Yuxarı
loading...
loading...

ABŞ İrana demokratiya gətirmək, yoxsa xaosa sürükləmək istəyir?

08.11.2018 10:30 Oxunma sayı: 1487


Ekspert: “Məqsəd İranın neft-qaz potensialını ələ keçirməkdir”

Bir zamanlar İraqda, sonra Liviyada, Misirdə, Yəməndə diktatura rejimlərini devirən güclər indi də İranı hədəfə alıblar. İraqa və adını çəkdiyimiz ölkələrə müdaxilələr olanda çoxlarında ümid var idi ki, diktatura rejimləri getsə, əvəzində demokratik rejimlər gələcək. Lakin bu ümidlər doğrulmadı, gedən rejimlərin yerini terror dalğası tutdu. İndi də böyük güclərin İran ssenarisinin işə düşməkdə olduğu müşahidə edilir. Odur ki, “İranda da rejim dəyişsə, yerinə demokratiya gələcək, yoxsa ərəb ölkələrinin taleyi orada da yaşanacaqmı” sualı aktuallaşır.

AMİP katibi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İraq, Misir, Yəmən, Liviya və sair diktatura rejimli ölkələrlə İran arasında həm siyasi sistemlərin quruluşunda, həm də strateji coğrafi və digər sahələrdə ciddi fərqlər var. Dünya da eyni dünya deyil. Artıq Çin və Rusiya dünyanın qütbləşməsində iddia ortaya qoya biliblər. Ona görə də İranda da adı çəkilən ərəb ölkələrindəki ssenarini həyata keçirmək asan deyil: “Doğrudur, müxtəlif sivilizasiyalar arasında qarşıdurmalar hər zaman olub. Xüsusən də islam-xristian dinləri əsrlər boyu ixtilaflar içərisində yaşayıblar. Lakin son əsrdə bu qarşıdurmalar əsasən, təbii sərvətlər, xüsusən də enerji daşıyıcıları, faydalı qazıntılar və karbohidrogen yataqlarına nəzarət uğrunda aparılır. Adlarını sadaladığınız ölkələrdə isə bu resurslar kifayət qədərdir. Əgər ABŞ doğrudan da İranı diktatura rejimi hesab edib, sıxışdırıb, siyasi rejimi, dövlət quruluşunu dəyişdirmək və demokratiya gətirmək istəyirsə, ilk növbədə Körfəz ölkələrindən başlamalı idi. Yenə az-çox, formal, qeyri-formal adını çəkdiyiniz ölkələrdə, o cümlədən İranda seçkili orqanlar və seçki sistemləri var, körfəz ölkələrində heç o da yoxdur. Mütləq monarxiya hökm sürür. Xatırlayırsınızsa, İraqa müdaxilə zamanı da eyni ssenarı işə salınmışdı. Guya İraqın nüvə proqramı var. Sonradan məlum oldu ki, bu, sadəcə hərbi müdaxilə üçün bahənədən başqa bir şey deyil. Jurnalisti konsulluğa çağırıb orda vəhşicəsinə qətlə yetirən, meyitini yoxa çıxardan Səudiyyəyə dəstək nümayiş etdirən ABŞ-İsrail cütlüyü İranla əldə edilən nüvə razılaşmasını pozub, təhdidlər yağdırır. Məqsəd İranın neft-qaz potensialını ələ keçirmək, bu regiona nəzarət etməkdir. ABŞ və İsrailin planlarına İranda da idarəolunan xaos yaratmaq, onu parçalamaq bir dövlət kimi hakimiyyət sistemlərini dağıtmaqdır. Amma bu, qeyd olunan ərəb ölkələrindəki qədər asan deyil. İranda hər hansı müdaxilə, yaxud da gərginlik Azərbaycan üçün də ciddi təhlükələr yaradır. Bəziləri fikirləşə bilərlər ki, bu Güneyin birləşməsinə, yaxud da geniş hüquqlar əldə etməsinə imkanlar yarada bilər. Mən bu fikirlərlə razılaşmıram. Çünki İraq və Suriya təcrübəsi göstərdi ki, türk məsələsi istər türkmən olsun, istər digər türkdilli etnoslar olsun ABŞ-ın planlarında yoxdur”.

