Yuxarı
loading...
loading...

İqtidarın rusdilli nazirinə medianın rusdilli nümayəndələrindən maraqlı təklif

08.11.2018 11:14 Oxunma sayı: 1481


Ötən həftə xarici işlər naziri Elmar Məmmədyarovun İstanbuldakı tədbirlərin birində Azərbaycan dilində qüsurlu çıxışı hələ də sosial və peşəkar mediada müzakirə edilir. 14 il XİN-ə rəhbərlik edən bir şəxsin öz ana dilində bu cür bərbad danışması sərt şəkildə qınanır.

Xarici işlər nazirimiz tənqid olunduğu vaxtda, o özü məsələyə münasibət bildirib. E.Məmmədyarov “Trend”ə müsahibəsində Azərbaycan türkcəsində yaxşı danışa bilmədiyi üçün onu qınayanlara özünəməxsus cavab verib. Sitat: “Bilirsiniz, məni anlamaq istəyən nə dediyimi çox yaxşı başa düşür, anlamaq istəməyənlərə gəldikdə isə, babalı onların boynuna”. Göründüyü kimi, Məmmədyarov özünü haqlı bilir. Azərbaycanca danışa bilməməsinə görə heç bir problem yaşamadığını açıqca bildirir. Demək istəyir ki, olanım budur – istəsəniz də, istəməsəniz də...

E.Məmmədyarovun dil məsələsi rusdilli mövzusunu bir daha aktuallaşdırır. Məsələyə daha geniş aspektdən baxmağı tələb edir. Azərbaycan cəmiyyətində hələ Sovet döründən rus dilində danışan geniş təbəqə formalaşıb. Son illər rusdillilərin sayının artdığı isə ciddi şəkildə görünməkdədir. Orta məktəblərdə övladını rus bölməsində oxudan valideynlərin də sayında artım var.

Buna baxmayaraq, siyasətdə, mediada rus dilində təhsil alıb, rusdilli elita ilə çevrələnib, amma öz ana dilində səlis danışan, yazan şəxslər də var.

Məsələn, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər rus və Azərbaycan dillərində mükəmməl danışır. Bakı mühitində böyüməsi, çevrəsində rusdillilərin çoxluğu onun ana dilimizdə mükəmməl danışığına mane olmayıb. Bu o deməkdir ki, insan istəsə, öz ana dilində mükəmməl danışa bilər.

Mətbuat aləmində də belə insanların sayı az deyil. Rus bölməsində oxuyublar, rusdilli mühitdə böyüyüblər, lakin Azərbaycan dilində həm gözəl danışa bilirlər, həm də mükəmməl yaza bilirlər.

Məsələn, yazıçı-jurnalist Aysel Əlizadə və hazırda İsveçrədə mühacir həyatı yaşayan yazıçı-jurnalist Ələkbər Əliyevin adlarını qeyd edə bilərik.

aysel əlizadə.jpg (36 KB)

Aysel Əlizadə: “Bizdən kömək istəsinlər. İnanın, sevə-sevə, həvəslə kömək edərik”

A.Əlizadə “Yeni Müsavat”a mövzunu şərh edərkən deyib ki, ölkədə rusca təhsil alan, ancaq ana dilində gözəl danışan saysız adamlar var. Yazıçının sözlərinə görə, onun üçün “rusdillilik” problemi artıq daha ciddi müstəviyə keçib:“Gündəlik həyatda kiminsə, haradasa rus dilində danışması ciddi problem olmaya bilər. Dövlət adamının isə təmsil etdiyi ölkənin, xalqın rəsmi dilində danışa bilməməsi olduqca ciddi problemdir. Bu günlərdə xarici işlər nazirinin çıxışı gündəmə gəldi. Ondan öncə sabiq baş nazir Artur Rasizadənin hesabat çıxışı müzakirələrə səbəb oldu. Hər iki çıxışda nazirlərimiz dilin qol-qanadını sındırıblar. Şəxsən mənim üçün bu kimi hallar ağrılıdır. Dövlət dilində danışa bilməyən baş nazir, Azərbaycan mədəniyyətinin başında dayanıb, Azərbaycan dilində yaxşı danışa bilməyən mədəniyyət naziri, Azərbaycanı dünyada təmsil edib bu dili bilməyən xarici işlər naziri görmək ağrılı deyil? Elmar Məmmədyarovun atası hörmətli akademik Məhərrəm müəllimin müsahibəsini oxudum. Elmar bəyin rus dilində təhsil aldığını deyir. Bunu gözəl başa düşürük, amma hörmətli akademikimiz də inciməsin, bu, səbəb deyil, axı. Ölkəmizin başçısı da rus dilində təhsil alıb. Öz dilində sərbəst və qüsursuz danışır. Hətta Türkiyənin prezidenti ilə görüşlərdə İlham Əliyevin Türkiyə türkcəsində də ifadələr işlətdiyinin şahidi olmuşuq. Eləcə də başqa dövlət adamları, ictimai xadimlər, siyasətçilər var ki, rus dilində təhsil aldıqlarına baxmayaraq, ana dilimizdə mükəmməl danışırlar.  Bildiyim qədər, hörmətli İsa Qəmbər də rus dilində təhsil alıb. Hiss edilirmi? Mövzu dövlət dilinə, xalqın dilinə olan münasibətdir. Vəzifə təkcə “vəzifə” deyil, mənəvi məsuliyyətdir. Heç kim inciməsin, lütfən. Ölkəmin naziri ana dilimi sındıranda, bu dildə illərdi yazıb-yaradan biri olaraq üzülürəm. Təhsil ciddi faktordur, bəli. Hansı dildə təhsil alırsansa, o dildə daha yaxşı və öz danışırsan. Amma bu ölkənin, xalqın, dövlətin dili rusca deyil. Azərbaycan dili elə çətin sayılmaz ki, onu öyrənmək mümkün olmasın. Bizdən kömək istəsinlər. İnanın, sevə-sevə, həvəslə kömək edərik. İstənilən dildə bazan varsa, o dildə sağlam danışmaq üçün cəmi bir neçə ay məşğul olmaq bəs edər.  Biz azərbaycanlılar bu cür mövzulara çox həssas yanaşırıq. Məncə, belə də olmalıdır. Dilimizə sevgi istəmək ən təbii haqqımızdır. Bütün xalqlar tarixi mövcudluqlarını dillərinin hesabına sürdürüblər”.

