Yuxarı
loading...
loading...

Milli Dirçəliş Günü ilə bağlı ziddiyyətli fikirlər

20.11.2018 10:39 Oxunma sayı: 1491


Zamin Hacı: “30 ildir biz Qarabağa həsrətiksə, bu nəyin, kimin dirçəlişidir?”; Ənvər Əliyev: “Milli dirçəliş başqa şeydir, torpağı vermək isə tamamilə fərqli mövzudur”

17 noyabr tarixi Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd edilir. Bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı.

Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Lakin Dirçəliş Günü ilə bağlı tənqidi fikirlər də var. Köşə yazarı Zamin Hacı “Yeni Müsavat” qəzetində çap edilən müəllif yazısında bu günlə bağlı fikirlərini yazıb.

Zamin Hacı ile ilgili görsel sonucu

Zamin Hacının köşəsindən bəzi məqamları qeyd edirik:

“Tam səmimi yazıram: mən bu ”Dirçəliş günü" söhbətini heç anlamıram. Dirçəlib nə əldə etmişik? Millət olaraq qazancımız nədir? Əgər fikirdə, mədəniyyətdə, sosial həyatda dirçəlişdən söhbət gedirsə, bunların izi-tozu yoxdur. Araba, ən yaxşı halda qabaqkı yerində durubdur, əsasən pis hallarda isə təkərinin biri çalaya batmış, oxu əyilmiş, atını canavarlar parçalamış vəziyyətdə bataqlığa gedən yolun qırağında çürüməkdədir. Fikir və mədəniyyəti niyə xüsusi vurğulayıram, ətrafınıza baxsanız aydın görərsiniz.... Qarabağ isə yoxdur. 30 ildir biz Qarabağa həsrətiksə, bu nəyin, kimin dirçəlişidir? Nəyi bayram edirik? Bunu bayram eləmək təxminən ona bənzəyir ki, meşə yanğınlarının başlandığı günü “Kaliforniyanın qurtuluşu günü” elan edib qutlayasan. Mən biləni, amerikalılar hətta Trampdan sonra da bu cür səfehləməyiblər".

Ənvər Əliyev ile ilgili görsel sonucu

 “Yeni Müsavat”a  danışan Meydan mitinqlərinin təşkilatçısı Ənvər Əliyev bildirib ki, milli dirçəliş fərqli məsələdir və bunu digər məsələlərlə qarışdırmaq olmaz:

“O zaman meydanda 1 milyon adam var idi. Hərəkətə keçsəydik, Qarabağı alıb, erməniləri də torpaqlarımızdan qova bilərdik. Milli dirçəliş başqa şeydir, torpağı vermək isə tamamilə fərqli mövzudur. Bunları qarışdırmaq olmaz.  17 noyabr 1988-ci il Azərbaycanda milli təfəkkürün oyanış günüdür. Biz istər-istəməz  suverenliyə, müstəqilliyə doğru gedirdik. Bu hadisələr isə bizim getdiyimiz yolda bir yardımçı idi. Çünki imperiya dağılırdı və ayrı-ayrı subyektlər də müstəqillik əldə edirdilər. Çox maraqlıdır ki, ruslar da müstəqillik gününü elan ediblər. Onlar necə, nə cür müstəqil olublar bu, aydın deyil. İkincisi də müstəqillik millətin həyatında çox böyük bir gündür. Elə bir gündür ki, bunu başqa heç nə ilə əvəz etmək olmaz. Müstəqillik millətin özünüdərkinin təsdiqidir. Millət özünü təsdiq edəndə, müstəqil olanda daha da yüksəlir. Müstəqillik hissi millətin özünün özü üzərində qələbəsidir. Biz müstəqil ola bilmişik və yəqin ki, digər problemləri də yavaş-yavaş həll edəcəyik. Müstəqilliyə gedən yol da məhz dirçəliş günündən keçir. Bu, müstəqilliyə gedən yolda bir start xəttidir. Elə millətlər var ki, onlar lazım olan inkişaf xəttinə daha tez gedib çatırlar. Çünki o millətlərin xain qonşuları, vətənlərini çapıb talayan ziyalıları, məmurları yoxdur. O adamlar vətənlərinə gəlir mənbəyi kimi baxmayıb, milyonları talamırlar. Bizim üçün ən gözəl nümunə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdir. Cümhuriyyət qurucularımız maaşlarını xalqa, müəllimlərə xərcləyirdilər. Dövlətin müstəqilliyi yolunda öz əmlaklarını satırdılar. İndi isə məmurlarımız vətəni talayırlar. Buna görə də lazımi inkişafa gedən yol bir qədər uzun olacaq”.

Ə. Əliyev barəsində deyilən bəzi ittihamlara da cavab verib:

“Bəzi şəxslər deyirlər ki, guya mən orada cəmi bir gün olmuşam. Əslində isə mən orada 3 gün olmuşam. 19 noyabrda da çıxış edərək bildirmişəm ki, mənim bundan sonrakı işlərimi Sabir Rüstəmxanlı davam etdirəcək. Çünki çox çətin proseslərdən keçib, o qədər insanları meydana gətirib çıxarmışdım. Həmin zaman yaralandığım üçün işlərimi axıra çatdıra bilmədim. İşlərimi həvalə edib getdim, iki-üç gün sonra geri qayıtdığımda isə milis məni meydana buraxmadı. Bəxtiyar Vahabzadə kimi adamlar məni buraxdıra bilmədilər. Yəni tarixi məsələlər barəsində danışanda, doğru-dürüst danışmaq lazımdır”.


loading...