Yuxarı
loading...
loading...

Maksim Medvedev: "Kosovo ilə istədiyimiz səviyyədə oynaya bilərik"

18.11.2018 13:14 Oxunma sayı: 2396


Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra brifinq keçirib.

 

Görüş haqda fikirləriniz necədir?

- Bizim üçün çox ağır oyun oldu. Bu görüşü çoxdandır gözləyirdik. Çünki həlledici qarşılaşmalardan biri idi. Qrupdan birinci yerin sahibi kimi çıxmaq istəyiriksə, son 2 oyunda 6 xal qazanmağımız lazımdır. Bugünkü matça çox ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etdik və baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Bizim bir çox hücumlarımız alındı və lazımi qollarımızı vura bildik.

Rəqib ikinci hissədə 4 müdafiəçidən ibarət sistemə keçdikdən sonra əməlli-başlı futbol oynadı. Bu zaman çətin anlar yaşamağınızın səbəbi nə idi?

- Dörd müdafiəçili sistemə keçdikdən sonra 5-ci müdafiəçi hücuma atılırdı. Bu da bizə təzyiq yaradırdı. 2:0 hesabı ilə öndə olduğumuz üçün risk etmək istəmirdik. Sadəcə, sərbəst oynamağa çalışırdıq. Özümüzdən fantastik macəra yaratmaq istəmirdik. İstəyirdik ki, daha rahat, daha dəqiq ötürmələr edək və hücumlarımızı quraq.

İki oyunda uda bilmədiyiniz Maltaya Kosovo iki matçda 8 qol vurdu. Son qarşılaşmadan nə gözləyirsiniz?

- Kosovolu futbolçuların ustalıqları yüksək səviyyədədir. Amma Kosovo ilə istədiyimiz səviyyədə oynaya bilərik. Əsas odur ki, konsentrasiya və psixologiyamız yerində olsun, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilək.

Kamran Ağayevin ikinci hissədə əvəzlənməsindən sonra kapitan sarğısını daşıdınız. Onun və Pavlo Paşayevin zədələri nə yerdədir?

- Bunu özlərindən və ya yığmanın həkimindən soruşsanız, yaxşı olar. Mən dəqiq məlumata malik deyiləm.


loading...