Yuxarı
loading...
loading...

Millinin beşinci sınağı -"beş qiymət" almaq zamanı...

17.11.2018 14:11 Oxunma sayı: 1281


Ümid edək ki, Qurban Qurbanovun baş məşqçiliyi altında keçirdiyi rəsmi görüşlərdə uduzmayan millimiz son iki oyunda azarkeşləri qələbə ilə sevindirəcək...

Bu gün - noyabrın 17-də Azərbaycan milli komandası Millətlər Liqasında beşinci oyununa çıxacaq. Rəqib ötən ay öz meydanlarında 0:3 hesabı ilə qalib gəldiyimiz Farer adalarıdır. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:00-da başlanacaq. Matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dimitreos Masiasa Marios olacaq. Yan xətdə ona Marios Kalogiru və İoannis Lazaru kömək edəcək. Omiros Tsiortsis isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Ondan başlayaq ki, hər ötən gün Millətlər Liqası ilə bağlı tənqidi fikirlər səsləndirənlərin sayı artır. Son olaraq  Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts “Millətlər Liqası  dərhal ləğv olunmalıdır” açıqlaması ilə çıxış edib. “Bu turnirin oyunlarına hazırlıq zamanı baş məşqçilər müəyyən sınaqlar edir. Bunun üçün vaxt sərf olunur. Almaniya yığmasının baş məşqçisi Yoahim Löv da hazırda bunun üçün çalışır”. Baş məşqçidən söz düşmüşkən, A Liqasının 3-cü qrupda Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina səfərdə Avstriya ilə qarşılaşıb və qolsuz bərabərə qalıb. Bu nəticə ilə komanda qrup liderliyini təmin edib. Robert Prosineçkinin bu uğurda şübhəsiz ki, payı var. Amma bu fakt bir daha göstərir ki, əsas məşqçi deyil, onun uğurun tam yarısı olan “materialdır” - yəni futbolçular...

***

Millətlər Liqasında beşinci tur ərəfəsi bizim yer aldığımız  qrupda Kosovo 8 xalla liderdir. İkinci pillədə qərarlaşan Azərbaycanın 6 xalı var. Bugünkü rəqibimiz Farer adaları 4 xala sahibdir. Malta isə cəmi 2 xalla qrup sonuncusudur.

Həm Kosovo, həm Azərbaycan 4-cü turda qalib gələ bilməyiblər. Kosovo səfərdə Farer adaları, millimiz isə evdə Malta ilə sülh bağlayıblar. Hər iki komanda ilk qolu qapılarında buraxandan sonra heç-heçəyə nail ola biliblər. Kosovo və Malta ilə burdakı ilk oyunlarda 4 xal itkimiz olmasaydı, indi qrup lideri ola, daha çox ümidli olacaqdıq. Olmadi... İndi biz təkcə özümüzü yox, həm də kosovolalırı diqqətlə izləməli, onların bu gün Malta ilə səfər matçında xal itirməsini, hətta uduzmasını arzulamalıyıq. Əgər Malta bizə göydəndüşmə yaxşılıq edib Kosovonu bu gün xalsız evə göndərsə, onlara halal olsun Bakıda yedikləri çörək. Deyəsən, Bakıdan bir xal aparanda onların oyunçularından biri hətta söz vermişdi ki, Kosova ilə oyunda Azərbaycanın şanslarına oynayacaqlar. Komandanın 25 yaşlı yarımmüdafiəçi Hekuran Kryueziu öz oyunları ilə yanaşı, Azərbaycan millisinin Farer adaları ilə matçını da diqqətdə saxlayacaqlarını söyləyib: “Asan oyun yoxdur, ancaq biz Maltaya 3 xal üçün gedirik. Azərbaycanın da nə edəcəyinə baxacağıq. Lakin bu, bizi narahat etməməlidir. Çünki hədəfimiz qələbədir. Qrupun favoritiyik və daha da irəli getməliyik”.

Kosovonun uduzacağı, bizim Farer adalarına qalib gələcəyimiz halda 9 xalla qrup lideri olub, üç gün sonrakı Kosovo qarşılaşmasına “son döyüş” kimi baxmaya da bilərik. Heç-heçə bizi təmin edər... Amma bunlar hələ ki bizim şirin arzularımızdır, gerçəkliklə heç bir əlaqəsi yox.

Qeyd edək ki, Farer adaları da nəzəri olaraq hətta qrupdan çıxmaq şanslarını saxlayır və bu, çox pisdir. “Bakıya qələbə üçün gəlmişik. Başqa yolumuzun olmadığını bilirik”. Qol.az-ın xəbərinə görə, bu sözləri Farer adaları yığmasının hücumçusu Yakub Tomsen  deyib. 21 yaşlı futbolçu qol vurmaq istədiyini bildirib:  “Bakıda qol vuraraq, komandama kömək etmək istəyirəm. Əgər baş məşqçi şans versə, bundan maksimum yararlanmağa çalışacam”.

Farer adaları ilə rəqib meydanda millimiz yaxşı təsir bağışladı, haqq etdiyi ilk qələbəni qazandı. Amma Farer adaları ambisiyalı komandadır. Bizə məğlub olsalar da, bu gün bizə asan təslim olmayacaqlar. Hər şey bizim oyunçuların motivasiyasından və hazırlığından asılı olacaq. Bu iki son oyunda büdrəmə Millətlər Liqası ümidimizə bir gül qoyacaq. Dünyanın sonu deyil, amma şansımız varsa, bunu lazımınca dəyərləndirməmiz lazım.

Milli komandanın heyətində bəzi dəyişikliklər var.  “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov ilk dəfə milli komandaya çağırılıb. Ona bu gün start heyətdə yer verilməsi gözlənilmir, amma bu gənc oyunçuya ümid var. Özü  Farer adaları və Kosovo ilə oyunları haqda da qısaca olaraq bunları deyib: “Əvvəlcədən fərqlənib-fərqlənməyəcəyimi deyə bilmərəm. İnanıram ki, komanda qələbə qazanar. Bir oyunçunun qol vurmağı vacib deyil”.

Milliyə dəvət edilən 5 nəfər karyerasını ölkə xaricində davam etdirir ki, bunlar Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Riçard Almeyda(“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya) , Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya) və Rüfət Dadaşovdur (“Proysen”, Almaniya). Almeyda Farer adaları ilə oyunda fərqlənsə də, son iki qarşılaşmada millidə ən yaxşı legioner kimi mən Rüfət Dadaşovu fərqləndirərdim. Almaniyanın üçüncü liqasındakı “Proysen”də qolları sıralayan Rüfət yaxşı formadıdır. Bir qalır millidə də qol vurmağı, buna son oyunlarda çox çalışır, bir az da bəxti gətirmir deyə bilərik.

Ümid edək ki, Qurban Qurbanovun baş məşqçiliyi altında keçirdiyi rəsmi görüşlərdə uduzmayan millimiz bu seriyanı davam etdirəcək və son iki oyunda azarkeşləri qələbə ilə sevindirəcək. Buna hamımızın çox ehtiyacı var... 

 

 


loading...