Yuxarı
loading...
loading...

Qarabağ probleminin açarı ABŞ-da olsaydı...

22.10.2018 12:32 Oxunma sayı: 1271


Politoloq: “Rusiya istəsə belə, ABŞ istəməyincə bu problem həllini tapmayacaq...”

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçiliyi öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, ABŞ, Fransa 25 ilə yaxındır problemin həllində heç bir uğura imza ata bilməyib. İllərdir bu münaqişənin həll edilməmiş saxlanmasında Rusiya amilinin əsas rol oynadığı dəfələrlə bəyan edilib.

Azərbaycan cəmiyyətində belə rəy hakim kəsilib ki, Qarabağ məsələsinin açarı Rusiyanın əlindədir. Bu münaqişənin hələ də yoluna qoyulmamasında, məsələnin bu qədər uzanmasında Rusiyanın maraqları rol oynayır.

Ancaq nədənsə Minsk Qrupu həmsədərlərindən olan dünyanın super gücü ABŞ-ın Qarabağ məsələləsinin həllində təsir imkanlarından az danışılır. Cəmiyyətdə bu cür rəylərə də rast gəlirik ki, Qarabağ məsələsnin açarı Rusiyanın deyil, ABŞ-ın əlində olsaydı münaqişə çoxdan həllini tapardı.

Politoloq Natiq Miri isə “Yeni Müsavat”a şərhində bildirdi ki, əslində Qarabağ məsələsinin açarı təkcə Rusiyada deyil:“Üzdə belə bir görüntü var ki, açar yalnız Moskvanın əlindədir. Reallıqlar isə heç də belə deyil, Qarabağ probleminin açarı təkcə Rusiyada yox, həm də ABŞ-dadır. Rusiya hətta istəsə belə, ABŞ istəməyincə Dağlıq Qarabağ problemi tam həll olunmayacaq - baxmayaraq ki, Azərbaycanda bir çox siyasilər, ekspertlər o fikirdədir ki, Dağlıq Qarabağ probleminin açarı məhz Rusiyadadır. Ancaq mən heç vaxt bu cür düşünməmişəm. Bu gün də o fikirdəyəm ki, sözügedən problemin açarı nə qədər Rusiyadadırsa, bir o qədər də ABŞ-dadır. ABŞ istəməyincə, bu problem öz həllini tapmayacaq. ABŞ Azərbaycanın Rusiyanın orbitinə qayıtması şərti ilə Dağlıq Qarabağ probleminin həllinə heç vaxt razı olmayacaq. Nə zaman Rusiyanın təkbaşına vasitəçiliyi ilə münaqişənin həlli yolunda cüzi irəliləyiş olubsa Vaşinqtondan ”İndiki mərhələdə problemin həlli mümkün deyil" kimi tormozlayıcı bəyanatlar verilib. Bəyanatlardan başqa, qapalı müstəvidə konkret menaeələrin yaradıldığına da şübhə edilməməlidir. ABŞ-ın Cənubi Qafqazda, xüsusilə Azərbaycanda və Xəzər hövzəsində geosiyasi maraqları var. İran məsələsinin son vaxtlar ciddi şəkildə gündəmə gəlməsi ilə Amerikanın Azərbaycanda maraqları daha da artıb. Azərbaycan əgər Rusiyanın orbitinə qayıdar və Avrasiya İttifaqının üzvü olarsa, KTMT-yə daxil olarsa və Rusiya qoşunları sülhməramlı adı ilə yenidən Azərbaycan ərazilərinə qayıdarsa, düşünməyin ki, Vaşinqton buna seyrçi qalacaq və bu prosesin baş tutmasına imkan verəcək. Çünki bu, ABŞ-ın qəbul edəcəyi məsələ deyil. Ona görə də Amerika bu şərtlər altında Qarabağ probleminin həllinə heç zaman imkan verməyəcək. ABŞ-la Rusiyanın Dağlıq Qarabağ məsələsində uzlaşması asan deyil. Çünki hər birinin fərqli-fərqli maraqları kifayət qədərdir. Uzlaşmanın mümkün olması üçün hər iki dövlətin digər bölgələrdə də uzlaşması lazımdır".

Politoloq hesab edir ki, Qarabağ məsələsinin açarı yalnız ABŞ-ın əlində olsaydı belə, münaqişənin tezliklə həll olunacağı inandırıcı deyil: “Yuxarıda sadalanan faktorlardan başqa da Amerikada güclü olan erməni lobbisi faktoru da Amerikanın konkret hərəkətə keçməsində maneədir. Amerikada çox aktiv şəkildə təşkilatlanmış erməni lobbisi fəaliyyət göstərir. Məsələn, Amerkia Konqresində ermənipərəst mövqelər üstünlük təşkil edir - baxmayaraq ki, ABŞ hökuməti balanslaşdırılmış siyasət yürüdür. Amerikada Konqresin nüfuzu çox güclüdür, burada Ermənistanı sıxmaq, ona sanksiyalar tətbiq etmək yox, bu ölkəni dilə tutmaq lazım olduğu barədə düşünürlər”.

Qarabağ məsələsində ABŞ-dan ciddi addımlar gözləməyin ən azı, hazırda özünü aldatmaq olduğunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin dünən verdiyi açılama da göstərir. Uorlik bildirib ki, Birləşmiş Ştatların indiki administrasiyasını Dağlıq Qarabağ münaqişəsi maraqlandırmır.


loading...