Yuxarı
loading...
loading...

Məmurlara ictimai nəzarət mexanizmi necə olmalı...

12.10.2018 12:34 Oxunma sayı: 1306


Ekspert: “Ən effektli mexanizm bu şəkildə qurula bilər...”

Oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Ölkə başçısı müşavirədə geniş nitq söylədi. 9 ayın yekunları müzakirə olundu, qarşıdakı vəzifələrə toxunuldu. Prezident qanunsuzluqlara yol verən məmurların fəaliyyətinə, ümumiyyətlə, məmurların fəaliyyətinə vətəndaş nəzarətinin, ictimai nəzarət mexanizminin olmasının da vacibliyindən danışdı.

İctimai nəzarət institutunun hər bir cəmiyyət və dövlətin inkişafında mühüm faktor olduğu bəllidir. Bəs bu institutun güclü və təsirli olması üçün nələrin olması, hansı mexanizmin mövcudluğu gərəkdir?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ölkə prezidenti çox vacib məsələni gündəmə gətirib. Həqiqətən də ictimaiyyət gərək icra orqanlarının, məmurların qanunsuz fəaliyyətinə qarşı mübarizə aparsın. Çünki bir sıra məmurlar ikili həyat yaşayırlar. Bir qismi guya prezidentin tapşırıqlarını yerinə yetirdiklərini göstərməyə çalışır, ancaq əslində varlanmaq üçün qanunsuz işlərlə məşğul olurlar. Məmur qanunsuzluğuna qarşı vətəndaş mövqeyi, ictimai nəzarət olmalıdır: “Özümdən misal çəkmək istəyirəm. Bir səhər oyandım ki, həyətdəki bağları sökürlər. Buna sevindim, çünki bağlar qanunsuz idi. Yasamal Rayon İcra Hakimiyyəti guya binamızın qarşısını abadlaşdırmaq istəyirdi. Sonradan gördük ki, sökülən qanunsuz bağların yerində gecə ikən ağacları kəsirlər. 40-50 ilin şam ağaclarını bir həftə içində kəsdilər. Sən demə, yerində iki ofis binası tikirlərmiş. Qanuni mübarizə apardıq, yeni ağaclar əkdik, onları da gecə ikən qopartdılar. Medianı hadisə yerinə dəvət edim, çoxsaylı müsahibə və açıqlamalar verdim. Yasamalın keçmiş icra hakimiyyəti başçısının qanunsuz əməllərlə məşğul olduğunu açıqladım, həyətimizin ətrafını işbazlara satdığını və ağacları məhv etdiyini bildirdim. Yazmadığım yer qalmadı, Ekologiya Nazirliyindən tutmuş Prezident Administrasiyasına qədər bina sakinlərinin şikayətlərini hazırladım. Ancaq heç bir faydası olmadı. Çünki prezidentin tənqid obyekti olaraq nəzərdə tutduğu məmurlar, icra hakimi və onunla sövdələşən işbazlar böyük rüşvət qarşılığında binamızın ətrafını ələ keçirmişdi. Bu gün həmin ofis binalarından biri tamamlanıb, o birisinin isə tikintisi yarımçıq qalıb. Bu məsələni Yasamalın yeni icra  başçısına nəql etdim. Sağ olsun, tikintisi yarımçıq qalmış ofis binasının qanunsuz hasarını sökdürdü. Ancaq icra başçısının da qanunsuz ofisi sökdürməyə, ağacları bərpa etməyə gücü çatmadı. İcra başçısı məndən soruşdu ki, bilmirsiz bu bina kimə aiddir? Qanunsuz iki ofis binasını tikən mafiyanın arxasında dayanan şəxslərin adlarını sadaladım. İcra başçısı bir daha həyətimizə qayıtmadı.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Prezident məhz bu cür məmurlardan narazıdır. İctimaiyyət də narazıdır. Qanunsuzluqlarla mübarizə aparmalı olan dövlət orqanları və ayrı-ayrı məmurlar isə kölgələrindən də çəkinirlər, gözləyirlər ki, prezident fərman versin, sonra işə başlasınlar. Bu arada, prezidentin dediyi kimi, ictimai nəzarətin güclənməsi üçün mexanizmlər hazırlanmalıdır. İctimai nəzarətin, vətəndaş nəzarətinin effektli bir institut kimi işlək olması üçün vətəndaşlar tərəfindən verilən şikayətlərə dövlət qurumlarının operativ reaksiyası olmalıdır. Hansı məsələ ilə bağlı şikayət, hansı məmurun qanunsuz fəaliyyətindən narazılıq, şikayət, etiraz varsa, müvafiq orqanlar təcili ciddi tədbirlər görməlidirlər. Ən effektli mexanizm bu şəkildə qurula bilər. Məmur bilməlidir ki, qanunsuzluğuna etiraz edən vətəndaşların etirazları ciddi nəticə verəcək və onun cəzalanmasına gətirib çıxaracaq".  

Ekspert hesab edir ki, ictimai nəzarət institutunun effektli işləməsi üçün vətəndaşların öz hüquqlarını bilməsi, qanunlardan məlumatlı olması, ictimai məsuliyyətinin nədən ibarət olduğunu bilməsi də vacibdir. 


loading...