Yuxarı
loading...
loading...

Paşinyanın arvadının sülh çağırışına Bakıdan reaksiyalar

09.10.2018 10:54 Oxunma sayı: 1754


Rəsmi Bakı icazəsiz ölkəmizə gələnlərlə bağlı araşdırmalara başladı; Novella Cəfəroğludan Anna Akopyana sual: “Sən necə sülh istəyirsən ki, özün münaqişə törədirsən?”

Oktyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan bir qrup rusiyalı qadın ictimai xadimlə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gəlib.

 “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Anna Akopyan bu səfəri özünün “Qadınlar sülh naminə” sülhməramlı təşəbbüsü çərçivəsində təşkil edib. O, təmas xəttində Qarabağ münaqişəsinin tərəflərinə müraciətlə sülhə çağırış edib. A.Akopyanın təşəbbüsünə Rusiyadan qadın siyasi-ictimai xadimlər, həkimlər, yazıçılar, digərləri qatılıb. Sülh təşəbbüsü ilə təmas xəttinə gələn qadınları qondarma “dqr”in müdafiə naziri Levon Mnatsakanyan və “prezident” Bako Saakyan da müşayiət ediblər. A.Akopyan bildirib ki, bu təşəbbüsü başladanda hansı maneələrlə qarşılaşacağını nəzərə alaraq onun reallaşacağına inanmırdı. Təmas xəttində rusiyalı qadınlar da nitqlərlə və çağırışlarla çıxış ediblər. Akopyan onları Azərbaycana da səfər etməyə və təmas xəttinin digər tərəfindən sülhə çağırış etməyə səsləyib.

Anna Akopyan ile ilgili görsel sonucu

Qeyd edək ki, Azərbaycan XİN hələ bu barədə təşəbbüslər yenicə səslənən zaman etiraz bəyanatını səsləndirmişdi. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş nazirinin həyat yoldaşının irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadınların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etmək niyyəti ilə bağlı etiraz açıqlamasını yaymışdı. XİN-in yaydığı açıqlamada bildirilirdi: “Guya bu təşəbbüsün əsas məqsədi gənc əsgərlərin, günahsız insanların ölümünün qarşısını almaqdır. O zaman məsələyə köklü şəkildə yanaşmaq və “Ermənistan əsgərlərinin Azərbaycanın torpaqlarında nə işi var?” sualına cavab vermək lazımdır. A.Hakopyan humanitar missiyası üçün hədəfləri düzgün seçməyib, gənc insanların ölümünün qarşısını almaq üçün o, ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalı və erməni qadınlarını və analarını övladlarını Azərbaycanın işğal olunmuş torpaqlarına göndərməkdən çəkindirməlidir”.

XİN bəyan etmişdi ki, bu təşəbbüs hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb.

Rəsmi Bakı Akopyanın növbəti addımının ardınca da etiraz mövqeyini bəyan edib. ““Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli,  insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər”, XİN-in açıqlamasında bildirilir. Bakı daha sonra bəyan edib ki, Qarabağa icazəsiz gələnlərlə bağlı araşdırmalar aparılacaq: “Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək”. 

Təəssüf doğuran odur ki, A.Akopyan “sülhpərvər addım” adlandırdığı bu təşəbbüsə Qarabağ separatçılarının lideri, başkəsən Bako Saakyanı da qoşub. Bununla da o, atdığı addımlarda səmimi olmadığını nümayiş etdirib. Üstəlik, əgər o, sülh niyyətli qadın olsaydı, ilk öncə işğal altındakı ərazilərdə hərbi xidmət keçən oğlunu geri qaytarmağı israrla ərindən tələb edərdi. Üçüncüsü, onun Azərbaycan qarnunlarına məhəl qoymayaraq rusiyalı qadınlarla birlikdə Qarabağa gəlməsi, təmas xəttinə qədər irəliləməsi əslində sülhə aparan işartıların da üstündən xətt çəkməkdir. 

