Yuxarı
loading...
loading...

Milli Şuradan İlqar Məmmədova ağır ittihamlar

14.09.2018 12:22 Oxunma sayı: 2659


Rafiq Manaflı: “Obıvatel” səviyyəsində “velikorus” təfəkkür daşıyıcıları..."

Natiq Cəfərli: “Onları danışdıranlar var”

VHP Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı azadlıq.info saytında “Mitinqin əleyhinə olanlar onu təşkil etmək imkanı olmayanlardır” başlıqlı yazı ilə çıxış edib. O, yazısında REAL Partiyasının sədri İlqar Məmmədovun “bostanına daş atıb”.

Sitat: “Axır vaxtlar mitinqlər siyasətlə məşğul olanların arasında ziddiyyətli diskussiyalara səbəb olub. Əsasən mitinq təşkil etmək üçün heç bir imkanı olmayan bir dəstə mübarizənin ən əhəmiyyətli silahı olan mitinqləri gözdən salmaq üçün əsl mücadilə aparırlar, onların mitinq fəallığına, mübarizəyə zərbələri dayanmaq bilmir.

Əgər bir siyasətçi olsun, ya siyasətlə maraqlanan olsun, mübarizədə mitinqləri gərəksiz, vaxtı keçmiş mübarizə vasitəsi hesab edirsə, o ya siyasi diletantdır, ya da yumşaq desək məqsədli, bir az sərt desək sifarişlə danışır. Donetsk separatçılarının lideri Zaxarçenko kimi qulduru “ədalətli sandığı səbəbdən əli silahlı vuruşan” hesab edən, “obıvatel” səviyyəsində “velikorus” təfəkkür daşıyıcılarının mübarizə üçün göstərdikləri yol da elə həmin təfəkkürün təcəssümüdür. Kökündən yanlışdır. Fərqli intellekt, kreativ yanaşma budursa, heyf, nə isə gözləyənlərin gözləntilərindən".

Qeyd edək ki, bir ay öncə azadlığa çıxan İ.Məmmədov avqustun son günlərində öldürülən tanınmamış “Donetsk Xalq Respubikası”nın lideri Aleksandr Zaxarçenkoya öz facebook profilində status həsr etmişdi. Bunun ardınca REAL sədri sentyabrın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycanda keçirilən mitinqlərin hakimiyyətin əlinə oynadığını bildirmişdi.

Bütün bunlardan çıxış edərək, konkret ad çəkməsə də, R.Manaflının yazısında birbaşa İ.Məmmədovu nəzərdə tutduğunu əminliklə söyləmək olar.

Картинки по запросу REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli

REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında Milli Şura funksionerinin dediklərinə bu cür mövqe sərgilədi: “Hər kəsin öz fikirlərini səsləndirmək haqqı var. Bunu inkar etmirəm. Amma fikirləri konteksdən çıxarıb, ictimaiyyətə doğru olmayan məlumatların ötürülməsi ya qərəzli, ya da sifarişli fikir bildirmək metodu hesab etmək olar. Çünki heç kim mitinqlərin tamamilə yararsız və mənasız bir mübarizə üsulu olduğundan danışmayıb, həmçinin nə İlqar Məmmədov, nə də REAL Partiyası. Sadəcə, biz 2013-cü ildən etibarən dəfələrlə mövqelərimizi açıqlamışıq ki, aksiyalar tutarlı olması, hökuməti güzəştlərə getməyə məcbur etməsi halında bunun uğurlu olduğunu söyləməyə imkan verir. Müxalifətdə olan dostlarımız son 20 ili analiz etsələr və görsələr ki, bu yollarla hansı məqsədlərə çatılıb, yaxud nələrə nail olunub, bax bunu izah etsələr insanlar da anlayarlar. Əgər son 20 ildə özlərinin də dediyi kimi demokratiya, insan haqları və digər məsələlərlə bağlı azadlıqlar məhdudlaşıbsa, məntiqlə belə çıxır ki, bu aksiyaların əks-effekti yaranıb. Yəni bu aksiyaların doğurduğu bu effektə görə ölkədə vəziyyət daha da pisləşib. Burada bir məntiqsizlik var. Aksiyalar o zaman effektli, öz bəhrəsini verəcək ki, insanların  ümid və inamları üzərində formalaşacaq. İnsanlar aksiyalar yolu ilə hökumətdən müəyyən güzəştlər qazanacaqlar. Azərbaycanda mitinqlər keçirmək siyasi partiyaların monopoliyasında olmamalıdır.

