Yuxarı
loading...
loading...

İlham Əliyev Belarusda VİDEO - FOTO

19.11.2018 13:42 Oxunma sayı: 1492


Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

 

13:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus əsgərlərini salamlayıb.

Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər birgə foto çəkdiriblər.

Sonra Prezident İlham Əliyev Belarus Respublikası müstəqilliyini bərpa etdikdən sonra Prezident Aleksandr Lukaşenkonun rəhbərliyi dövründə paytaxt Minskdə, həmçinin digər şəhərlərdə əsaslı şəkildə bərpa olunan tarixi memarlıq abidələrinin, o cümlədən kilsə, qəsr və digər abidələrin fotolarına baxıb.

10:21

Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 19-da Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısına Ticarət Evində yaradılan şərait barədə məlumat verilib.

Minskdə Azərbaycan Ticarət Evi 2017-ci ilin mayında açılıb. 

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin noyabrında ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlərlə yanaşı, qısa müddət ərzində hər iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, Belarusda Azərbaycan Ticarət Evinin yaradılması, bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycandan idxal olunması barədə tapşırıqlar verilib.

Həmin tapşırıqların icrası olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Belarus Respublikasının paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evi yaradılıb. Ticarət Evinin idarə edilməsi məqsədilə “Azərbaycan Ticarət Evi” MMC yaradılaraq Belarus Respublikasında dövlət qeydiyyatına alınıb.

Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir, Belarusda satışını təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir.

Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycanın 30 şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur. Burada, həmçinin ASAN və ABAD stendləri də ziyarətçilərə təqdim edilir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən informasiya texnologiyaları şirkətinin nümayəndəliyinin stendi də sərgidə nümayiş olunur.

Bu Ticarət Evinin açılması iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verir, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynayır, Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.

Yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı Azərbaycan Ticarət Evinin fəaliyyətinə uğurlar arzulayıb.

10:16

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Oxu.Az xəbər verir ki, meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gedib.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyevi Belarusun baş nazirinin müavini Mixail Rusiy və digər rəsmi şəxslər qarşılayıblar.

 

 


loading...