Yuxarı
loading...
loading...

Veysəl Filiz: “Avropa ideoloji mutasiya ilə qarşı-qarşıyadır”

07.11.2018 13:18 Oxunma sayı: 1274


“Avropada yaşayan türk ictimaiyyəti düşüncəsini dəyişməli, 50 ildir davam edən miqrant statusunu arxada qoyub yurddaşlıq düşüncəsinə keçməlidir”

Avropada fəaliyyət göstərən ən aktiv türk-müsəlman dərnəklərindən birinə rəhbərlik edən Veysəl Filizlə İstanbulda tanış olduq. Avropada müsəlmanların dini hüquqları, hazırkı sosial-siyasi vəziyyətlə bağlı söhbət etdik. Məlum olduğu kimi, son illərdə Avropanın bir çox ölkələrində islamafobiya çağırışları artıb. Hətta dini məsələlərlə bağlı qadağalar tətbiq olunur. Bu isə istər-istəməz Avropadakı din sahəsində çalışan vətəndaş cəmiyyətləri institutları üçün çətinliklər yaradır.

Veysəl Filiz Avropaya köçmüş miqrant ailəsinin üzvüdür. Özünün dediyinə görə, 6 aylıq olarkən ailəsi Fransaya köçüb. Bu səbəbdən də uşaqlığı, yeniyetmə və gəncliyi Fransada keçib. Hazırda həm Fransa, həm də Türkiyə vətəndaşıdır. Strasburq Universitetində Türkologiya üzrə təhsil alıb. V.Filiz hazırda Avropada bir sıra dini və sosial qurumlarla əməkdaşlıq edir. Avropa Şurası QHT konfransında 5 il çalışıb. Türkiyənin Belçikadakı səfirliyinin mətbuat katibi işləyib. Hazırda Avropada islamafobiyaya qarşı ən aktiv mübarizə aparan vətəndaş cəmiyyət təşkilatının - EMİSCO-nun sözçüsüdür. Əsasən ATƏT, Avropa Parlamenti və Avropa Şurası kimi təşkilatlarla çalışır, Avropadakı müsəlmanlara qarşı fəaliyyətlər, nifrət cinayətləri kimi mövzularla bağlı işlər görür. Onun Avropadakı islamafobiyanın haradan qaynaqlandığı və nə etməli olduğu ilə bağlı danışdıq.

- Veysəl bəy, Avropada bir neçə ölkədə, xüsusən də Hollandiya, Avstriya və daha bir neçə ölkədə islamafobiya elementləri mövcuddur. Sizin müşahidəniz necədir, islamafobiyanın yaranmasının əsas səbəbi nədir? Müsəlmanlar və onların davranışları, yoxsa yüksələn faşizm və ifrat sağ?

- Bəri başdan deyim, əslində Avropa ideoloji bir mutasiya ilə qarşı-qarşıyadır. Və bir qərar verməlidir. Bəzi ölkələrdə tarixi proseslərə və onun təsirlərinə görə, bəzi ölkələrdə isə iqtisadi problemlərin qarşısında yaranan çıxılmazlıqda populist siyasətin nəticəsi olaraq “müsəlman təhlükəsi” formalaşdırılır.

Avropa ideoloji bir mutasiya qarşısında və özünü prinsipial olaraq var edən dəyərlərə tamamən zidd bir durumda yaşayır. Bu geriləmə dövründə əvvəlcə islamafobik ritorika normal qəbul olunmağa başladı, daha sonra isə təşkilatlandı. ATƏT-in İslamofobya ilə Mübarizə üzrə Xüsusi Nümayəndəsi Bülent Şenayın da vurğuladığı kimi, müsəlmanları Troya atı kimi göstərən anlayış əslində Avropanın altını oyur.

Bəzi ölkələrdə hicab və halal ət inanc azadlığı kontekstində hörmət edilməli olan qaydalara qarşı qərarlar qəbul olunur. Bu nöqtədə, yeni Avropa populizmi, islam düşmənçiliyi və müsəlman düşmənçiliyini mədəniyyət halına gətirdi. İki əsas aktyor var: media və digər siyasətçilər. Media bunu qınamadı, əksinə, bu ifadələri yayaraq gücləndirdi. Populist siyasətçilər Avropadakı böhranı həll etmək əvəzinə cəmiyyətdəki incə nöqtələri gücləndirdi və sağçı irqçi ideologiyanı siyasət mərkəzinə gətirdilər.

