Yuxarı
loading...
loading...

Rusiyada ikinci “Qarabağ problemi”

12.10.2018 12:16 Oxunma sayı: 1298


Şimal qonşumuz SSRİ-nin taleyini yaşaya bilər

Çeçenistan və İnquşetiya arasında sentyabrın 26-da inzibati sərhədin təyin edilməsi ilə bağlı müqavilənin imzalanmasından sonra baş verən hadisələr təhlükəli həddə çatır. İnquşetiyada əhali bu qərara sərt şəkildə etiraz edir. Hər keçən gün bu ölkədə etirazçıların sayı artır. İnquşlar bölgünün Çeçenistanın xeyrinə olduğunu bildirərək, ölkə başçısı Yunus-Bəy Yevkurovu istefaya çağırırlar.

Baş verən hadisələrlə bağlı rusiyalı təhlilçi Piter Eltsovun açıqlamaları daha çox diqqət çəkir. O, “Amerikanın Səsi”nə müsahibəsində deyib ki, Rusiyanın Qafqaz bölgəsində uzun müddətdir mövcud narazılıqlar regionun özü, eləcə də Avrasiyanın qalan hissəsi üçün təhlükə yaradır: “Torpaq mübadiləsi 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ortaya çıxan ərazi iddiaları ilə bağlı gərginliklərə son qoymalı idi. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bir hissəsi olan bu iki bölgə Sovet İttifaqının dağılmasından bir il sonra ayrılmışdı. Torpaq mübadiləsi gərginliyi dayandırmaq əvəzinə inquşların qəzəbinə səbəb oldu”.

Eltsov deyir ki, Qafqazda istənilən vaxt döyüşlər baş verə bilər. Eyni zamanda rus təhlilçisi Şimali Qafqazın son dərəcə dəyişkən olduğunu qeyd edir: “Bu isə bütün Avrasiya regionunda və ən azından Rusiyanın dağılmasına səbəb ola biləcək böyük qlobal müharibəyə səbəb ola bilər”.

Ekspertlər bu hadisələri ötən əsrin 80-cı illərinin sonunda Dağlıq Qarabağda baş verən hadisələrlə müqayisə edirlər. SSRİ-nin məhz o hadisələrdən sonra dağıldığı vurğulanır və Şimali Qafqazda cərəyan edən bu proseslərin Rusiya üçün xoş olmayan sonuclar verə biləcəyi qeyd olunur.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu  dedi ki, inquşlar bu sazişin onlarla məsləhətsiz qəbul olunduğunu bildirirlər. Mitinqə dəstək verən İnquşetiyanın keçmiş rəhbəri Ruslan Auşev də sazişi tənqid edir: “SSRİ dağıldıqdan sonra bu mübahisə yenidən alovlandı. Ancaq Çeçenistanda baş verən iki müharibə torpaq bölgüsü məsələsini arxa plana keçirdi. Buna baxmayaraq, Çeçenistan İnquşetiya ərazisindəki bəzi ərazilərə iddia edir və həmin yerlərin tarixən çeçenlərə aid olduğunu iddia edirdi. Moskva uzun müddət bu prosesə müdaxilə etmədi. Rusiya hakimiyyəti bunu çeçenlərlə inquşların daxili məsələsi hesab edirdi. Buna baxmayaraq, Moskva çeçenlərlə inquşlar arasında toqquşma ehtimalının da qarşısını alırdı. Belə görünə bilər ki, Moskva Çeçenistanla İnquşetiya arasında imzalanan sazişə dəstək verdi. Ancaq bu saziş çeçenlərin maraqlarına cavab verdiyi halda inquşların maraqlarına cavab vermədi. İnquşlar mübahisəli torpaqların çeçenlərə verilməsinə etiraz edirlər. Moskva hələ ki bu məsələdə mövqeyini dəqiqləşdirməyib. Kreml gözləmə mövqeyindədir. Kremlin nəzarəti altındakı televiziya kanalları da Maqasdakı mitinq haqqında reportaj vermirlər. Moskva inquşların etirazına diqqət yetirmir. Ancaq bu etirazlar inquşlarla çeçenlər arasında münaqişəni gücləndirə bilər. Bu isə Şimali Qafqazda gərginliyi artıracaq. İndi Rusiya öz ərazisində münaqişə ilə üzləşib və mürəkkəb problemi həll etməlidir. Kreml çətin vəziyyətdədir. Rusiya Çeçenistan hakimiyyəti ilə İnquşetiya hakimiyyəti arasındakı sazişi rəsmən dəstəkləsə, inquşların əleyhinə çıxmış olacaq. Kreml sazişə yenidən baxılmasını tələb etsə, bu dəfə çeçenlərin etirazı ilə üzləşəcək. Əslində Rusiyanın daxilində və daha çox Şimali Qafqazda yaranan bu vəziyyət ondan xəbər verir ki, Moskva regional siyasətdə diqqətli olmalı, başqa millətləri üz-üzə qoymamalıdır. Heç bir dövlət çeçenlərlə inquşlar arasındakı mübahisəyə qarışmır. Ancaq Moskva imkan düşən kimi başqa dövlətlərdə bu kimi məsələlərə qarışır, ”parçala və hökm sür" siyasəti ilə mövqelərini gücləndirməyə çalışır".

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli Rusiyanın SSRİ-nin taleyini yaşaya biləcəyini ehtimal edir: “SSRİ-nin çökməsi Dağlıq Qarabağ münaqişəsi ilə başladı. O vaxt Moskva vaxtında müdaxilə edib erməni separatçılarını yerində otuzdursaydı, bəlkə də SSRİ dağılmazdı. Amma necə deyərlər, nə olursa yaxşılığa doğru olur. SSRİ-nin varisi Rusiyanı da ancaq milli münaqişələr dağıda bilər. Putinin reytinqi düşüb. Zatən hakimiyyətə Putin ikinci çeçen müharibəsinin hesabına gəldi. Amma SSRİ nümunəsində olduğu kimi, Rusiyada milli münaqişələr uzansa, kontroldan çıxa və sonda milli respublikaların azadlıq savaşına çevrilə bilər. İndiki zamanda Çeçenistanla İnquşetiya arasında rayon dəyişmək axı nəyə və kimə lazımdır? Çeçenistanla İnquşetiya arasında Sunjenskiy rayonu ətrafında mübahisələr olub. 2003-cü ildə Axmat Kadırov və Murad Zazyikov arasında Sunjenskiy rayonu arasında razılıq əldə olunub. Sunjenskiy rayonunun iki yaşayış məntəqəsi Çeçenistana verilib, qalan hissəsi isə İnquşetiyada qalıb. İndi də İnquşetiyanın Nadtereçnıy rayonu Çeçenistana verilib, Çeçenistan da əvəzində eyni ərazi təşkil edən Maloqbek rayonunu İnquşetiyaya verib. Rusiya çox riskli oyuna girib. Postsovet məkanının ən qədim münaqişəsi olan Dağlıq Qarabağ problemi sonda SSRİ-nin dağılmasına gətirib çıxartdı. Şimali Qafqazda yeni milli münaqişə ocağı da Rusiyanın dağılmasına gətirib çıxaracaq”.


loading...