Yuxarı
loading...
loading...

İrana casusluq edən israilli uşaq həkimi kimdir?

11.01.2019 09:54 Oxunma sayı: 1266


11 il azadlıqdan məhrum edilən sabiq nazir Seqev ixtisasca pediatrdır, qarşıdakı dövrdə İran-İsrail casus müharibələri daha da alovlanacaq

İsrailin keçmiş naziri Qonen Segev İrana casusluq ittihamı ilə 11 il azadlıqdan məhrum edilib. Sabiq nazir məhkəmədə günahını etiraf edib. Bu hadisə İsrail tarixində ən böyük casusluq qalmaqallarından biridir. Çünki söhbət həm də İsrailin yüksək rütbəli məmurunun bu ölkənin “əzəli düşməni” İrana casusluğundan gedir. Məsələ ondadır ki, iki ölkə arasında gərgin vəziyyət var, hətta tərəflər bir-birini müharibə ilə hədələyir. Bu hadisə isə İsrailin imicinə ciddi zərbədir.

Xatırladaq ki, İsrailin daxili kəşfiyyat orqanı Şin Bet keçmiş enerji və infrastruktur naziri Qonen Seqevi 2018-ci ilin mayında həbs edib. İsrail mətbuatının iddiasına görə, rəsmi qurumlar Seqevi “İsrail dövlətinə qarşı casusluq və müharibə zamanı düşmənə yardım etməkdə”  ittiham edib.

Rəsmi məlumatda o da qeyd olunur ki, Seqevə qarşı rəsmi ittihamı Qüds əyaləti prokurorluğu irəli sürüb. Keçmiş nazir Afrikada həbs olunub. Belə ki, Nigeriyadan Ekvatorial Qvineyaya uçmaq istərkən yerli hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb və İsrail xüsusi xidmət əməkdaşlarına təhvil verilib.

1956-cı ildə İsraildə anadan olan Seqev Ben Qurion adına Universitetdə tibb təhsili alıb, pediatrdı. Q.Segev 1992-1996-cı illərdə Knessetin deputatı olub. 1995-ci ilin yanvarından 1996-cı ilin iyununa qədər isə o, ölkənin energetika və milli infrastruktur naziri vəzifəsində çalışıb.

Ancaq israilli sabiq nazirin və siyasət adamının “dosyesi o qədər də təmiz” deyil. Çünki bu həbsindən öncə 2005-ci ildə Seqev Hollandiyadan İsrailə 30 min narkotik həbi (ekstazi) gətirməkdə ittiham olunaraq 5 il həbs cəzası alıb. 2007-ci ilə qədər həbsdə olub və daha sonra azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra İsraildən kənarda, fərqli ölkələrdə yaşayan keçmiş nazirin məhz bu illərdə İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi iddia olunur.

Ä°lgili resim

Mətbuatda gedən fərqli məlumatlara görə, Seqev 1995-96-cı illərdə və 2012-ci ildən sonra İran kəşfiyyatı ilə əməkdaşlıq edib. Seqevin İsrailin enerji təhlükəsizliyi və bazarı bəzi həssas məlumatları İran kəşfiyyatına ötürdüyü iddia olunur. Şin Betin yaydığı rəsmi açıqlamada Seqevin dünyanın fərqli ölkələrində İran kəşfiyyat agentləri ilə görüşdüyü, o cümlədən iki dəfə İrana səfər etdiyi iddia olunur.

2007-ci ildən Afrikanın bir sıra ölkələrində yaşayan eks-nazirin Nigeriyada yaşadığı illərdə İran kəşfiyyatı ilə əməkdaşlığa başladığı güman edilir. Sabiq nazirin məhz Afrika ölkəsində casusluğa cəlb olunmasının da öz tarixçəsi var.

Məsələ ondadır ki, İran və İsrail arasında casus müharibələri illərdir davam edir. İsrail güclü kəşfiyyat orqanları planetin bütün nöqtələrində İrana təsir etmək üçün yollar axtarır, eyni zamanda yəhudi dövləti və İsrailə bağlı olan yəhudi quruluşlarını qorumağa çalışır. Təsadüfi deyil ki, son 10 ildə İranda çoxlu sayda fizik və nüvə alimləri məhz İsrail kəşfiyyatının sui-qəsdləri nəticəsində öldürülüb. Hətta İranın nüvə mərkəzlərinə kiber hücumlar həyata keçirib.

Segev ile ilgili görsel sonucu

Belə görünür ki, bu dövrdə İran da boş oturmayıb. İran kəşfiyyatı dünyanın ən zəngin, ən güclü kəşfiyyat orqanına sahib olan ölkədə sabiq dövlət rəsmilərini ələ ala bilib. Seqevin İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi regionun özü maraq doğurur. Məsələ ondadır ki, Afrika uzun illərdir ki, İsrail və İran, daha doğrusu Livan Hizbullahının mübarizə meydanıdır. Afrikadakı zəngin mədən yataqları İsraili hər zaman cəlb edib. Mərkəzi və Cənubi Afrikanın zəngin mədən ölkələrində İsrail şirkətləri (onların bir çoxu Mossada bağlıdır - K.R.) fəaliyyət göstərir. Eyni zamanda bu ölkələrdə yəhudilərin əsas rəqibləri qədim Finikiyanın varisləri - livanlılardır. Afrikadakı livanlılar arasında həm də güclü Hizbullah kəşfiyyat şəbəkəsi var. İran kəşfiyyatı məhz livanlı hizbullahçılar vasitəsilə fəaliyyət göstərir. Seqevin Nigeriyada ələ alınmasında da məhz bu amil rol oynayıb.

Ancaq istənilən halda bu hadisə İsrailin dövlət və xüsusən də kəşfiyyat güclərinin imici üçün ciddi zərbədir. Yeri gəlmişkən, bir neçə ay əvvəl Təl-Əvivin mərkəzindən İran dini liderinin mesajını paylaşan foto yayılmışdı. Görünür, bu hadisələr İsrail dövlətini hərəkətə gətirib, içəridəki “sızmalara” qarşı fəaliyyətə başlayıb. Bu həm də qarşıdakı dövrdə İran-İsrail casus müharibələrinin daha da alovlanacağını göstərir.

İsraildə siyasi xadimin və keçmiş nazirin İran kəşfiyyatının əlinə keçməsi göstərir ki, iki ölkə arasında üzdə görünməyən gizli casus müharibəsi var. Onsuz da daha əvvəl İraq, Suriya, Livan kimi ölkələrdə İran və İsrail arasında kəşfiyyat müharibələri mövcud olub. Son hadisə isə İran kəşfiyyatının güclü İsrail qarşısında o qədər də zəif olmadığını, İsrailə təhlükə yarada biləcəyini göstərir. Həmçinin tərəflərin qarşılıqlı olaraq “casus ovunu” davam etdirəcəklərini göstərir. Çünki Yaxın Şərqin bir çox münaqişə ocağı indi İran-İsrail kəşfiyyatının gizli savaş meydanıdır.


loading...