Yuxarı
loading...
loading...

Millimizdən Olimpiadada zəif nəticə MÜQAYİSƏ

20.10.2018 19:15 Oxunma sayı: 2389


Dünən Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunları başa çatdı.

 17 atletlə 12 idman növündə təmsil olunan olimpiya millimiz cəmi altı medal qazana bildi.

Medal qazanan idmançılarımız cüdoçu Vüqar Talıbov, güləşçi Turan Bayramov (hər ikisi qızıl medal), ağırlıqqaldıran Tərmenxan Babayev(gümüş medal), taekvondoçu Cavad Ağayev, güləşçi Şahanə Nəzərovavə boksçu Nurlan Səfərov (hər üçü bürünc medal) oldu.

Legioner bədii gimnastımız Yelizaveta Luzan isə komanda yarışlarında qızıl medal qazandı. Lakin bu, Beynəlxalq Olimpiya Komitəsinin (Mixed-NOCs) adına yazıldı.

Olimpiya komandamız, təbii ki, əvvəlki illərlə müqayisədə çox zəif təsir bağışladı. Bunu tək medalların sayı və əyarı yox, tutduğumuz mövqe də təsdiqləyir. Belə ki, komandamız iki qızıl, bir gümüş və üç bürünc medalla XXXIV yeri tutdu. Eyni sayda və eyni əyarda medal qazanmış Norveç də bizimlə bu sıranı bölüşür.

Maraq üçün bildirək ki, budəfəki Olimpiada Rusiya millisinin hegemonluğu ilə yadda qalıb. Şimal qonşularımız 59 medalla (29 qızıl, 18 gümüş və 12 bürünc medal) lider olub. Çin və Yaponiya isə müvafiq olaraq II və III yerləri tutub.

Qarışıq Beynəlxalq Olimpiya Komitəsinin komandası 39 medalla (13 qızıl, 13 gümüş və 13 bürünc medal) şərti IV yerə çıxıb. Meydan sahibi Argentina isə 26 medalla VI yeri tutub. Cənubi amerikalılar 11 qızıl, altı gümüş və doqquz bürünc medal qazanıb.

Xatırladaq ki, millimiz 2010-cu ildə Sinqapurda keçirilmiş Olimpiadada XI yeri tutub. Onda komandamız səkkiz medal (beş qızıl və üç gümüş medal) qazanmışdı. Dörd il əvvəl Çinin Nankin şəhərində baş tutmuş Olimpiadada isə nəticələrimiz daha da yaxşılaşmış və X yeri tutmuşduq.

2014-cü ilki Olimpiya Oyunlarında komandamız 12 medalla Bakıya dönə bilmişdi. İdmançılarımız Uzaq Şərqdə beş qızıl, altı gümüş və bir bürünc medal qazanmışdı. 


loading...