Yuxarı
loading...
loading...

Ermənistan hökuməti hər an sürprizlə üzləşə bilər

23.10.2018 13:41 Oxunma sayı: 2392


İşğalçı ölkədə tufanqabağı sakitlik hökm sürür; Paşinyan əleyhidarları fürsət gözləyir; politoloq: “İndi o, həm qapıçı və müdafiəçi, həm də yarımmüdafiəçi və hücumçudur...”

Ermənistan parlamentində növbədənkənar parlament seçkilərinə hazırlıq məqsədilə hazırlanmış seçki məcəlləsini 72 saat ərzində müzakirə etmək barədə təklif qəbul edilməyib. Ədliyyə naziri Artak Zeynalyanın verdiyi təklifə əsasən, qanuna dəyişiklik iki oxunuşda 72 saat ərzində qəbul edilməli idi. 

Dəyişikliklər proporsional seçki sisteminə keçid, partiyalar üçün seçki baryerinin 5%-dən 4%-ə, bloklar üçün isə 7%-dən 6%-ə endirilməsini nəzərdə tutur. Eyni zamanda koalisiya qurmaq üçün müddət 6 gündən 10-a qədər artırılır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkədə parlament seçkilərinin dekabrın 9-10-u tarixlərində keçirilməsi təklif olunur.

Ötən bazar Ermənistanın daha 4 şəhərində bələdiyyə seçkiləri keçirilib. Musavat.com xəbər verir ki, son açıqlanan nəticələrə görə, Razdan şəhərinin meri vəzifəsinə Sevak Mikaelyan seçilib. Sevak Mikaelyan Paşinyanın hazırda tərkibində olduğu, lakin qarşıdan gələn seçkilərdə bir yerdə iştirak etmək istəmədiyi “Yelk” frarksiyasının üzvü Sasun Mikaelyanın oğludur. Armavir şəhərində isə “Vətəndaş müqaviləsi” partiyasının (Paşinyanın öz partiyası - red.) nümayəndəsi David Xudatyan qalib gəlib. Eçmiədzində də eyni partiyanın üzvü Diana Qasparyan seçkiləri qazanıb.

“Vətəndaş müqaviləsi” partiyası Qafan şəhərində məğlub olub. Burada iqtidar nümayəndəsi Narek Babayan 2 min səs çoxluğu ilə rəqibi, partiyasız Gevork Parsyana uduzub. Erməni ekspertlərin fikrincə, Qafandakı məğlubiyyət Ermənistandakı inqilabi eyforiyanın yatdığına və insanların gerçək həyata geri döndüyünə bir işarədir. Məsələ burasındadır ki, seçkilərdən bir neçə gün əvvəl Paşinyanın şəxsən özü Qafana gəlib və burada istədiyi namizədin təbliğatını aparıb. “Artıq inqilabın təsirlərinin tədricən azaldığını, Paşinyan hakimiyyətinin cəmiyyəti ”ağlar və qaralar"a bölmək, habelə insanları Robert Köçəryan və Serj Sərkisyan faktorları ilə qorxutmaq tezislərinin işləmədiyi aydın görünür", - erməni analitik Sərkis Arsruni yazır.

Müəllif Qafandakı məğlubiyyətin şəhər əhalisinin Nikol Paşinyanın Sünik vilyətinin qubernatorluğuna keçmiş polis Unan Poqosyanı təyin etməsinə orijinal cavabı olduğunu vurğulayır. “Bununla Nikol Paşinyanın ”barrikadaları sökmək" siyasətinin iflas etdiyini görmək olar. Paşinyan sərt siyasi kursu uğursuz kadrların təyinatı ilə qarışdırmaqla böyük səhvə yol verdi" - erməni icmalçı yazır.

Ermənistan politoloqlarının rəyinə görə, bələdiyyə seçkiləri parlament seçkilərində hamının düşündüyü kimi, hazırkı baş nazirin şərtsiz qalibiyyəti ilə nəticələnəcəyi tezisini də şübhə altına qoyur.

Belə görünür ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan müxalifəti seçkidə iştiraka razı salmaqla heç də bütün maneələri dəf edə bilməyib. İlk baxışda Paşinyanın Rusiya ilə münasibətlərini normallaşdırdığı görünsə də, onun hər an sürprizlə üzləşə biləcəyini demək mümkündür. Elə Paşinyanın yeri gəldi-gəlmədi Dağlıq Qarabağ məsələsi ilə bağlı kəskin mövqe sərgiləməsi də seçkilərdə üzləşə biləcəyi təhlükələri neytrallaşdırmaqla daha çox bağlıdır. Erməni ekspertlərin şərhləri də bunu təsdiqləyir.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda Ermənistanda seçki kodeksinə dəyişikliklərlə bağlı parlament müzakirələri aparılır: “Burada da bir sıra narazılıqlar var, əsas narazılar da daşnaklardır. Onlar tam şəkildə belə bir seçkilərin erkən keçirilməsinə narazılıq edirlər. Paşinyan hazırda bir neçə istiqamətdə siyasi gedişlər edir. Bu, əsasən diaspora siyasəti, bir sıra şəhərlərdə özünə loyal olan qüvvələrdən mer seçkiləri, polislərin Ermənistan-Azərbaycan sərhədinə getməkdən imtina etmələri ilə bağlı yaranmış gərginliyin aradan qaldırılmasıdır. Yəni Paşinyan baş nazir vəzifəsinin içraçısıdır və hətta bəzi siyasətçilər onu futbol komandası ilə müqayisə edirlər ki, Paşinyan həm qapıçı, həm müdafiəçi, yarımmüdafiəçi və hücumçu rollarını da oynamağa çalışır. Bir sıra rayonlarda artıq onun tərəfdarları mer seçildilər, bu da ona seçki üçün çox mühüm əhəmiyyət kəsb edir. Paşinyanın diaspora vəsaitinin əsas hissəsini öz əlində cəmləşdirən Beynəlxalq Erməni Fondu ilə bağlı bir sıra çətinlikləri mövcuddur və hələ ki ortaq məxrəcə gələ bilmirlər. Çünki vəsaitlərin xərclənmə mexanizmi şəffaf deyil və diaspora bu vəsaitlərin seçkiyə xərclənəcəyindən ehtiyat edir. Ermənistan polisi də sərhədə getməkdən imtina edir və bu da daxili siyasi vəziyyətə təsir edən ən mühüm amilə çevrilə bilər. Bu da Paşinyana hazırda lazım deyil. Paşinyanı eyni zamanda Köçəryanın mövqeyi də narahat edir və bu da siyasi gərginlik yaradan amillərdəndir”.

Bütün bunlar isə o anlamı verir ki, Paşinyan hökuməti hər an sürprizlərlə üzləşə bilər. Kəsəsi, ölkədə tufanqabağı sakitlik hökm sürür. Çünki Paşinyan əleyhidarları fürsət gözləyir...


loading...