Bu mənada indi Avropa seçim qarşısındadır, qərar qəbul etməlidir. Avropa ya davamlı olaraq vurğu etdiyi humanist dəyərləri konkret olaraq tətbiq edəcək, ya da tamamən 1933-cü ildən sonra ortaya qoyduğu dövrünün oxşarını yaradacaq. Müsəlmanlara hücum, onlara nifrət cinayətləri leqallaşacaq və bu durum nəticə etibarı ilə 21-ci əsrdə qeyri-insani bir Avropanın bütün müsəlmanları hədəf alması mənzərəsini yaradacaq. Müsəlmanlar azlıqdadırlar və dolayısıl ilə yaşayışlarını təşkil etməklə cəmiyyətdəki çoxluq toplumunun dəstəyinə ehtiyacları var. Onların rifahı və təhlükəsizliyi iqtidarlar tərəfindən təminat altına alınmalıdır. Bu mənada müsəlman icmalar da bərabərhüquqlu vətəndaş olmaq üçün cəhdlərini artırmalıdırlar.

- Zaman-zaman müsəlmanların, xüsusən də ərəblərin Avropada məsuliyyətsiz, qaba rəftarları, küçədəki cinayətləri haqda mediada məlumatlar yayılır. Həqiqətən də belə bir vəziyyət varmı? Hazırda müsəlmanların daha çox sıxıntı yaşadığı hansı ölkələrdir?

- Müsəlman cəmiyyətlər içərisində müxtəlif qruplar var. Və bunların hər biri müxtəlif tarixi proseslərdən keçərək Qərb mədəniyyəti ilə qarşılaşıb. Məsələn, müstəmləkə altında yaşamış millətlərin yaşayışları, hadisələrə baxışları və qavramaları fərqlidir. Bizim kimi özünün idarəçilik təcrübəsi olan xalqlarınkı isə fərqlidir. Bu cür tarixi və mədəni fərqliliklərin olduğu bir vəziyyətdə vahid bir müsəlman cəmiyyətindən danışa bilmərik.

Bəzi qruplar içərisində cinayətin faizi, davranış xataları və eləcə də vətəndaşlıq anlayışındakı məhdudluğun kökü hüquq bərabərliyi siyasətindəki çatışmazlıqla əlaqələndirilməlidir. Bərabər hüquqların tanınmadığı cəmiyyətlərin inkişaf mərhələləri də qeyri-bərabər olur. Başda təhsil olmaqla, işsizlik, evsizlik kimi mövzularda ayrı-seçkiliklər nəticə etibarı ilə qeyd etdiyiniz problemlərin yaranmasına səbəb olur. Bundan başqa cinayətə meylli marginal qruplar da var ki, onlar hər yerdə mövcuddur. Bu cür problemlər demək olar ki, əksər ölkələrdə yaşanır. Və təəssüf ki, hələlik buna bir çarə tapılmayıb. Burada müsəlman cəmiyyətlərin edə biləcəyi təxirəsalınmaz işlərin başında müsəlman düşüncəsindən gələn yanaşma və təfəkkür tərzi ilə içərisində olduqları cəmiyyətlərə dəstək vermək və İslam əxlaqı ilə hərəkət etməkdir.

- Hazırda Avropada türklərə münasibət necədir? Bilindiyi kimi, son bir neçə ildə bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Hollandiya, Avstriya kimi ölkələrdə bir sıra problemlər baş verdi. O cümlədən siyasi müstəvidə. İndi vəziyyət necədir, problemlər həllini tapdımı?

- Türklərin Avropada ən böyük çatışmazlığı Türkiyə hökumətinin mövcud şərtlərə cavab verən diaspora siyasətinin olmamasından qaynaqlanır. Yeni sistemdə prezident üsul-idarəsinin bu çatışmazlığı aradan qaldıracağına ümid edirəm. Bu vəziyyət Avropadakı türklərin bir araya toplamaqda çətinlik yaradır. Tam mənasında yaşadıqları ölkələrə diqqət kəsilə bilmirlər və potensiallarının çox az hissəsi qədər dəstəkləri olur. Xaricdə seçki hüququ əldə etdikdən sonra türkiyəlilərin olduqları ölkələrdə demokratik seçki proseslərinə qarışması gözlənildiyi halda, fərqli proseslər baş verdi. Bu vəziyyət isə qeyd etdiyiniz ölkələrdə populist daxili siyasət üçün bir materiala çevrildi. Düşünürəm ki, Avropada yaşayan türk ictimaiyyəti düşüncəsini dəyişməli, 50 ildir davam edən miqrant statusunu arxada qoyub dəyişikliyin əsas qüvvəsi olan yurddaşlıq düşüncəsinə keçməlidir. Beləliklə də ikinci vətənlərində həm də ana vətənləri üçün fayda verəcək bir körpü yarada biləcəklər. Bu millət vəziyyəti qəbul edib, əyalətlərdən uzaqlaşıb şəhər mərkəzlərinə köçməli və aktiv şəkildə söz azadlığı anlayışı içərisində xalq həmrəyliyi yaratmalıdır. Sərhəd bölgəsində yaşayanların vəzifəsi hər zaman müqəddəsdir, türklər də buna görə hərəkət etməlidir.


loading...