Yuxarı
loading...
loading...

Bakı metrosunda ilk və əhəmiyyətli YENİLİK – FOTO

21.09.2018 12:36 Oxunma sayı: 1151


Əlillərin və fiziki imkanları məhdud insanların metropolitendən istifadə imkanlarını genişləndirmək məqsədilə Bakı Metropoliteni tarixində ən böyük sosial əhəmiyyətli və genişmiqyaslı layihəyə start veriləcək.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məqsəd əlillərin və sağlamlığı məhdud insanların da heç bir məhdudiyyət olmadan metropolitendən təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün müvafiq şəraiti yaratmaqdır:

"Məlumdur ki, Bakı metrosunda xüsusilə əlil arabaları ilə hərəkət etmək çox çətindir. Məlumat üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil.

Bununla belə, görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülür.

Bu xüsusda qeyd oluna bilər ki, Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılıb və işlər davamlı olaraq aparılır".

O əlavə edib ki, bununla belə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlıq imkanları məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsi "Bakı Metropoliteni" QSC-də daim gündəlikdə saxlanılan məsələdir:

"Müvafiq araşdırma və müzakirələrin aparılması məqsədilə “Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən xüsusi işçi qrup yaradılıb. Məsələnin texniki həlli baxımından beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib.

Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib".

B.Məmmədov deyib ki, layihənin həyata keçirilməsi üçün bəzi texniki işlər yerinə yetirilməli, müvafiq qaydalar işlənib hazırlanmalıdır:

"Stansiyalarda konstruktiv hər hansı dəyişiklik nəzərdə tutulmasa da, vaqonlarda (son illərdə alınan müasir tipli 5 qatar istisna olmaqla) əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb.

Layihənin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məsləhətləşmələr aparılır. Layihə qısa zaman ərzində yekunlaşdırılaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq".



loading...