kampaniyalar aparırlar və köpük yaranır. Bu zaman öz aktivlərini baha qiymətə satır və geri çəkilirlər. Bu zaman köpük partlayır və qiymət ucuzlaşır. Bitkoinin bahalaşdığı ilk dövrlərdə xeyli insan gəlir götürdü, ancaq sonradan da xeyli insan ziyana düşdü. İndi bitkoinin oxşarları, həmin texnologiyaya əsaslanan valyutalar ortaya çıxıb. Ancaq yenə də bunlar dünyanın maliyyə sistemində özünə yer tapa bilməyib və tapmayacaq. Gələcəkdə bu valyutalar bir qədər təkmilləşə bilər, biz gördüyümüzdən fərqli bir texnologiyaya əsaslana bilər. Ancaq dünya mərkəzi bankları valyutaları öz nəzarətlərindən buraxmağa hazır deyillər. Azərbaycanın da tərkib hissəsi olduğu mövcud maliyyə sistemi, virtual valyutalar bitkoinlə işləmə hazır deyil”.

Bitkoinin kəskin dəyər qazandığı dövrlərdə bəzi ölkələr də öz koinlərini yaratmağa can atırdılar. Ancaq sonradan kriptovalyutaların dəyərdən düşməsi bu prosesi də ləngitdi.

Bu məsələyə münasibət bildirən S.Əliyev  vurğuladı ki, biz virtual valyuta ilə  kriptovalyutaları qarışdırmamalıyıq: “Ayrı-ayrı ölkələr tədricən virtual valyutaya keçir. Ancaq bu, bitkoin texnologiyası deyil. Əksinə, həmin ölkənin Mərkəzi Bankı tərəfindən idarə olunan valyuta formasıdır. Onun məzənnəsi yenə də mərkəzi banklar tərəfindən idarə ediləcək. Bu tipli valyutaya keçid dünyada baş verməkdədir. İsveçdə, demək olar ki, 100 faiz qeyd-nağd şəkildə hesablaşma aparılır. Avropa ölkələrində isə bu 90-95 faiz təşkil edir. Bitkoin isə tamamilə fərqlidir, blokçeyn  texnologiyasına əsaslanır və heç bir qayda tətbiq olunmayan aktivdir. Bu aktivin qiymətinin necə müəyyən olunması da sual doğurur. Ayrı-ayrı ölkələr kriptovalyuta yaratmaq istəsələr də, bəzi ölkələr buna qadağa qoydu. İnanmıram ki, yaxın dövrdə bitkoin tipli virtual valyutalara yaşıl işıq yandırılsın”.


loading...