Yuxarı
loading...
loading...

Bakı sabah keçiriləcək möhtəşəm parada hazırdır

14.09.2018 10:38 Oxunma sayı: 1523


Azərbaycan və Türkiyə prezidentlərinin  hərbi paradda birgə iştirakı gözlənilir

Sabah-sentyabrın 15-də Bakıda-Azadlıq meydanında   möhtəşəm hərbi parad keçiriləcək. Parad Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrinin əlindən azad edilməsinin 100 illiyi münasibətilə keçirilir.

Möhtəşəm paradla bağlı hazırlıqlar artıq yekunlaşıb. Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib.

Ssenariyə əsasən parad iştirakçıları Bakının küçələrindən Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə 100 il bundan əvvəl Azərbaycan və Osmanlı ordusunun hərbi geyimlərində, süvari və piyada ordu şəklində keçəcəklər.

O cümlədən, helikopterlər və təyyarələr nümunəvi uçuşlar edəcəklər.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.  Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Bu baxımdan 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə hesab edilir.

Səfir: “Bu dəstək Türkiyə üçün qürur mənbəyidir”

“Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü günündə Bakıda Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarının qatılacağı çox böyük tədbirlər keçiriləcək. Bununla da bu ildönümünü birlikdə qeyd etmiş olacağıq”.

“Trend”in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi” mövzusunda keçirilən simpoziumda bildirib.

Səfir qeyd edib ki, həm Türkiyə, həm də Azərbaycan üçün 100-cü ildönümün təntənəli şəkildə keçirilməsinin əsas məqsədi baş verənləri xalqa anlatmaq, xüsusilə də gələcək nəsillərə hansı səbəbdən bir yerdə, qardaş olduğumuzu, tariximizdə nələrin baş verdiyini çatdırmaqdır: “Biz bütün həqiqətləri xalqa çatdırmalıyıq. Onlar türkün tarixində utanılacaq heç bir şeyin olmadığını öyrənməlidirlər”.

E.Özoral 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan olunmasının 100-cü ildönümü olduğunu da xatırladıb: “Təbii ki, bunda Türkiyənin də payı var. Bu da 1918-ci il 15 sentyabr tarixində Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarında həyata keçirdiyi əməliyyatlar nəticəsində Bakının işğaldan azad edilməsidir. Bu, bizim qardaşlıq münasibətləri baxımından çox önəmli bir yer tutur. Bunun 100 illik bir tarixi olsa da, hazırkı müstəqil Azərbaycanın yolunu açan çox önəmli hadisə olub. Bu dəstək Türkiyə üçün qürur mənbəyidir. Bu şərəfli tarixin qeyd olunması üçün uzun müddətdir hazırlıqlar aparırıq. Bu ilin əvvəlindən səfirlik tərəfindən Qafqaz İslam Ordusunun 100-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib”.

Hansı yollar bağlanacaq?

Sentyabrın 15-də keçiriləcək paradla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, parad Azadlıq meydanından başlayaraq Neftçilər prospekti boyunca keçiriləcək.

O qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə Azadlıq meydanı, Neftçilər prospekti istiqamətində kəsişən bütün küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

“Vəziyyətdən asılı olaraq Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən, 20-ci sahə dairəsindən, Bayraq meydanından, ”Dalğa plaza" kimi tanınan inzibati binanın yanından, Parlament - Mikayıl Müşfiq, Mikayıl Müşfiq - Mehdi Hüseyn, 28 may - Yusif Səfərov küçələrindən, habelə kəsişən digər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət istiqamətinin dəyişdirilməsi nəzərdə tutulub. Parad tam qurtaranadək yollar bağlı qalacaq", - deyə V.Əsədov vurğulayıb.


loading...