Yuxarı
loading...
loading...

“Qaşıqçı işi” kral sarayını çətin vəziyyətə salıb

20.10.2018 12:40 Oxunma sayı: 1489

Müxalifləri bin Salmanın cəzalandırılmasını istəyir, ər-Riyad isə düşünür...

Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda yoxa çıxmış jurnalist Camal Qaşıqçının müəmması davam edir. Oktyabrın 2-də konsulluq binasına daxil olan Qaşıqçının bir daha oradan çıxmadığı bildirilir. Eyni zamanda ötən müddətdə mediada Qaşıqçının konsulluqda Ərəbistandan gəlmiş 15 nəfərlik heyət tərəfindən dindirilib və daha sonra öldürüldüyü barədə məlumatlar yayılıb.

Bir neçə gün əvvəl isə Amerika mediası jurnalistin konsulluqda öldürüldüyünü təsdiqləyən səs yazılarının Türkiyə istintaqının əlində olduğunu və daha sonra bu məlumatları Amerika tərəfinə verdiyi haqda məlumatlar yayıb. Ancaq ötən gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu iddianı təkzib edib. Çavuşoğlu Türkiyə tərəfinin Amerikaya hər hansı səs yazısı vermədiyini bildirib.

Sitat: “Türkiyə Pompeo və ya hər hansı başqa bir amerikalı dövlət rəsmisinə səs yazısı verməyib”.

Çavuşoğlu deyib ki, Türkiyə hökuməti Qaşıqçı işi ilə bağlı obyektiv və bütün dünyanın təqdir etdiyi peşəkar istintaq aparır. Eyni zamanda bildirib ki, hazırda istintaqın əlində bəzi dəlillər var və istintaqın nəticələri dünyaya elan ediləcək.

Qeyd edək ki, bu məlumatı Pompeonun özü də iddiaları təkzib edib, ona Türkiyədə hər hansı səs yazısının verilmədiyini deyib.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-ın CNN telekanalı məlumat yayaraq Səudiyyə Ərəbistanının yaxın vaxtlarda Qaşıqçı hadisəsi ilə bağlı açıqlama yayacağını bildirib. Həmin məlumatda qeyd olunur ki, ər-Riyad Qaşıqçının İstanbuldakı konsulluqda dindirilmə zamanı təsadüf nəticəsində öldüyünü etiraf edəcək.

Kaşıkçı ile ilgili görsel sonucu

ABŞ-ın “The New York Times” qəzeti yazıb ki, Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin qətldə general Əhməd Əl-Assirini ittiham edəcək.

Sitat: “NYT”-nın öz qaynaqlarına əsaslandığı məlumatına əsasən, Səudiyyə Ərəbistanı tərəfindən hazırlanan rəsmi açıqlamada insident “şahzadə Məhəmməd bin Salmanın general əl-Assiriyə Camal Qaşıqçını sadəcə yaxalamaq barədə şifahi əmr verdiyini, lakin generalın bu əmri ”yanlış analayaraq" və ya “səlahiyyətlərini aşaraq” onu öldürdüyü" kimi təqdim olunacaq.

Qəzetin xəbərinə görə, ər-Riyad ABŞ dövlət katibi Maykl Pompeoya da general əl-Assirinin adını verib.

Qeyd edək ki, general əl-Assiri bri neçə il Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatların sözçüsü olub. Şahzadə Məhəmməd bin Salmana ən yaxın isimlərdən biri olaraq tanınır.

Qəzetdə verilən informasiyaya əsasən, prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner qayınatasından Məhəmməd bin Salmanı dəstəkləməyi xahiş edib. Kuşner prezidentə Qaşıqçının ortadan itməsi və öldürülmüş olması il bağlı təzyiqlərin Səudiyyə Ərəbistanının digər “xətaları”nda olduğu kimi zamanla unudulacağını söyləyib.

Yeri gəlmişkən, media ər-Riyada səfəri zamanı dövlət katibi Pompeonun şahzadə Məhəmməd bin Salmana qətl işinin tezliklə açıqlamağı tövsiyə edib. Əks təqdirdə bu hadisənin açılacağı və krallıq üçün problemə çevriləcəyini dediyi iddia olunur.

