Yuxarı
loading...
loading...

Bu gecə, Priştina - "ya tamam, ya davam.."

20.11.2018 12:47 Oxunma sayı: 1494


Millətlər Liqasının son turunda Azərbaycan millisi növbəti mərhələyə vəsiqə əldə etməl üçün qələbə qazanmalıdır...

Bu gecə Azərbaycan milli komandası  Millətlər Liqasının son turunda rəqib meydanında Kosovo ilə qarşılaşacaq. Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Millot olacaq. Ona Mehdi Rahmouni və Bertran Juanno kömək edəcək.

Sentyabrın 7-də Kosovo ilə qolsuz bərabərliklə bitən Bakıdakı qarşılaşmadan sonra “Real olaraq 2 xal itirdik. Həm də vacib xal. Əgər bu liqada hansısa iddiamız varsa, 2 xal bizə çox ciddi itkidir, zamanı gələndə bunu etiraf edəcəyik” deyə yazmışdım. Həmin gün, bax bu gündür. Milli komandamızın Malta ilə oyunda itirdiyi xalları qoyuram bir kənara, Kosovonu buradan xalsız göndərə bilsəydik, bu gecə ya “tamam, ya davam” seçimi qarşısında qalmaya bilərdik. Nə isə, belə turnirlərin sonunda  bu sayaq “belə olsaydı və ya belə olmasaydı” söhbətləri təbii qarşılanmalıdır.

Millətlər Liqasının 5-ci turunda keçirilən İsveçrə - Belçika oyununa baxdım. İsveçrə 0:2 uduzduğu oyunu 5: 2 qalibiyyətlə başa vurdu. Millətlər Liqası haqda bir müşahidəmi deyim ki, indiyədək baxdığım bir neçə mərkəzi oyunlarda belə sanki nəsə çatmır. Qol var, emosiya var, dartışma var, qırmızı kart var, penalti var, amma yenə nəsə çatmır, futboldan sonadək həzz almaq olmur. Videoxülasəyə  baxırsan, elə oyunlar var ki, futbolçular və məşqçilərin sayı qədər azarkeş olur.  Bunu turnirin yeni olması ilə izah etmək olar, çünki elə Azərbaycanda  futbolla maraqlananlar belə bu Millətlər Liqasının sistemini anlamaqda çətinlik çəkirlər. Çoxları isə heç baxmır da, əhəmiyyətsiz bir turnir hesab edir. Üstəlik, dünyanın tanınmış futbol mütəxəssislərinin bəziləri də turnirin əleyhinə çox danışdı, mənasız hesab etdiklərini dedilər. Belarus, Gürcüstan və Ukrayna öz qruplarında məsələni həll ediblər-növbəti mərhələyə adlarını yazıblar. Ermənistan 9 xal yığıb və onlar da Makedoniya (12 xal) ilə son oyuna ümidləniblər. Qazaxıstan şanslarını itirib. Qalır gözəlim Azərbaycan millisinin bu gün Kosovo ilə qarşılaşmada  olmazsa-olmazı...

Kosovonun Malta səfərində 5 qolla qalib gəlməsi, düzü, gözlənilməz oldu. Bizimlə iki oyunda “şir” olan Malta Kosovo ilə qarşılaşmada quzuya dönmüşdü.

Geniş videoxülasəyə baxdım, bir az da utandım. Bu komandaya necə Bakıda qalib gələ bilmədik? Maltanın bu cür ölüvaylığı Kosovonun şansına işlədi. Həm  mühüm 3 xalı qazandılar, həm stadionda istirahət etdilər. Bu komanda Bakıdakı oyunda heç-heçəyə layiq idi, amma bunlara qalib gəlmək mümkünsüz iş deyil. Onlar da bizim kimi bu qrupda uduzmayıblar. İstənilən hesablı heç-heçə Kosovonu təmin edir, bu gecə də meydana o istəklə çıxacaqlar. Azərbaycan isə iki xal fərqini qapatmaq üçün qalib gəlməlidir.

Milli komandamızın  Kosovo ilə ilk qarşılaşmadan sonra oyununda irəliləyiş var. Qollarının sayını artırıb, xətlər arasında əlaqə möhkəmlənib,  legionerlər formadadır.  Farer adaları ilə üç gün əvvəlki oyunda da millimiz pis təsir bağışlamadı. Yəni optimiz üçün əsaslarımız var.  Komandanın baş məşqçisi Qurban Qurbanov deyib ki, futbolçular Kosovo ilə matçın vacibliyini dərk edirlər. “Son oyunumuz olacaq. Hər biri çəkinmədən ən yaxşı oyununu keçirəcək” deyə, baş məşqçi bildirib. Komanda üzvlərinin də açıqlamalarında bu istək hiss olunmaqdadır. Komandanın oyundan iki gün əvvəl Priştinaya getməsi doğru qərardır və bu oyuna AFFA rəhbərliyinin ciddi önəm verdiyinin göstəricisidir.

Komandada itki olduğunu bilirik. Kamran Ağayev bu axşamkı qarşılaşmada meydana çıxmayacaq. Kamranı   Səlahət Ağayev əvəz edəcək. Bu qapıçı məsələsi futbolda gördüyünüz kimi, ikinci planı keçməkdədir. Heç bir klub qapısı üçün səxavətli pul xərcləmir, əvəzində hücumçuya, yarımmüdafiəçiyə astronomik para xərcləyirlər. Deməyim odur ki, indi yaxşı komandanın qapıçısından daha çox, müdafiəsi etibarlı olmalıdır. Kamranın olmaması itkidir, amma əvəzedilməz kimsə yox. Bu da Səlahət Ağayev üçün bir tarixi şansdır, “ya tamam, ya davam” qarşılaşmasında yer almaq, qələbəyə qatqı qatmaq şansı...                                          

Azərbaycan milli komandası Kosovoya qalib gələ bilməsə, burada “top-tüfənglə” qarşılanmayacaq, bir neçə sayt yazacaq, sonra hər şey unudulacaq. Amma Azərbaycan Kosovanı 5 turdur oturduğu liderlikdən və növbəti mərhələdən etsə, bu,  azarkeşlər üçün bayram əhval-ruhiyyəsi yaradacaq. Hətta komandanı gedib aeroportda gül-çiçəklə qarşılarıq. Yetər ki, qələbə  olsun...

 

 


loading...