Publika.az xəbər verir ki, oktyabrın 8-də işğal olunmuş ərazilərə gələn Akopyan təmas xəttində erməni hərbi birləşmələrinə baş çəkib. A.Akopyanı Rusiyadan olan bir sıra yazıçı, jurnalist və müxtəlif ictimai statusları olan qadınlar da müşahidə edib. Onlar təmas xəttində müharibəyə qarşı bəyanatlar səsləndiriblər. “Bu müharibəni bitirmək lazımdır”, - “Vera” yardım fondunun rəhbəri Nyuta Federmesser deyib. Paşinyanın həyat yoldaşı onu müşahidə edən rusiyalı qadınlara Azərbaycana getməyi və orada da təmas xəttində baş çəkməyi tövsiyə edib. 

Rusiyalı qadınlar Azərbaycana gedəcəklərinə söz veriblər. Hərçənd, onlar getdikləri torpağın Azərbaycana məxsus olduğu və bu səfərin qanunsuz olduğu faktorunu unudurlar.

Novella Cəfəroğlu ile ilgili görsel sonucu

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, Ermənistan-Azərbaycan Sülh Platformasının üzvü Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, Akopyanın bu təşəbbüsü onların da etirazına səbəb olub: “Biz etirazımızı yazmışıq, hamımız da imzalamışıq. Rusiyalı qadınlara da məktub yazıb Peterburqa göndərmişik ki, siz Konvensiyanı, beynəlxalq hüquqları pozursunuz. Çünki bu ərazi Azərbaycan ərazisidir. Təbii ki, o ərazilərə gedə bilərsiniz, amma Azərbaycan ərazilərindən təmas xəttini keçməklə, Ermənistandan yox”.

N.Cəfəroğlu bildirdi ki, Rusiya XİN-ə də rəsmi etiraz göndəriblər: “Biz bu etirazları Azərbaycan-Ermənistan Sülh Platforması adından göndərmişik. Həm də Qadın Hüquqları Müdafiə Cəmiyyəti ayrıca etiraz məktubları hazırlayır”.

Novella xanım təsdiqlədi ki, bu addım sülh çağırışından çox, təxribatçı hərəkətdir: “Bu, həm bizim hissiyyatımıza toxunan hərəkətdir. Həm də sən necə sülh istəyirsən ki, özün münaqişə törədirsən? Sülh istəyən şəxs münaqişə yaradar?! Sülh istədiyini deyən xanım özü nifaq salır, özü də münaqişə yaradır”.  N.Cəfəroğlu dedi ki, A.Akopyan ilk dəfə sülh çağırışı ilə çıxış edəndə Sülh Platforması müsbət mövqeyini ifadə etmişdi: “Amma bildirmişdik ki, sən Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını qəbul etməklə sülhə gedə bilərsən. Biz də istəmirik ki, müharibə olsun, uşaqlarımız həlak olsun, şəhid verək. Bizim bir nəsil qızlarımız ərsiz qaldı, çünki oğullarımız müharibədə həlak oldu. Biz onu istəmirik. Ermənilərlə danışanda bəlli olur ki, onlarda da eyni vəziyyətdir. Bunun müqabilində sülh istəyən qadın ilk öncə deyər ki, bəli, biz bu torpaqları işğal etmişik, ancaq sülh istəyirik. Ona görə də deyər gəlin birtəhər danışaq, bəlkə kompromisə getdik. İstənilən halda sən mənim ərazi bütövlüyümə hörmət etməlisən. Qafqazda sülh olmalıdır, istəsək də, istəməsək də. Ermənilər çox şeyi itirdilər, pis vəziyyətdədirlər. Onlar qazı, nefti, dəmir yolunu itirdilər. Hansı ki, bu xətlər hamısı Ermənistan ərazisindən keçməliydi, getdi Gürcüstan vasitəsilə və ermənilər çox şey itirdilər. Ermənistan bizimlə sülhə getməlidir ki, Avropaya çıxışı olsun. Biz dağları yarıb Gürcüstan-Türkiyə vasitəsilə dəmiryolunu çəkdik. Ancaq Ermənistan işğala son qoysaydı, Naxçıvana gedən dəmiryolu vasitəsilə bu layihəni reallaşdırardıq, Ermənistan da ondan bəhrələnərdi. Bütün bunları itirdilər ermənilər. İqtisadi cəhətdən çox şeydən məhrum oldular...”


loading...