Yuxarı
loading...
loading...

Azərbaycanda terrorçuları maliyyələşdirənlərə qarşı mübarizə genişlənir - motiv

11.10.2018 12:58 Oxunma sayı: 1487


Nəzakət Məmmədova: “Azərbaycan nə qədər ki, bu cür siyasət aparır, ölkəmizdə terror olmayacaq...”

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı mübarizənin əhatə dairəsi genişləndirilir. Bununla bağlı Cinayət Məcəlləsinin 214-1 (Terrorçuluğu maliyyələşdirmə) maddəsinə dəyişiklik edilir. Dəyişikliklə maddənin dispozisiyasına 219-2-ci (Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər) və 270-1-ci (Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddəsi əlavə olunur.

Bildirilib ki, layihə dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə, habelə radioaktiv materialları talamaqla və bu materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələməyə görə cinayət məsuliyyəti müəyyən etmək məqsədilə hazırlanıb. Layihə yaxın günlərdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Ekspertlər bildirirlər ki, Azərbaycanın bu kimi addımlar atması təhlükəsizliyimizin, sabitliyimizin qorunması istiqamətində görülən tədbirlərin bir parçasıdır. Məlumdur ki, dünyanın bir sıra yerlərində xoşagəlməz hadisələr baş verməkdədir. Ərəb ölkələrindəki qarşıdurmalar hələ bitməyib. İraq və Suriyada terrorun kökünü tamamilə kəsmək hələ də mümkün olmayıb. Bu ölkələrin hər biri dini və etnik zəmində ərazi bütövlüyünün pozulması təhdidi ilə üz-üzədir.  Eyni zamanda bizə qonşu olan ölkələrin də ərazisində zaman-zaman terror dalğası müşahidə olunur. 

“Yeni Müsavat”a danışan  ekspert Nəzakət Məmmədova bildirdi ki, Azərbaycan prezidentinin apardığı balanslı siyasət ölkəni terrorçuların hədəfindən qoruyur: “Bəllidir ki, ən super dövlət belə, terrordan sığortalanmayıb. Yəni dövlət hərbi qüdrətindən asılı olmayaraq, terrorla hər zaman üzləşə bilər. Çünki bu elə bir fəaliyyətdir ki, onu əvvəlcədən müəyyənləşdirmək çətindir. Azərbaycanın yerləşdiyi geosiyasi mövqe,  dünyada gedən proseslər ölkəmizi də terror təhlükəsi ilə üz-üzə qoyur. Doğrudur ki, ölkəmizdə sabitlik təmin olunub və hüquq-mühafizə orqanları öz işlərini yüksək səviyyədə görür. Lakin reallıq budur ki, biz terrorun hədəfi ola biləcək ölkəyik. Eyni zamanda terrorçular üçün tranzit ölkə də ola bilərik. Bizə qonşu olan üç böyük dövlət - İran, Rusiya, Türkiyə hər zaman terror aktı ilə üzləşən ölkələrdir. Mərkəzi Asiya ölkələrindən isə daha çox radikal düşüncəli insanlar çıxır. Ümumilikdə, ətrafımız ”barıt çəlləyi"ni xatırladır. Bu əhatədə tək sabit ölkə olaraq Azərbaycan qalıb. O baxımdan bizə də təhlükə var. Terrorun arxasında böyük dövlətlər dayanıb. Bu dövlətlər istədikləri ölkəni şantaj etmək üçün terrora əl atırlar. Terrorun məqsədi bir ölkənin rəhbərinin siyasi qərarlar qəbul etməsinə təzyiq və təsir göstərməkdir".

Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Ekspert bildirib ki, bir zamanlar Azərbaycanda aktivləşən radikal dini qruplaşmalar artıq xeyli zəifləyib: “Müvafiq qurumlar da radikal dini qruplaşmalarla əlaqəsi olan şəxslərə qarşı ciddi əməliyyatlar keçiriblər. Yaxın Şərqdə gərginliyin artdığı ərəfədə dünyada fəaliyyət göstərən bütün radikallar xüsusilə də Suriya ərazisinə yollandılar. Onların bir qismi öldürüldü, digər bir qismi isə onları dəstəkləyən dövlətlərin köməyi ilə Əfqanıstana evakuasiya olundu. Əfqanıstan isə İranla yaxın ərazidədir, yəni bu ölkələrdən də bizə terror təhlükəsi var.  Azərbaycanda sabitliyin mövcud olmasında ölkə rəhbərinin apardığı siyasətin rolu böyükdür. Bir terror hadisəsi ölkəmizdə, əhali arasında böyük panika yarada bilər. Xatırlayaq ki, Mingəçevir hadisəsi zamanı işıqlar sönəndə insanlar necə çaşqınlıq içərisinə düşdülər və nə qədər müddət müzakirələr aparıldı. Çünki insanlar rahatlığa, sabitliyə öyrəşiblər. Bakı hər zaman rahat, əmin-aman olub. Söhbət həm də təbii fəlakətlərin olmamasından gedir. Ona görə də ölkəni terrordan qorumaq əsas məsələdir ki, dövlət də bunun öhdəsindən layiqincə gəlir. Terror dövlətlərin bir-birinə qarşı təzyiq vasitəsidir.  Sadəcə olaraq, yeri gələndə bunu müxtəlif adlarla təqdim edə bilirlər. Heç bir terrorçu özbaşına böyük kamplar yaradıb, silahlar ala bilməz. Bunu hansısa güclü dövlətlər əllərində təzyiq vasitəsi formalaşdırmaq üçün edirlər. Azərbaycanın isə siyasəti elədir ki, bütün  güc mərkəzləri ilə dil tapmağa çalışıb, ortaq məxrəcə gəlir. Azərbaycan hansısa güc mərkəzinin böyük marağına zidd getsə və ziddiyyət yaransa, bizə qarşı da terror edilə bilər. Hələ ki ölkə rəhbərinin siyasəti bizi qoruyur. Terrordan əziyyət çəkdiyini deyən ölkələrin özləri də terror təşkilatlarını maliyyələşdirir. Hesab edirəm ki, Azərbaycan nə qədər ki, bu cür siyasət aparır, ölkəmizdə terror olmayacaq. Terror aktları o zaman işə düşür ki, hərbi qüvvələrin tətbiqi risklidir, diplomatiya isə səmərə vermir.  Ölkələr bilirlər ki, onlara qarşı terror hadisəsini hansı dövlət edib və nə üçün bu cür addım atıb. Sadəcə olaraq, ictimaiyyətə açıqlama verilən zaman daha çox terror təşkilatlarının adı hallanır”.

 


loading...