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

Ə.Orucov qeyd etdi ki, ABŞ-ın istək və tələblərini kimlər canla başla yerinə yetirirsə, onlar lap diktatura, ən qəddar rejimlər olsa da Vaşinqtonun dəstəyini alacaq və almaqdadır: “Əks təqdirdə demokratiya, insan hüquqları, nüvə təhlükəsizliyi və sair müxtəlif bəhanələr həmişə ortada olacaq. Dəyişdirilən diktaturaların əvəzində isə demokratiya yox, qarmaqarışıqlıq, xaos, terror, zorakılıq gətiriləcək. Amma İran xalqı da artıq ABŞ-ın niyyətinin nədən ibarət olduğunu gördüyündən daha sıx birləşməkdədir. Ona görə də ABŞ-in təzyiqləri ilə İranda siyasi rejimin dəyişdirilməsi mümkün görünmür. Fikrimcə, Vaşinqton özü də İranın Misirə, İraqa və digər dövlətlərə bənzəmədiyinin fərqini hiss edir. Heç ABŞ-in müttəfiqləri də Trampın İran siyasətini dəstəkləmir”.

Ä°lgili resim

AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli isə hesab edir ki, Qərbin İran dövlətini işğal etmək, məhv eləmək istədiyini barədə deyilənlər inandırıcı deyil. İllərdir sanksiyalara rəğmən İran Avropa ilə münasibətlər qoruyub saxlayır: “İran 1979 inqilabından bəri guya hədəfdədir. İranın ətrafında, qonşuluğunda olan bir neçə ölkədə Qərbin planı ilə rejimlər dəyişdi, İranda isə hakimiyyət dəyişmədi. Əfqanıstan, İraq müharibələrində İran ABŞ-la müttəfiq oldu. Dediyim odur ki, İranla bağlı illərdi davam edən bədbin proqnozlar həyata keçmədi. İndi də həyata keçməyəcək. 

O ki, qaldı inqilab baş verən müsəlman ölkələrində niyə demokratiya qurulmadığına, çünki orada heç kəs demokratiya qurmaq istəmirdi. Demokratiya həm də hər xalqa hansı siyasi quruluş seçəcəyinə imkan verilməsidir. Təəssüf ki, müsəlman ölkələrinə bu seçim verilmir. Müsəlman ölkələri çox zəifdirlər. Onların yarısı Qərbin, bir hissəsi Rusiyanın, bir hissəsi isə artıq Çinin nəzarətində olduqca İslam dünyası üçün bu acınacaqlı, faciəvi vəziyyət davam edəcək. İran bir çox ərəb ölkələrindən fərqli olaraq bir neçə min illik dövlətçilik ənənələrinə malikdir. Yəni İran kimi dövlətçilik ənənələri olan ölkələri işğal etmək, dağıtmaq asan məsələ deyil. İranda rejim dəyişsə,  demokratiya da, vətəndaş müharibəsi də ola bilər, hətta İran müvəqqəti olsa belə parçalana da bilər. İranda rejim dəyişsə belə bu ölkənin birdəfəlik parçalanmasına inanmıram. Çünki ilk öncə buna Qərb, Rusiya, Çin imkan verməz. Güclü İran İslam dünyasında məzhəb fərqliliyinə görə tarix boyu xristian dövlətləri üçün lazım olub, indi də lazımdır.

Gürcüstan, Ukrayna xristian ölkələri olduğu üçün, Qərb o ölkələrdə demokratiyanın qurulmasını istəyir, amma baxın, Ukrayna ilə Gürcüstana belə, demokratiya baha başa gəldi. Hər iki ölkə işğala məruz qaldı. Qərb öz yaxın tərəfdaşlarını belə tam qoruya bilmədi”.


loading...