Yuxarı
loading...
loading...

Azərbaycandakı partiyaların loqoları nəyi ifadə edir?

12.11.2018 11:47 Oxunma sayı: 1683


Onları birləşdirən ortaq və fərqli cəhətlər...

Dünya ölkələrində siyasi partiyaların emblemləri, simvolları hər zaman maraq doğurub. Bəzi partiyaların simvolları isə qəribəliyi ilə seçilib. Məsələn, ABŞ-da iki aparıcı partiyanın - Demokratlar Partiyasının simvolu eşşək, Respublikaçılar Partiyasının simvolu isə fildir.

Ümumiyyətlə, bütün dünyada siyasi partiyalar özlərini bu və ya digər rənglərlə ifadə edirlər. Bu da əsasən seçkilərdə fərqlənmək məqsədini güdür. Qırmızı, adətən, sol partiyaların - sosialistlərin və kommunistlərin və s. rəngidir. Mühafizəkar partiyaların rəngi göy (mavi) və qaradır. İstisnalar da olur. Belə ki, ABŞ-da Respublikaçılar partiyasının rəngi qırmızı, Demokratlar Partiyasının rəngi isə mavidir. “Mülayim” sosialistlər adətən, çəhrayı, liberallar isə sarı rəngi seçirlər. Yaşıllar (ekoloji yönlü) və islamçı partiyaların rəngi yaşıldır. Narıncı millətçilərin rəngidir. Bənövşəyi və ağ çalarlar monarxiyanın rəngi olsa da, bununla belə, müasir dünyada siyasi partiyalar tərəfindən də çox hallarda istifadə olunur

Bəs Azərbaycanda siyasi partiyaların simvolları nədir?

Hakim partiya olan Yeni Azərbaycan Partiyasının (YAP) simvolu dəfnə ağacının ortasında 8 guşəli ulduzdan ibarətdir. Ulduzun içərisinə isə “YAP” yazılıb. Partiyanın icra katibinin müavini olan zaman Mübariz Qurbanlı bildirib ki, dəfnə ağacının simvol kimi seçilməsi təsadüfi deyil. Çünki dəfinə zənginlik, rifah, xoşbəxtlik, azadlıq kimi mənaları özündə ehtiva edir. YAP-ın bayrağı isə ağ rəngdədir. Ağ sülh rəmzidir. Bayrağın üzərində partiyanın simvolu əks olunub.

Azərbaycan Demokrat Partiyasının (ADP) embleminin ideya müəllifi Zöhrab Şamxalovdur. Hazırda partiyanın üzvü olmayan Z.Şamxalov bu simvolu partiya təsis edilərkən yaradıb. Simvolda doğan Günəş fonunda açıq dənizdə avar çəkən qayıqçılar təsvir olunub. ADP sədrinin müavini Həsrət Rüstəmovun sözlərinə görə, 8 nəfərlik say Azərbaycan xalqının 8 etnosdan ibarət olmasına işarədir. Günəş sübh çağı yenicə çıxmış günəş rəngindədir. Bu isə o deməkdir ki, azadlıq günəşi Azərbaycana hələ yenicə doğur. Günəşin üzərindəki xətlərdən ibarət sahə isə azadlığın Azərbaycanın payına düşən hissəsidir. H.Rüstəmovun sözlərinə görə avarçəkənlər işlədikcə və gəmi irəli getdikcə onların azadlıq payı arta bilər. Bu da azadlıq və demokratiyanın birgə zəhmət tələb etməsinə işarədir. ADP-nin mavi rəngli bayrağının üzərində qeyd olunan emblem öz əksini tapıb.

Müsavat Partiyasının bayrağı mavi rəngdədir. İlk dəfə 1919-cu ildə Partiyanın II qurultayında bayrağın bu rəngdə olmağı qəbul edilib. Mavi bayraq bir zamanlar Elxanilər dövründə (XIII əsrdə) Azərbaycan torpaqları üzərində dalğalanıb. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi. Partiyanın embleminin müəllifləri görkəmli rəssamlar Elçin Məmmədov və Tərlan Qorçiyevdir. Emblemdəki “Müsavat” sözünün baş hərfi olan “M” qoşa dağ şəklində təqdim olunur; arxadakı dağ qara rəngdədir. Qara dağ Türklər üçün əhəmiyyətli simvollardan biridir. Öndəki dağ isə Müsavatın simvolu olan mavi rəngdədir. “M” hərfinin strukturu, qoşa dağın görünüşü tarazlıq ideyasını ifadəli göstərir. Tarazlıq ideyasından isə Müsavatın əsas prinsiplərindən birinə - Milli Təsanüdə çıxmaq olar. Çünki Təsanüd həm də müxtəlif sosial təbəqələrin mənafelərində tarazlaşdırma nöqtələri tapmaqdır.

KXCP-nin emblemi böyük hərflərlə “KHC” (Klassik Halk Cebhesi) yazılmış kompozisiyadan ibarətdir. Partiyanın Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirib ki, onlar bu simvolu KXCP dövlət qeydiyyatına alınandan sonra - 2006-cı ildə müəyyənləşdiriblər. Əslində bu simvol AXC-nin simvoluna uyğunlaşdırılıb. Onun sözlərinə görə, “KHC” sözünü “AHC” kimi də oxumaq mümkündür. Partiyanın bayrağı ağ fonda “KHC” yazılmış simvoldan ibarətdir. Ağ fon isə sülh və təmizliyin rəmzi kimi seçilib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) embleminin müəllifi partiyanın qurucusu və AMİP-in lideri Etibar Məmmədovdur. Simvolda göy, qırmızı və yaşıl rəng Azərbaycan bayrağındakı rəngləri özündə əks etdirir. Həmçinin, buradakı aypara və ulduz da Azərbaycan bayrağına istinaddır. Simvolda ox göstərilib ki, bu da AMİP-in daşıdığı mühüm prinsipi özündə əks etdirir. Bunlar vətənçilik (azərbaycançılıq), hürriyyətçilik, milli dövlətçilik, milliyyətçilik, öncüllük-müasirlik və istiqlalçılıqdır.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) əsas atributlarından biri olan gerbin müəllifi Azərbaycanın çox istedadlı və tanınmış rəssam-heykəltaraşlarından biri Məzahir Afşardır. Gerbin rəmzləri qədim Türk Dövlətçilik ənənələrindən qaynaqlanır: ox dövlətin rəmzidir. Üçü bir yerdə möhkəmliyi, sınmazlığı göstərir. Demokratik dövlətdə bu, həm də hakimiyyət bölgüsünün göstəricisidir, qanunvericilik, icra və məhkəmə orqanlarının dövlətin əsas dayağı olduğuna işarədir. Tərsinə çevrilmiş yayla birgə üç ox və onların üstündəki qalxan bir kompazisiya kimi sülhün, milli barışın, həmrəyliyin ifadəsidir. Gerbin əsas variantında “Vətəndaş Həmrəyliyi Partiyası” sözləri yazılmış dairədə 24 Oğuz boyunun damğaları yerləşdirilmişdir. Həmin variant partiyanın qərargahında saxlanılır. VHP-nin bayrağı ağ rəngdədir. Ağ rəngin üzərində emblem təsvir olunub. Ağ rəng həmrəyliyin, birliyin və vətəndaş sülhünün rəmzi sayılır.


loading...