Dünyada görmüşük ki, istənilən məsələlərlə bağlı maraq qrupları yaranır. Bu qruplar da aksiyalar və digər üsullardan istifadə edirlər. Hökumətlər də müəyyən güzəştlərə getməyə məcbur olurlar. Bu nöqteyi-nəzərdən mitinqlər siyasi mübarizənin əsas formalarından biridir. Amma son 20 ildə keçirilən mitinqlərdə məqsəd elan olunub ki, nəticədə effektsiz olub. Mitinqlər vasitələrə çevrildiyi zaman effektli olur. Dünya təcrübəsi də bunu göstərir. Məqsəd yalnız mitinq keçirmək olduğu zaman heç zaman effekt olmayacaq. Sadəcə hökumətə müəyyən arqumentlər verilir. İqtidar xarici təmaslarında Azərbaycanda ”Sərbəst toplaşmaq azadlığı"nın pozulması ilə bağlı müxalifət tərəfindən verilən bəyanatlara bu cür aydınlıq gətirir ki, şəhərin mərkəzində heç bir maneələr olmadan aksiyalara yer verilir, sadəcə insanlar mitinqlərə gəlmirlər. Bu, bir faktdır. Doğrudan da insanların belə mitinqlərə ya az qoşulduğunu, ya da qoşulmadığını görürük. İnsanların ümid və inamlarına uyğun aksiyaların keçirilməsinə çalışmaq lazımdır. Bu yolla həm kütləvilik yaranacaq, həm də hökumətin əks reaksiyasına səbəb olacaq. Dediklərimiz bunlardan ibarətdir. Heç kim mitinqləri aşağılamır, lazımsız hesab etmir.

Mitinqlər o zaman effektli olacaq ki, ölkədə insanları dəyişikliklərə inandırmaq mümkün olacaq. Digər tərəfdən biz dəfələrlə qeyd etmişik ki, seçkilər yolu ilə hakimiyyətə gəlməyi qarşımıza məqsəd qoymuşuq. Çünki bizlər seçki yolu ilə Azərbaycanda hökuməti formalaşdırmağa qadir olan xalqın olduğuna inanırıq. Seçkilərlə uğur qazanmağa inanmayanlar demək xalqa da inanmırlar. Xalqa da inanmayanlar onlardan necə dəstək gözləyə bilərlər? REAL rəhbərliyi mitinqlərlə bağlı belə arqumentli fikirlər səsləndirməsəydi, Azərbaycanda yüz minlərin iştirakı ilə mitinqlər keçiriləcəkdi? Məsələlər çox absurd ittihamlara qədər gedib çıxır. Bizlər də zaman-zaman mitinqlərdən istifadə edəcəyik, amma bunu məqsədli etməyəcəyik. Çalışacaq ki, mitinqləri vasitəyə çevirək. Çox təəssüflər olsun ki, bizim belə arqumentli fikirlərimizi bəziləri cığallıqla qarşılayır, bunu anlamaq istəmirlər. Bu sadə izahlar dəfələrlə olub. Əgər bu sadə izahlara fikir vermirlərsə, öz bildiklərini oxuyurlarsa, demək, burada qərəz qarşı tərəfdəndir. Çünki deyilənlərin məğzi və fəlsəfəsi ikinci plana atılır".

REAL funksioneri İ.Məmmədova yönəlik “sifarişlə danışır” ittihamına daha sərt reaksiya verdi: “Belə absurd və aşağı keyfiyyətli fikirlərə münasibət bildirmək açığı bir az çətindir. Bu cür fikirlərin həmin şəxslərin özlərinə məxsus olduğuna da açığı inanmıram. Onları danışdıranlar var. Onların ”məntiqi" ilə biz də deyə bilərik ki, həmin sözləri İlqar Məmmədovun beş il yarımdan artıq mərd-mərdanə məhbusluq həyatı yaşayan, heç bir güzəştə getməyərək sonda hüquqi qalibiyyət qazanan azadlığa çıxan bir şəxsə çamur atmaq üçün sifarişlə deyirlər. O zaman bu fikirlərimizə cavabları nə olacaq? Belə çıxır ki, İlqar Məmmədovun populyarlığına ciddi bir paxıllıqları var. Bu yolla İlqar Məmmədovun populyarlığının zəiflədilməsinə çalışırlar. Mən də deyirəm ki, bu da hökumətin onlara verdiyi sifarişdir".

N.Cəfərli Zaxarçenko ilə bağlı REAL sədrinə R.Manaflının dediklərinə də münasibət bildirdi: “Həmin şəxs böyük bir partiyanın funksioneri sayılır. Əgər o şəxs İlqar Məmmədovun siyasi bəyanatını anlamırsa, siyasətlə məşğul olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki İlqar bəyin sözlərinin əsas məğzi əslində dünyaya ünvanlanmışdı ki, özünü siyasətçi sayan hər kəslə siyasət dili ilə danışmaq lazımdır, siyasətçi kimi davranılmalıdır. Bu fikirləri əslində onlar dəstəkləməli idilər. Dünyada bunun dəfələrlə örnəkləri də olub. O partiya dəfələrlə Fələstin məsələsinə mövqe bildirib. Fələstinin keçmiş rəhbəri Yasir Ərafatı uzun illər dünyada terrorla məşğul olan insan kimi siyahılara salmışdılar. O silahı yerə qoydu, danışıqlara başladı, sonra da Nobel Sülh Mükafatı aldı. İlqar Məmmədovun bu mövqeyi Azərbaycanda yeni bir siyasi mədəniyyətin başlanğıcı kimi ola bilər. Sadə bir məntiqi böyük bir partiyanın funksioneri anlamırsa, o insana deyiləcək bir sözüm yoxdur”.


loading...