Yuxarı
loading...
loading...

Azərbaycan üçün “Rus NATO-su”nun önəmi dəyişir – maraqlı gəlişmə

16.11.2018 11:27 Oxunma sayı: 1494


Politoloq: “Blokla münasibətlərimizdə yeni dövr başlaya bilər”

“Regionumuzda baş verən vəziyyəti müşahidə edirik, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu yaxınlarda Qazaxıstanda keçirilmiş sammitini çox diqqətlə izlədik. Biz buna laqeyd deyilik. Fikrimcə, bunu başa düşmək olar. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşdə deyib. Dövlət başçısı bildirib ki, bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir: “Biz beynəlxalq siyasətin digər məsələlərini də müzakirə edirik. Bu da Ermənistanda hər hansı təşviş doğurmamalıdır. Ermənistanın Xarici İşlər Nazirliyinin bu yaxınlardakı bəyanatını beynəlxalq təcrübədə tamamilə yolverilməz hesab edirik. Xarici İşlər Nazirliyi digər ölkənin, xüsusilə də müttəfiq sayılan ölkənin prezidentinin hərəkət və sözlərini şərh edə və yanlış adlandıra bilməz. Yanlışlıq belə əməlləri özünə rəva bilən Ermənistanın Xarici İşlər Nazirliyinin davranışıdır. Görünür bu, onların dünyanı və dünya xəritəsində öz yerlərini qeyri-adekvat dərk etmələrinin nəticəsidir. Eyni zamanda, bildiyiniz kimi, Ermənistan tərəfi bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının problemləri mövcuddur. Yəqin ki, burada onlar haqlıdırlar. Bu problem, ilk növbədə elə Ermənistanın özüdür və Ermənistanın yaratdığı problemlərdir. Biz, əlbəttə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin Ermənistan nümayəndəsinin təyinatını narahatlıqla qəbul etdik. Əvvəla, ona görə ki, bu dövlət Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. İkincisi də əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş namizədin özünün şəxsiyyətinə görə. Burada da, deyildiyi kimi, bizdə personajın özünün hansı keyfiyyətlərə malik olması şübhə doğurmur”.

İlham Əliyev bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibinin rəhbərlik etdiyi və Ermənistan ordusu üçün ağır məğlubiyyətlə nəticələnən Azərbaycan və Ermənistan ordularının döyüş qarşıdurmaları zamanı rüsvayçı davranışını xatırlamaq kifayətdir: “Yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi mühüm beynəlxalq quruma bu şəxsin təyinatı müəyyən dərəcədə təşkilata hörmətsizlik idi. Bu adamın cinayətə görə təqib edilərək sürgün edilməsi isə beynəlxalq təcrübədə nadir hadisədir - beynəlxalq məmur bu minvalla məsuliyyətə cəlb olunur və üzv ölkələrə heç bir xəbər verilmir. Buna görə də bir daha demək istəyirəm ki, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər hansı bir problemi varsa, o da Ermənistandır və onun yaratdığı problemlərdir”.

Ölkə başçısının KTMT ilə bağlı fikirləri, xüsusən də bu qurumu mühüm beynəlxalq qurum adlandırması siyasi təhlilçilərin diqqətindən yayınmayıb. Bu fikirlər Azərbaycanın quruma münasibətində irəliyə doğru dəyişikliklərin, ona laqeyd olmamağın əlamətləri kimi qəbul edilir.

Bu barədə danışan politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Bu barədə danışan politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, son zamanlar müşahidə olunan proseslər Azərbaycanın KTMT ilə münasibətlərində yeni dövrün başlaya biləcəyi rəyini yaradır: “KTMT dövlət başçılarının Astana toplantısından əvvəl Rusiya mətbuatında, xüsusən ”Kommersant" qəzetində toplantıya Azərbaycan prezidenti İlham Əliyevin dəvət ediləcəyinin gözlənildiyi barədə yazılmışdı. Bu informasiya yayıldıqdan sonra Ermənistan rəsmi mövqe ilə çıxış edərək bəyan etdi ki, KTMT qapalı təşkilatdır, bu təşkilatın işində onun üzvü olmayan hər hansı ölkənin prezidentinin və ya baş nazirinin iştirak etməsi qeyri-mümkündür. Hətta bəyan etdilər ki, Ermənistan konsensus hüququndan istifadə edərək belə addımların atılmasına qarşı çıxacaq. Mən ehtimal kimi deyirəm, bəlkə də “Kommersant” qəzetinin yazdığı doğru idi və Azərbaycan prezidentinin Astana görüşünə dəvət edilməsi gündəmdə idi. Bu məsələnin üzərində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də ciddi surətdə işlədiyini söyləmək mümkündür. Amma görünür son anda konsensus prinsipi məsələsi nəzərə alınaraq qəzetin yaydığı məlumatın gerçəkləşməməsini qərara alıblar. Lakin əvəzində Ermənistanın bundan sonrakı bəhanəsini əlindən alan qərar verildi. Belə ki, KTMT nizamnaməsinə qurumda tərəfdaş və müşahidəçi statusda iştiraka icazə verən maddə daxil edildi. Bu maddə artıq bundan sonra Ermənistanın konsensus məsələsindən sui-istifadəsinin qarşısını alacaq. İstənilən dövlət, o cümlədən Azərbaycan dəvət olunarsa və ya istəyərsə KTMT-də məşvərətçi, yaxud müşahidəçi statusda təmsil oluna biləcək. İndi yeni bir reallıq yaranıb və bu reallığın müəyyən ip ucları görünməkdədir. Məsələn, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfirini qəbul edib KTMT haqqında danışıb. Azərbaycan səfiri ilə KTMT barədə müzakirə aparılmasının özü az məna daşımır. Görünür, KTMT-nin struktur dəyişiklikləri ilə yanaşı bu struktur dəyişikliklərində postsovet məkanındakı ölkələrin bəzilərinin dəvət ediləcəyi də istisna deyil. Bu sırada Azərbaycanın, Moldovanın, Özbəkistanın adı çəkilir. Tərəfdaş və ya müşahidəçi statusda hansısa ölkənin və ya ölkələrin KTMT-nin işində iştirak edə biləcəyi reallıq kimi görünməyə başlayıb".

Politoloq vurğuladı ki, Azərbaycan prezidentinin Belarus səfiri ilə görüşdə KTMT-ni mühüm beynəlxalq təşkilat kimi dəyərləndirməsi, təşkilat daxilindəki problemlərin yalnız Ermənistandan qaynaqlandığını ifadə etməsi onu göstərir ki, Azərbaycan tərəfi də bu təşkilata biganə deyil: “Həmçinin bu təşkilatın işi ilə, orada aparılan müzakirələrlə, bütövlükdə bu qurumun atacağı addımlarla bağlı məlumat toplamağı lazımlı bilir. Bu da təsadüfi deyil. Yuri Xaçaturovun baş katibliyində bizim KTMT ilə hər hansı bir əməkdaşlığımızın olması mümkün deyildi. İndi Azərbaycan tərəfinin bu qurumun barəsində ifadə etdiyi mövqe vəziyyətin dəyişdiyinin əlamətidir. Ola bilsin ki, Azərbaycan tərəfi KTMT ilə tərəfdaşlıq və ya müşahidəçi statusda əməkdaşlıq üçün müraciət də eləsin. Düzdür, belə bir rəsmi məlumat hazırda yoxdur, amma hər halda belə bir ehtimalı söyləmək üçün ip ucları görünür”.


loading...