Yuxarı
loading...
loading...

Ekspert: Məmurlar kanalizasiya xətlərinin yerini bilmirlər

11.01.2019 16:38 Oxunma sayı: 2158


Son iki ildə Bakıda və Sumqayıtda bir neçə dəfə yol çökmələri qeydə alınıb. Hətta ötən ilin son aylarında Bakıda torpaq sürüşməsi və çökmələr mütəmadi hal almışdı. Bir gün ərzində Bayılda iki ev, bir küçə divarı, Zığ prospektində yamac, Badamdarda isə dağ sürüşmüşdü. 

 2017-ci ildə Mirəli Seyidov küçəsində, 2018-ci ildə Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrində, Tbilisi, Qara Qarayev, Səməd Vurğun prospektlərində, Xırdalanda, Sumqayıtda, 2019-cu ildə isə yenə də Sumqayıtda yol çöküb.

Rəsmilər bir çox hallarda səbəb kimi qrunt sularının torpağı yumasını göstərirlər. Bəziləri isə kanalizasiya xəttinin çürüyərək torpağa axmasını da etiraf ediblər. Bəs son illərdə Bakı ilə Sumqayıtın sürüşməyə və çökməyə meyilli olmasının səbəbi nədir?

Bakı Baş Tikinti İdarəsinin keçmiş rəisi, ekspert Əzim Məsimov bildirib ki, vəzifə başında olan mütəxəssislər heç kanalizasiya xətlərinin hamısının yerini bilmirlər:

“Bu gün sistem dağılıb deyə yeraltı kommunikasiyaları bilən adamlar qalmayıb. Məsələn, deyirlər, Nobel prospektində 26 metr dərinlikdə kanalizasiya suyu axır. Bu dərinlikdə xətti kim çəkib, haradan çəkib? O prospektdə üç dəfə yol çöküb.

Bunun səbəbini öyrənmək lazımdır ki, bu su haradan gəlib, hara gedir. Kanalizasiya xətlərini çəkən şəxslər onun istismar müddətini bilməlidir ki, vaxtında dəyişsinlər. Amma bu gün bu işlərdən başı çıxmayan adamlar işləyirlər, onlar da qəza yerinin üstünü basdırıb asfalt çəkib çıxıb gedirlər. Buna görə də eyni hadisələr təkrar olunur. 

Bakının kanalizasiya xətti köhnəldiyi üçün o zaman yeni layihə hazırlandı və “Böyük kanalizasiya” adlandırıldı. Mənim rəhbərliyimlə həmin işlər görüldü, amma tikinti tam başa çatdırılmadı. Mən vəzifədən gedəndən sonra da nə olduğunu bilmədim. Məsələ budur ki, Bakının Binəqədi, Xırdalan, Xocəsən, Badamdar, Bayıl kimi böyük qəsəbələrinin kanalizasiya xətti yoxdur. Orada yığıntılar Xocasən gölünə, ya da Xəzər dənizinə axıdılır.

Bakının kanalizasiya xətti problemi qətidir və həll edilməsə, bir azdan görəcəklər ki, Bakının ora-burasından çaylar axır. Kanalizasiya suları torpağın altı ilə axır və hara çökəkdisə, gəlib ora yığılır. Bu problem isə ümumilikdə şəhərin seysmik göstəricisini aşağı salır.

Misal üçün, bir hündürmərtəbəli yaşayış binası doqquz ballıq zəlzələ gücünə hesablanıb tikilərsə, həmin sular gəlib binanın zirzəmisinə toplananda onun dayanıqlılıq gücü yeddi bala qədər düşür. Bu gün Bakı hürdürmərtəbəli binalar üçün təhlükəlidir.

Bakını, Sumqayıtı idarə edən kişilər bu məsələləri anlamalıdır və yığışıb müzakirə edib qərarlar verməlidirlər. Yoxsa bu məsələ Abşeron yarımadası üçün faciə ilə nəticələnə bilər. Nə olsun ki, yazılır. Guya yazılanları oxuyan var?” 

Ə.Məsimov qeyd edib ki, paytaxtın bəzi yerlərində kanalizasiya xəttinin iki əsr yaşı var:

“Bakının kanalizasiya sistemi tamamilə yenilənməyib. Amma bir neçə istiqamətdə kollektorlar tikilib, bu kollektorlar olmasaydı, vəziyyət lap biabırçı olardı. Abşeron rayonunda böyük əraziləri su basır, bunun səbəbi odur ki, orada yaşayanlara su verilir, amma kanalizasiya xətti çəkilmir.

Əhali də işlətdiyi suyu torpağa axıdır. Qanuna görə, su xətti ilə kanalizasiya xətti eyni vaxtda çəkilməlidir. Kanalizasiya xətlərinin çəkilməsi böyük kapital tələb edir, amma bundan qorxmaq yox, başlamaq lazımdır. 

Hazırda Bakının kanalizasiya sisteminin vəziyyəti hədsiz dərəcədə acınaqlı və təhlükəlidir. Bakının ilk kanalizasiya xətləri XIX əsrin sonlarında çəkilib, amma son illərdə nə qədər yüksək binalar tikilib. Lakin buna uyğun kanalizasiya xətti yaradılmayıb. Bakının çox hissəsində xətlər çürüyüb. Amma son 25 ildə Bakıda bu işləri həll edəcək adam olmadı.

Nə Abid Şərifov, nə də Hacıbala Abutalıbov bu problemi anlaya bildi. İndi də elə adam yoxdur. Bakı qəşəngdir, gözəldir, sevirik, amma harada qırıldı-qırıldı. 

Badamdardakı hadisə üçün Yaponiyadan mütəxəssis gətirib ona dedilər ki, bizim kanalizasiya xəttimiz yoxdur, suyu bura tökürük, ona görə də sürüşür. Gör nə günə qalmışıq ki, özümüz kanalizasiya suyunu torpağa axıdırıq, səbəbini də yapondan soruşuruq. Həm də baha qiymətə pul verib soruşuruq. Deyirlər, Badamdar yeraltı çaya görə sürüşüb. O çay dağa haradan çıxdı? Mənbəyini göstərə bilərsiniz? O çayın mənbəyi əhalinin axıtdığı kanalizasiya sularıdır.

Bakıda, ümumiyyətlə, yeraltı su olmayıb, Bakı səhra yeri olub. Bircə Buzovnada qrunt suyu var idi, o vaxt quyu qazıb dənizə axıtmaq üçün sistem yaratdıq. Qrunt suyu dedikləri, əslində, kanalizasiya sularıdır”. 

Qeyd edək ki, Badamdar dağındakı sürüşmə ilə bağlı hər hansı bərkitmə işlərinə başlanılmayıb, aktivlik isə son günlər müşahidə edilmir.


loading...