Yuxarı
loading...
loading...

Azərbaycan üçün neftin “komfort qiymət”i RƏY

09.10.2018 19:00 Oxunma sayı: 1301


Bu gün neftin qiyməti ilə bağlı 2019-cu il üzrə mənfi proqnozlar səslənməyə başlayıb.

 ucuzlaşma ilə bağlı riskləri Azərbaycan hökuməti də nəzərə alacaq. 

Neft üzrə ekspert İlham Şabandan aldığımız məlumata görə, neftin ucuzlaşması ilə bağlı artıq Qərb analitikləri proqnozlarını açıqlayıblar və “Lukoil”un prezidenti Vahid Ələkbərovun çıxışı da bunu təsdiqləyib.

 

İranın dünya bazarına çıxışına qoyulan sanksiyaları nəzərə alsaq, qara qızılın bahalaşması ehtimalı gücləndiyi bir vaxtda belə pessimist açıqlamaların verilməsi diqqət çəkir. 

İlham Şaban hesab edir ki, neftin qiymətinin formalaşmasına birjaya gələn “qırmızı xəbərlər” birbaşa təsir edir. Təbii ki, risklər neftin qiymətini qaldırır, lakin yumşaldıcı bəyanatlar, geosiyasi mesajlar da qiymətə böyük təsir gücünə malikdir. Xatırladaq ki, neftin ən yüksək qiyməti 2008-ci ildə, 148 dollar səviyyəsində olub. 

“Əsas odur ki, neftin orta qiymətini müəyyənləşdirib buna uyğun iqtisadi proseslərə yanaşma qurasan. Neftin üç gün yüz dollara satılması o demək deyil ki, qiymətlərin düşmə ehtimalı yoxdur və tez həmin pulu xərcləmək haqqında düşünməliyik”. 

Rusiya tərəfinin açıqlamasına görə, neft nə qədər sürətlə qalxırsa, növbəti mərhələdə bir o qədər sürətlə enə bilər. Rusiya prezidenti Vladimir Putin isə Rusiya enerji həftəsində neftin ən yaxşı dəyəri kimi “65 dollar ətrafında” cümləsini işlədib. Bu qiyməti həm istehlakçılar, həm də istehsalçılar üçün “komfortlu” bir qiymət hesab edib.

İ.Şaban Azərbaycan üçün neftin “komfort” qiyməti ilə bağlı rəsmi açıqlamaların olmadığını vurğulayaraq, Azərbaycan cəmiyyətinin neftin bahalaşması üçün ifadəli şəkildə desək, duaçı olduğunu bildirib: 

“Azərbaycanda hamı istəyir ki, neft 200 dollara qədər qalxsın. Bu isə neftin ölkə iqtisadiyyatına təsir gücünün nə qədər güclü olduğunu göstərir”. 

Neft qiymətlərinin formalaşmasında ABŞ-ın roluna gəldikdə, ekspert Trampın son fikirlərini belə analiz edib:

“Tramp deyir ki, neftin istənilən başqa bir məhsuldan fərqi olmamalıdır və digər məhsullar kimi azad şəkildə formalaşan qiymətlərlə satılmalıdır. Əslində, bu, bazar iqtisadiyyatı üçün normal bir yanaşmadır”. 

Amma nəzərə almaq lazımdır ki, neft qədər dünyada ikinci bir əlahiddə məhsul yoxdur. Çünki 3-4 trilyon dəyərə malikdir və bu məhsula hamının ehtiyacı var. 

İ.Şaban Azərbaycan iqtisadiyyatı üçün neftin “komfort” qiyməti barədə fikirlərini bölüşüb. Ekspert hesab edir ki, bu qiymət 55 dollar təşkil edir. Onun sözlərinə görə, 2019-cu il üçün Azərbaycan dövlət büdcəsi layihəsində neftin qiymətini 50 dollar səviyyəsində göstərib, lakin o, qiymətlərə bu qədər pessimist baxmır.

“Düşünürəm ki, 55 dollar dəyərində hesablanması daha real iqtisadi hesablamalar aparmağa imkan yarada bilər”. 


loading...