Yuxarı
loading...
loading...

İdlib anlaşmasına Amerika təhlükəsi

22.09.2018 13:16 Oxunma sayı: 1504


Vaşinqtonun mövqeyi Suriyanın şimalının taleyini həll edəcək

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Rusiya və Türkiyə prezidentləri arasında İdlib mövzusunda anlaşma əldə edib. Putin və Ərdoğanın Soçidə 3 saatdan artıq davam edən danışıqlarından sonra tərəflər İdlibin taleyini, necə deyərlər, sülhə bağlayıblar.

Soçi anlaşması İdlibdə atəşkəsin qüvvəyə minməsini təsdiqləyib. Anlaşmaya əsasən, oktyabrın 10-dək silahlı müxaliflər raket sistemləri, top, tank kimi ağır silahları bölgədən çəkəcəklər. Oktyabrın 15-dək İdlibdə silahlılar və hökumət qüvvələri arasında 15-20 kilometr genişliyində silahsızlaşdırılmış bölgə yaradılıacaq. Ən-Nusra, ya da yeni adı ilə “Heyət Tahrir əş-Şam” qruplaşması terror təşkilatı kimi tanındığı üçün silahsızlaşdırılmış bölgədən çıxaracaq. Silahsızlaşdırılmış bölgədə Rusiya və Türkiyə ordusu patrulları birgə hərəkət edəcək. Bu anlaşmaya əsasən hər iki tərəfin terrorçu kimi tanıdığı silahlılar silahsızlaşdırılmış bölgədən çıxarılacaq, onların bu bölgədə fəaliyyətləri yasaqlanacaq.

Bununla da bir müddətdir hazırlanan hərbi əməliyyatlar ən azı bu mərhələdə təxirə düşüb. Anlaşmanın ən mühüm detallarından biri də Hələb-Hama, oradan da Dəməşq və ölkənin cənub sərhədinə qədər gedib çıxan M-5 magistralının hökumət qüvvələrinin nəzarətinə keçməsi olub.

Ümumilikdə bu anlaşmanı Suriyada şiddətli müharibənin dayandırılması, iki böyük regional güc olaraq Suriyada əməkdaşlıq edən Türkiyə və Rusiya arasında əməkdaşlığın bərpa olunması, eləcə də Suriya hökumətinin ölkənin əsas şəhərləri arasında nəqliyyat bağını yenidən bərpa edə bilməsi baxımından mühüm irəliləyiş, Rusiya-Türkiyə əməkdaşlığını möhkəmləndirən bir addım olub.

Maraqlıdır ki, İran da bu anlaşmanı dəstəkləyib. Belə görünür ki, 3 dövlətin - Türkiyə-Rusiya-İranın Suriya üzərində ittifaqı yaranır. Bu, münaqişənin həlli istiqamətində mühüm irəliləyiş ola bilər. Çünki Türkiyə hazırda Suriyada əsas müxalif qüvvələrə təsir imkanı olan ölkədir, eyni zamanda Suriya ilə 900 kilometrlik sərhədinin olması, “Fırat Kalnakı” və “Zeytin Dalı” əməliyyatları ilə Türkiyə müəyyən qədər öz qqvvələrinin hesabına Suriyanın şimalında nüfuz dairəsini genişləndirə bilib. İran isə Hizbullah və İraqdan, eləcə də İran və Əfqanıstandan olan milis qüvvələri hesabına Suriyada ciddi gücə sahibdir. Yəni indiki şərtlərdə bu 3 ölkənin qəti iradəsi Suriyada böyük müharibənin başa çatması, sülhün əldə olunması istiqamətində ciddi addımın atılması üçün kifayətdir.

idlib anlaşması ile ilgili görsel sonucu

Lakin ortada bir ABŞ gerçəkliyi var. Hazırda Suriyanın 25 faizə qədər ərazisinə kürdlər, ya da başqa adla Suriya Demokratik Qüvvələri koalisiyası nəzarət edir. Təbii ki, onların da əsas dəstəkçisi ABŞ, Fransa və Böyük Britaniyadır (qismən - K.R.).  ABŞ-ın Suriyada 20-dək bazasının olduğu ehtimal edilir. Onlardan yalnız biri müxaliflərin nəzarətində olan ət-Tənf hərbi aerodromudur, yerdə qalanlar kürdlərin, yəni SDQ-nin nəzarət etdiyi bölgədədir. Eləcə də fransızların kürdlərin bölgəsində 5-dək hərbi bazasının olduğu bildirilir. Bütün bunlarla yanaşı ABŞ və müttəfiq ölkələr kürdləri sürətlə silahlandırırlar. Əgər 2017-ci ilə qədər bu silahlar Vaşinqton tərəfindən İŞİD-ə qarşı mübarizə adı ilə verilirdisə, hazırda İŞİD-in Suriyada mövqeləri kəskin şəkildə zəifləməsinə baxmayaraq silah və texnika yardımları davam edir. Görünür ki, Qərb Suriyada kürdlərin İraqda olduğu kimi, ən azı muxtar bölgə olması və müstəqil güc mərkəzinə çevrilməsinə çalışır. Bu mənada indi Suriyada Türkiyə, Rusiya və İran ittifaqının qarşısında əsas maneə ABŞ-dır. Vaşinqton xeyli gücləndirdiyi kürdlər vasitəsilə Suriyada müharibəni yenidən alovlandıra, hətta İdlib atəşkəs anlaşmasını poza bilər. Çünki Vaşinqtonun körfəz ərəb ölkələri xətti ilə Suriyadakı cihadçı qruplara ciddi təsir imkanları var və bunların vasitəsilə Türkiyənin anlaşmada üzərinə götürdüyü öhdəliklərin icrasına mane ola bilər. Müxaliflər Soçi anlaşmasına riayət etməkdən imtina etsələr, İdlibdə yeni müharibənin başlaması qaçılmaz olacaq. Bu mənada indi Vaşinqton və ümumilikdə Qərbin hansı mövqeni tutacağı maraq doğurur.

idlib anlaşması ile ilgili görsel sonucu

Məsələ ondadır ki, Vaşinqton 2013-cü ildə döyüş əməliyyatlarının sahədə Əsədin xeyrinə dəyişməsindən sonra Suriyada hakimiyyət dəyişikliyinə dəstəyi dayandırıb. Bunu Vaşinqtonun Dəməşqdəki sonuncu səfiri Ford da ötən il bildirmişdi. Ancaq Vaşinqton Suriyanı tamamən tərk etməyib, “yatırımlarını” kürdlərə edir.

Ancaq məsələ ondadır ki, kürdlər hazırda bölgənin 3 böyük dövləti - Rusiya, Türkiyə və İranla savaşmaq istəmirlər. Bu səbəbdən də Bəşər Əsədin dialoq təklifinə kürd tərəfi tez-tələsik razılıq verdi. Çünki ötən ilin payızında İraqın şimalında kürdlərə qarşı əməliyyat göstərdi ki, region ölkələrinin birgə fəaliyyəti olsa, kürdlər üçün ciddi nəticələrə səbəb ola bilər. Bu səbəbdən də hələlik İdlib ətrafında müəyyən sakitlik müşahidə olunur. Ancaq hər şey qarşıdakı günlərdə, xüsusən də İdlib anlaşmasının birinci mərhələsinin tamamlanacağı 10 oktyabrda bəlli olacaq. Silahlı qruplar anlaşma öhdəliyini yerinə yetirməkdən imtina etsələr, regiuonda toqquşmaların yeni mərhələsi başlaya bilər.


loading...