Yuxarı
loading...
loading...

Həbsdəki MTN generallarını bağışlamaq olarmı?

23.10.2018 16:05 Oxunma sayı: 1493


İlham İsmayıl: “Bağışlanmalarının tərəfdarıyam”; Əsabəli Mustafayev: “Apelyasiya şikayətində cəzalarının azaldılması, sadəcə, absurddur”

Həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Bununla bağlı generallar artıq Apelyasiya Məhkəməsinə müraciət ediblər və ötən həftə proses start götürüb.

Onların şikayətinə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılır. Məhkəmə prosesinin başlaması ilə generalların azadlığa buraxılacağı barədə iddialar meydana çıxıb. Bu iddialarla bağlı Baş Prokurorluğun mətbuat xidməti geniş məlumat yayıb. Məlumatda deyilir ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bəzi vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmaları ilə əlaqədar yayılmış informasiyalar həqiqəti əks etdirmir.  Məlumatda o da bildirilir ki, həmin iki nəfər cəzasını çəkib bitirdikləri üçün azadlığa buraxılıblar.

MTN generalları ətrafında gedən müzakirələrdə ən çox bu sual diqqəti çəkir: cinayətləri sübut olunmuş, Azərbaycanın təhlükəsizlik orqanına ciddi zərbələr vuran MTN generalları bağışlanılsınmı?
 

Sabiq MTN polkovniki İlham İsmayıl ile ilgili görsel sonucu

Sabiq MTN polkovniki İlham İsmayıl “Yeni Müsavat”a bunları dedi: “Əgər çox şeyi etiraf edirlərsə, əlbəttə, bağışlanmaq şansları varsa, bağışlanıla bilərlər. Amma bir məsələni vurğulayaq, sonra bağışlayaq. Rəisin, yəni nazirin tabeçiliyində olanlar onun dediklərinə əməl etməlidirlər. Amma əməliyyat-axtarış haqqında Azərbaycanın qanunu var. Mən məsələnin sırf qanuni tərəfini götürürəm. Qanunun 14-cü maddəsinin 2-ci bəndində yazılır: ”Tabeliyində olan adam rəisin sözünə əməl edəndə ilk növbədə, onun qanuni olduğunu nəzərə almalıdır. Əgər qanunsuzdursa, tabeçilikdə olan şəxs qanunu əsas götürür, rəisin sözünü deyil, yəni etiraz edə bilər. Təəssüflər olsun ki, bu şəxslərin heç biri nazirin qanunsuz tapşırıqlarına qanunu nəzərə almadan, qanunu üstün bilmədən əməl ediblər. İstənilən halda bütün günahlar onlarda deyil. Müəyyən miqdarda günahlar onlardadır. Amma onlar əgər bağışlanılarsa, nəzərlərinə çatdırmaq lazımdır ki, hansı nazirliyin olmasından asılı olmayaraq, xüsusilə hərbi sahədə, verilən tapşırıqların qanuni olub-olmadığını nəzərə alsınlar. Sadəcə olaraq, fikirləşməsinlər ki, rəis bunu deyib, yerinə yetirməliyəm. Şəxsən mənim düşüncəmi bilmək istəyirsinizsə, mən onların rəhbərinin daha çox günahkar olduğunu bilirəm və bu baxımdan bağışlanmalarının tərəfdarıyam".

Hüquqşünas Əsabəli Mustafayev ile ilgili görsel sonucu

Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, bağışlanmaq və bəraət anlayışları tamamilə fərqlidir: “Bəraət vermək o deməkdir ki, bunların əməllərində heç bir cinayət tərkibi olmayıb. Məhkəmə araşdırmasının sonunda qərar qəbul olunacaq, yəni onların əməllərində cinayət tərkibinin olub-olmadığını məhkəmə müəyyən etməlidir. İstintaq gedib və onların məsələlərində cinayət tərkibinin olması ittiham aktında qeyd olunur. Birinci instansiya məhkəməsi artıq hökm qəbul edib. Apelyasiya şikayəti vermək onların hüququdur. Məhkəmə də bu hüquq əsasında hərəkət edir. Verilən istənilən şikayətə baxılmalıdır. Amma o demək deyil ki, tələb edirlərsə, bu işə baxılırsa, proses bəraətlə yekunlaşmalıdır. Məhkəmə şikayətə baxacaq, görsə ki, onların cinayət əməlləri tam sübut olunub, o zaman qərarı qüvvədə saxlayacaq. Ola bilsin ki, qismən dəyişiklik edilsin və hansısa epizod çıxarılmaqla cəzada dəyişiklik olsun, hökm isə qüvvədə saxlanılsın. Mətbuatda gedən məlumatlarda görürük ki, bundan qabaq olan proseslərdə MTN işçilərinə qarşı tez-tez belə hallar baş verir ki, apelyasiya instansiyası onların cəzalarını azaldır. Bu da mənə vətəndaş olaraq pis təsir edir. Əgər onların işində həmin maddələr, özü də ağır maddələr hələ də qalırsa, bəraət verilməsə də, necə onların cəzaları azaldıla bilər və bir müddətdən sonra onlar azad olunar? Bu, ictimaiyyət daxilində ciddi qınaq mənbəyidir. Şahidi oluruq ki, az ağır, ağır cinayətlərə görə sərt cəzalar verirlər. Bu, generallar isə dövlətin əsas sütunlarından biri olan qurumu təmsil edirdilər, onun adı ilə fəaliyyət göstərirdilər, fəaliyyətlərində isə sui-istifadəyə yol verirdilər. Bütün bunların qarşılığında onlara ya az cəzaların verilməsi, ya da apelyasiya şikayətində cəzalarının azaldılması, sadəcə, absurddur. Ümid edək ki, Apelyasiya Məhkəməsi bu dəfə onların cinayətlərinə qarşılıq ədalətli qərar qəbul edəcək”.


loading...