Yuxarı
loading...
loading...

Putinin reytinqi niyə düşür...

08.10.2018 10:26 Oxunma sayı: 1633


Əhəd Məmmədli: “Ruslar Amerika, Avropa, Asiyanı gəzib gəlirlər və onlar kimi daha yaxşı yaşamaq istəyirlər”

Rusiya prezidenti Vladimir Putinin reytinqi sürətlə aşağı düşür. Xüsusilə, axırıncı prezident seçkilərindən sonra rus xalqının Kremlin sahibinə inamı daha çox azalmağa başlayıb. Əvəzində şimal qonşumuzda ordu və kilsənin nüfuzu qalxmaqdadır.

Ekspertlər son 4 ildə, xüsusilə, prezident seçkilərindən sonra Qərbin Rusiyaya qarşı sanksiyalarının sərtləşməsi nəticəsində rus xalqının yaşayış durumunun pisləşməsinin Putinin reytinqinə ciddi təsir etdiyini bildirirlər. Mövcud vəziyyətin getdikcə Kreml üçün təhlükəli həddə çatdığı qeyd olunur. Bir sıra ölkələrdə baş verən hərbi çevrilişlərdən çıxış edərək söyləmək mümkündür ki, istənilən dövlətdə ordunun nüfuzunun yüksək olması həmin ölkələrin iqtidarlarının taleyinə daim təhlükədir. Artıq Putin hökumətinə bu cür təhlükənin olduğu barədə fikirlər səslənməkdədir. Rusiya prezidentinin reytinqinin getdikcə aşağı düşməsinin onun hökumətinin seçkilər yolu ilə iqtidarla vidalaşması ehtimallarını artırdığı da qeyd edilir.

Politoloq Əhəd Məmmədli Rusiyada ordunun həmişə yüksək pillədə olduğunu bildirdi: “Rusiya dövlətinin tarixinə baxsaq görərik ki, bu ölkədə kilsə və ordunun nüfuzu həmişə ən üst səviyyədə olub və bu üst səviyyədə çarları, qensekləri, prezidentləri təyin edib. Rusiyada kilsənin hökmranlığına fasilələr verilsə də, (Pyotrun, kommunistlərin dövrü) ordu həmişə başda olub. Rusların bir deyimi var: ”Rusiyanın iki müttəfiqi var, Ordu və donanma". Əsasən də Rusiya hücum siyasəti aparanda kilsə və ordunun nüfuzu böyük olur. Adətən rus dövləti qurulandan hücum siyasəti aparır. Putinin reytinqinin aşağı düşməsinin səbəbi sanksiyalardan əlavə, Suriya cəbhəsində son uğursuzluqlarla da bağlı ola bilər. Türkiyənin İdlibdə Rusiyanı dayandırması, davamında İsrailin sayəsində rus hərbi təyyarəsinin vurulması nəticəsində 15 nəfərin ölməsi Putinin tərəfdarları sayılan nüvə elektoratı tərəfindən ciddi narazılıqla qarşılandı. İdliblə bağlı türk-rus razılaşmasına canlı yayımda federal telekanalı olan “NTV”nin aparacısının “Putin Ərdoğana uduzdu” söyləməsi çox mətləblərdən xəbər verir. Bundan əlavə, Rusiyada formalaşmış orta təbəqə yaranır. Və bu orta təbəqə Qərblə, heç kəslə savaşmaq istəmir, həmin orta təbəqə Putin rejiminə sabit müxalifətdə durur. Rus orta təbəqəsinin imkanı var ki, dünyanı, Avropanı gəzsin. Daha inkişaf etmiş ölkələri gəzən rus insanı öz ölkəsinin daha inkişaf etmiş, korrupsiyasız olmasını istəyir. Nüvə elektoratı Krımla kifayətlənmək istəmir, orta təbəqəyə isə Krımdan, Suriyadan daha çox yaxşı yaşamaq lazımdır. Belə olan təqdirdə də Putin odla su arasında qalıb. Ona görə də hər iki tərəf Putini vurur, nəticədə rus liderin reytinqi aşağı düşməkdədir".

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq onu da bildirdi ki, rus xalqının psixolojisinin dəyişməsi lazımdır: “Putin bu psixologiyanın üstündə hakimiyyəti gəldi, bu psixologiyanın üstündə illərdir kifayət qədər uğurlu siyasət apardı, indi də həmin psixologiyanın əsrinə çevrilməkdədir. Rus psixologiyası isə həmişə iki seçim arasında qalıb: ”Böyük və ac və ya balaca, amma tox Rusiya". Rus psixologiyası da həmişə birincini seçib. İndi də həmin psixologiya Krım, Suriya ilə kifayətlənmək istəmir. Rus psixologiyasını təmin etmək üçün gərək rus tankları yenidən Berlində dursun, bu da mümkün olmadığı üçün Putinin reytinqi düşməyə başlayıb. Putinin reytinqinin yüksəlməsi üçün rus tankları heç olmasa Odessa, Mariupol, İdlibdə dayanmalıdırlar, yaxud da rus psixologiyasının dəyişməlidir. Mən o fikirlə razı deyiləm ki, Rusiyada Putin səviyyəsində lider yoxdur. Seçim həmişə var. Rus xalqı korrupsiyadan bezib, onlar şərq xalqlarından fərqli olaraq öz hakimiyyətlərinə qarşı daha tələbkar xalqdır. Yuxarıda qeyd etdiyim kimi Rusiyada formalaşmış orta təbəqə var. Rusiyada hələ SSRİ vaxtından etirazçı ziyalı təbəqəsi olub və bu ziyalı təbəqə daha mütəşəkkil şəkildə indi də var. Rusiya SSRİ kimi qapalı dövlət deyil. Ruslar Amerika, Avropa, Asiyanı gəzib gəlirlər və onlar kimi daha yaxşı yaşamaq istəyirlər. Bu da təbii bir haldır. Etiraf edək ki, Putin Rusiyanı heç olmasa Şərqi Avropa səviyyəsinə gətirib çıxara bilmədi. Əksinə sanksiyalar çoxaldıqca Rusiya iqtisadi baxımdan daha da geriləməyə başladı. Düzdür neft qiymətləri yenə qalxır, amma rus neftinin keyfiyyəti o qədər də yüksək deyil. Lakin rus qazı hələ də Avropaya lazımdır. Məhz bunun hesabına bütün sanksiyalara rəğmən rus iqtisadiyyatı ayaqdadır. Onu da deyim ki, orta təbəqə daha “samoqon” və kartofla yaşamaq istəmir, orta təbəqə də varlı təbəqə kimi bahalı fransız çaxırı ilə kürü yemək istəyir. Mövcud durum Putin hakimiyyətini laxladır, amma Putin yenə güclüdür. Onun kimi liderlər heç vaxt seçki yolu ilə hakimiyyətdən getmirlər. Putin kimi liderlər Rusiya tipli ölkələrdə ya hərbi çevriliş, ya da qırmızı inqilab yolu ilə hakimiyyətdən gedirlər. Lakin hələlik bu ssenarinin gerçəkləşməsi üçün səbəblər görmürəm. Putin və ətrafı vəziyyətdən çıxış yolu kimi hələ çox bəhanələrdən istifadə edə bilərlər, necə ki dəfələrlə ediblər də. Məsələn, xarici təhlükə, terror və s".


loading...