Ələkbər Əliyev ile ilgili görsel sonucu

Ələkbər Əliyev: “Xahişim ola bilər ki, belələri nazir olanda, özlərinə müəllim tutsunlar, dili öyrənsinlər”

Ələkbər Əliyevin də məsələyə mövqeyi maraqlıdı. O,  hansısa bir kampaniyaya qoşulmağı sevmədiyini bildirir. Yazıçının fikrincə, istər Elmar Məmmədyarov, istər Çingiz Abdullayev, istərsə də, başqaları olsun, rusdilli vətəndaşları, sırf azərbaycanca pis danışırlar deyə, tənqid etmək haqqını özündə heç vaxt görməyib: “Leksikonumda “biz” şəkilçisi də yoxdur, yalnız “mən” var. Təkəbbür kimi anlaşılmasın, amma hansısa kampaniya çərçivəsində fikir bildirməyi, xora qoşulmağı sevmirəm. Məsələni şəxsiləşdirmədən bu barədə nə deyə bilərəm. Lap düzünə qalsa, özüm də azərbaycanlı dostlarımın, həmkarlarımın yarısı ilə rusca danışıram. Bu barədə üzüyola adamam, kimə hansı dil rahatdır, ona keçirəm. Burada isə söhbət məmurdan, nazirdən gedir deyə, qıcıq doğurması, müzakirəyə səbəb olması normaldır. Bir adam niyə “rusdilli” olur, rusdillilik nə deməkdir? Rus dilini bilən, yoxsa yalnız rus dilini bilən adam rusdillidir? Eyni zamanda ana dilini niyə bilmir, ya da öyrənməməkdə israr edir? Obyektiv səbəbləri hamımız bilirik. O vaxtı rus dilini bilməsəydin, karyera pilləsində yüksələ bilməzdin. Doğrudurmu? Doğrudur. Amma ana dilini bilməmək üçün səbəb deyil. Bir adamın, ana dilini bilməməsinin bəlkə də, xaricdə doğulub, böyüməkdən başqa məntiqli açıqlaması, “bəraəti” ola bilməz. Əslində, çox az sayda entuziast dili sonradan öyrənir. Hər şey valideynlərdən, ailədən gəlməlidir. Qaldı ki, nazirin atası, maraqlı bir tərəf olaraq, fikir bildirməli heç deyildi. Burada ciddi söhbət gedir, ictimaiyyət sual verir ki, “ay nazir, sən mənim dilimdə niyə belə bərbad danışırsan?”, ata isə banal valideyn instinkti ilə “Azərbaycan dilində bilən o qədər pis adam var” deyir. O boyda nazirin bu barədə deməyə sözü yoxdur, atası danışmalı olur?”.

Ə.Əliyev maraqlı müqayisə aparıb: “Mənim təcrübəmə, uşaqlığıma gəlincə, bizim evdə vəziyyət başqa idi. Bağça, məktəb rus dilində, oxunan kitablar rusca, məhlədə hər iki dil, evdə isə, diqqət edin, müstəsna olaraq ana dili. Bizim evdə rusca danışılmazdı. Atamla rusca danışmaq qədər absurd bir mənzərə təsəvvür etmirəm. Atamla mən bir-birimizin ruscasını ancaq küçədə-bayırda, üçüncü şəxslərlə danışan zaman eşidərdik. Mükəmməl rusca bilən iki adam evdə azərbaycanca danışırdı, çünki evdə rusca danışmaq, bizə qeyri-təbii gəlirdi. Ona görə də, bu gün İsveçrədə yaşasaq da, evdə Azərbaycan dilində danışırıq. Yenə deyirəm, evdə başqa dillərdə danışan, uşaqlarına ana dilini öyrətməyən azərbaycanlılarla heç bir işim yoxdur. Kimisə mühakimə etmək, ağıl öyrətmək fikrindən uzağam. Uzaqbaşı xahişim ola bilər ki, belələri nazir olanda, özlərinə müəllim tutsunlar, dili öyrənsinlər”.

 


loading...