Ötən gün prezident Donald Tramp bildirib ki, Qaşıqçı “dəqiq olaraq öldürülmüşə bənzəyir”. Eyni zamanda o əlavə edib ki, “bunun nəticəsi ağır olacaq”. Baş verənləri üzücü adlandıran Tramp hazırda Qaşıqçı işi ilə bağlı aparılan 3 ayrı istintaqın nəticələrini gözlədiyini və bundan sonra “çox güclü bir açıqlama yaycaqlarını” əlavə edib.

Kaşıkçı ile ilgili görsel sonucu

Eyni zamanda Tramp Qaşıqçı cinayəti ilə bağlı Səudiyyə Ərəbistanı hakimiyyətini qorumağa çalışması ilə bağlı ittihamları rədd edib. Tramp həmçinin deyib ki, o ümid edir ki, vəliəhd-şahzadə Məhəmməd bin Salmanın baş verən cinayətlə heç bir əlaqəsi yoxdur. Tramp bundan əvvəl isə bəyan edib ki. Türkiyə hökumətinin əlində Qaşıqçı cinayəti ilə bağlı faktlar varsa bunu Vaşinqtona təqdim etsinlər.

Maraqlıdır ki, iki gün əvvəl “Vaşinqton post” qəzeti oktyabrın 2-də itkin düşən Camal Qaşıqçının qəzetdə dərc olunan sonuncu yazısını yayıb. Həmin yazısında Qaşıqçı ərəb dünyasının ən çox ehtiyac duyduğu şeyin söz azadlığı olduğu, ərəb rejimlərinə isə medianı susdurmaq səlahiyyəti verildiyi qeyd olunur.

Kaşıkçı ile ilgili görsel sonucu

Qeyd edək ki, son 10 gündə ardıcıl olaraq Türkiyə və ABŞ mediasında Qaşıqçının öldürülməsi ilə bağlı detallı bilgilərin, hətta otaqda dindirilmə və qətl zamanı baş verən danışıqların yayılması onu göstərir ki, istintaqın əlində Qaşıqçının öldürülməsi ilə bağlı dəqiq məlumatı var. Mediaya ötürülən bu məlumatlar isə ər-Riyadı qətl hadisəsini etiraf etməyə məcbur etmək məqsədi daşıyır. Bəzi media orqanları qətlin məhz şahzadə tərəfindən sifariş edildiyi, bu səbəbdən də açıqlamanın yubadıldığını iddia edir. Çünki qətlin sifarişçisinin Məhəmməd bin Salman olduğunu etiraf etməsi vəliəhdin karyerasının məhv olması deməkdir. Artıq Avropa və ABŞ şirkətləri, dövlət rəsmiləri Səudiyyə Ərəbistanı ilə layihələri, “səhranın Davosu” adlandırılan investisiya sammitinə qatılmaqdan imtina edib. Bu imtinalar Səudiyyə Ərəbistanı üçün ciddi imic zərbəsidir. Üstəlik krallığın başlatdığı islahat xəttinə ciddi zərbə vurur. İndi ər-Riyad ya gərək vəliəhdi qurban versin, ya da ağır cərimələr və cəzalar ödəmək hesabına olsa da, vəliəhdi qorusun. Ancaq bunun əvəzinə daha bir ciddi fiquru qurban versin. Bu qurbanın əl-Assir olacağı güman edilir. Bu arada Türkiyə hökumətinin də qətlin əsas sifarişçisinin cəzalandırlması və vəzifədən azad edilməsini tələb etdiyi bildirilir.

Eyni zamanda mediada artıq iri tayfa ağsaqqallarının bu mövzuda toplantı keçirdiyini, eləcə də din alimlərinin Məhəmməd bin Salmanı vəliəhdlikdən kənarlaşdırılması üçün müraciət etməsi ilə bağlı məlumatlar yayılıb. İndi isə seçim kral Salmanın üzərindədir. Kral yaxın vaxtlarda yekun mövqeyini elan edəcək


loading...