Yuxarı
loading...
loading...

Qaşıqçı müəmmasını amerikalı müfəttişlər araşdırır

12.10.2018 11:17 Oxunma sayı: 1326


ABŞ prezidenti məsələni nəzarətə götürdüyünü bildirir, jurnalistin isə izi-tozu yoxdur

Amerika Senatının 22 üzvü prezident Donald Trampa müraciət edərək jurnalist Camal Qaşıqçı işi ilə bağlı rəsmi istintaq başladılmasını tələb edib. Senatorlar Trampın Beynəlxalq Maqnitski Qanunu çərçivəsində istintaq və həmçinin cavabdeh səudiyyəli rəsmilərə qarşı sanksiyaların tətbiq olunması barədə əmr verməsini istəyiblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı vətəndaşı, son bir ildə Türkiyə və ABŞ-da yaşayan jurnalist, “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçı oktyabrın 2-də itkin düşüb. Sonradan əldə olunan videogörüntülərə əsasən gündüz saat 13:14 radələrində Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunun binasına daxil olur. Ancaq jurnalistin binadan çıxdığına dair heç bir görüntü yoxdur. Konsulluq videokameraların həmin saatlarda qeydiyyat aparmadığını bildirib. Eyni zamanda konsulluq binasına jurnalistlər buraxılıb.

ABŞ prezidenti isə bildirib ki, Qaşıqçı mövzusunu bir neçə dəfə yüksək səviyyəli Səudiyyə Ərəbistanı rəsmiləri ilə müzakirə edib. O deyib ki, səudiyyəlilərdən bu istiqamətdə bütün məlumatları istəyirlər. “Nə olduğunu bilmək istəyirik. Bizim üçün, Ağ Ev üçün çox ciddi bir məsələdir. İşin əslini bilmək istəyirik” - deyə, Tramp Ağ Evdə jurnalistlərə bildirib. Prezident deyib ki, Qaşıqçının itməsi hadisəsi dərindən araşdırılmalıdır. Eyni zamanda o deyib ki, Qaşıqçının evlənməyə hazırlaşdığı nişanlısı Hatice Cengizi Ağ Evə dəvət edəcək. Tramp onu da bildirib ki, amerikalı müfəttişlər Qaşıqçı işi ilə bağlı türkiyəli xəfiyyələrə yardım edir.

Qeyd edək ki, Qaşıqçının öldürüldüyü iddiaları ilə yanaşı hələ sağ olduğunu iddia edənlər də var. Britaniya qəzetləri Qaşıqçının sağ ol biləcəyi, gizli yollarla Səudiyyə Ərəbistanına aparıla biləcəyini yazıblar. Oxşar fikriləri Türkiyənin məşhur Yaxın Şərq yazarı Hüsnü Mahalli də səsləndirib. Mahalli Qaşıqçının tezliklə ər-Riyada peyda ola biləcəyini iddia edib.

Ağ Evin sözçüsü isə bildirib ki, yüksək rütbəli ABŞ rəsmiləri bir neçə dəfə Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışıb. Bin Salmanla telefonla danışanlar dövlət katibi Mayk Pompeo, Trampın müşaviri Con Bolton və kürəkəni, eyni zamanda müşaviri Cared Kuşner olub.

Qeyd edək ki, ABŞ mətbuatı Amerika kəşfiyyatının Qaşıqçının oğurlanması planı ilə bağlı daha əvvəldən məlumatlı olduğunu yazıb. ABŞ kəşfiyyatının telefon dinləmələri vasitəsilə bunu müəyyən etdiyi iddia edilir. O da bildirilir ki, Ərəbistan rəsmiləri Qaşıqçını oğurlayıb Ər-Riyada aparmağı planlayıblar.

“Nyu York Tayms” qəzeti isə türkiyəli dövlət məmuruna istinadən Qaşıqçının konsulluqda öldürüldüyünü və cəsədinin doğranaraq binadan çıxarıldığını yazıb. Oktyabrın 10-da isə Türkiyə mətbuatı Qaşıqçı cinayəti vaxtı Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrup haqda detallı bilgiləri paylaşıb. Həmin məlumatda qeyd olunur ki, 6 və 9 nəfərdən ibarət iki qrup xüsusi reyslə bir gün əvvəl, yəni oktyabrın 1-də İstanbula gəlib. Səhəri gün konsulluğa gələn səudiyyəli qrup günortadan sonra konsulluğu tərk edib. Diqqət çəkən daha iki detal heyətin İstanbul bazarından səfər çantaları alması və heyət içərisində bir nəfər Məhkəmə Tibbi Ekspertiza idarəsi mütəxəssisinin olmasıdır. Ancaq bununla belə, hələlik istintaqda Qaşıqçının konsulluqdan çıxması və ya çıxarılması, eləcə də öldürülməsi ilə bağlı dəlil yoxdur.

Kaşıkçı ile ilgili görsel sonucu

Bu arada Qaşıqçının evlənməyə hazırlaşdığı nişanlısı Hatice Cengiz “Haber Türk” qəzetinə açıqlama verib. Nişanlısı Qaşıqçının hələ yaşadığına ümid etdiyini bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Qaşıqçı məsələsinə reaksiya verib. Macarıstandan geri dönən Ərdoğan Səudiyyə Ərəbistanı konsulluğunda kamera çəkilişlərinin olmamasına inanmadığını bildirib.

Ä°lgili resim

Bu arada, məlum olub ki, ABŞ enerji naziri Ernest Muniz Qaşıqçı hadisəsinə etiraz olaraq jurnalistin həyatı barədə məlumat açıqlanacağı tarixə qədər Səudiyyə Ərəbistanının NEOM layihəsinə məsləhət dəstəyi verilməsi proqramını dayandırıb.

Xatırladaq ki, türk əsilli Səudiyyə Ərəbistanı vətəndaşı Camal Qaşıqçı ölkəsinin məşhur qələm adamlarından hesab olunur. Hakim ailəyə yaxın olan jurnalist uzun illər nüfuzlu Ərəbistan medialarında çalışıb və ya onlara rəhbərlik edib. Ancaq Qaşıqçının “Müsəlman Qardaşlar” Hərəkatına yaxın olması, zaman-zaman demokratiya çağırışları, eləcə də hazırda hakimiyyətin sevmədiyi siyasilərlə yaxın olması onun özünə qapıları bağlayıb. Ötən il isə Qaşıqçı Ərəbistanı tərk edib. Bu dövrdə o, “Vaşinqton Post” qəzetində yazıb, ABŞ və Türkiyədə yaşayıb. Ancaq yoxa çıxmamışdan bir neçə gün əvvəl BBC-yə verdiyi müsahibəsində Qaşıqçı ölkəsinə qayıda bilməyəcəyini, orada onu təhlükə  gözlədiyini etiraf edib. Bu müsahibəni isə BBC dünən yayıb. Oktyabrın 2-də isə Səudiyyə Ərəbistanındakı kral sarayında çalışan keçmiş həyat yoldaşından boşanma işləri ilə bağlı bəzi sənədləri imzalamaq üçün krallığın İstanbul konsulluğuna gedən Qaşıqçı bir daha oradan çıxmayıb. Onun sağ olduğu və ya medianın iddia etdiyi kimi, konsulluqda öldürülüb çıxarıldığı dəqiq məlum deyil.


loading...