Yuxarı
loading...
loading...

Müxalifətin payız vədi

12.09.2018 09:47 Oxunma sayı: 1376


Tural Abbaslı: “Siyasi aktivlik məsələsi iqtidarın atacağı addımlar və verəcəyi qərarlardan asılı vəziyyətə düşüb”

Əli Əliyev: “Passivliyin səbəbini yanlış yerdə axtarmaq yanlış nəticələrə gətirə bilər”

Əli Orucov: “Müxalifət çətin və məhdud şərtlər daxilində nəyi bacarırsa həyata keçirməyə çalışır”

Payız fəsli artıq qapımızı döyür. Ötənlərdə müxalifət partiyaları isti yayın istirahətindən sonra payızda qismən aktiv fəaliyyətə keçirdilər. Bu il payızda ölkə müxalifətinin hansı planları var? Bu barədə siyasi çevrələrdə müəyyən müzakirələr də açılıb. Xüsusilə REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa çıxdıqdan sonra keçirdiyi mətbuat konfransında bəzi müxalif qurumların keçirdikləri etiraz aksiyalarının hakimiyyətinin əlinə oynadığını qeyd etməsi müxalifətin bundan sonra mitinqlərə önəm verib-verməyəcəyi ilə bağlı suallar yaradıb.

AĞ Partiya başqanı Tural Abbaslı müxalifətin passivliyini və ya fəaliyyətsizliyini hansısa fəsillə əlaqələndirməyin tərəfdarı deyil: “İstər Azərbaycanda, istərsə də dünya dövlətlərində zamanında baş verən böyük siyasi prosesləri analiz etsək, görərik ki, bu hadisələr fəsillərə görə inkişaf etməyib. Yəni hər fəsildə siyasi çəkişmələr də, küçə hərəkatları da, seçkilər də olub.

Картинки по запросу tural abbaslı

Azərbaycandakı hazırkı siyasi durğunluq isə nəinki fəsillə, heç tam olaraq müxalifətin özü ilə də birbaşa bağlı deyil. Burada hakimiyyətin rolu daha çoxdur. Təbii ki, bu hala düşməmizdə müxalifətin də özünəməxsus payı az deyil. Təəssüflər olsun ki, siyasi səhnədə hakimiyyət yeganə və əsas siyasi oyunçu durumuna gəlib. Siyasi aktivlik məsələsi iqtidarın atacağı addımlar və verəcəyi qərarlardan asılı vəziyyətə düşüb. Təəssüflə onu da qeyd etməliyəm ki, xalq siyasi oyunçu kimi səhnədən çəkilib. 

AĞ Partiya yarandığı gündən bəyan etmişik ki, bizim əsas hədəfimiz Azərbaycan xalqının etimadını qazanmaq, xalqın siyasi mübarizə meydanına dönməsinə nail olmaqdır. Bu payızda da fəaliyyətimizin əsas istiqaməti xalqımız olacaq. Bizim üçün hansısa beynəlxalq təşkilatların, xarici siyasi missiyaların, fondların və s. deyil, Azərbaycan xalqının dəstəyi və etimadı vacibdir. Odur ki, partiya olaraq əsasən daxilə hesablanmış siyasət yürüdürük. Təbii ki, eyni zamanda da keçirilməsi ehtimal olunan növbədənkənar parlament seçkilərinə də hazırlıqsız yaxalanmamaq üçün addımlar atacağıq. Ümid edirəm ki, belə bir seçki keçirilsə, hər kəs siyasi səhnədə yeni reallıq olan AĞ Partiyanın varlığını və fəaliyyətini daha yaxından hiss edəcək. AĞ Partiya olaraq bizim də təsisçilərindən olduğumuz Qarabağ Komitəsi sentyabr ayının 29-da Məhsul stadionunda ”Qarabağa azadlıq!" şüarı adı altında mitinq təyin edib. Bu mitinqin kütləviliyi, izdihamı və möhtəşəmliyi istər iqtidarımıza, istər münaqişə tərəfinə, istərsə də beynəlxalq aləmə lazımi və faydalı mesajlar verə bilər. Odur ki, biz də burada təmsil olunan partiyalarla birlikdə çalışacağıq ki, bu mitinq möhtəşəm alınsın. Təbii ki, bu məsələdə də Azərbaycan iqtidarının mövqeyi həlledici olacaq. 

Çünki mitinqin keçirilməsi BŞİH-lə razılaşdırılmasa, istədiyimiz aksiyanın alınacağına inanmıram. İlqar Məmmədovun mitinqlərin hakimiyyətin əlinə oynadığı ilə bağlı fikirlərinə gəlincə isə deyə bilərəm ki, bu mitinq o mitinqlərdən deyil. Həmçinin hətta müxalifət olaraq bizim keçirəcəyimiz “Qarabağa azadlıq!” mitinqi danışıqlar masası arxasında və ya beynəlxalq səviyyədə iqtidarın əlini Qarabağ məsələsində gücləndirəcəksə, nə xoş bizə. Ümumiyyətlə, “hazırda keçirilən hər mitinq hakimiyyətin əlinə oynayır” demək siyasi baxımdan doğru deyil. Bəli, növbədənkənar prezident seçkiləri zamanı seçkini boykot edib, heç bir siyasi təsiri olmayacağını öncədən bilərək keçirilən razılaşdırılmış mitinqlər hakimiyyətin ancaq xeyrinə oldu. Həmin ərəfədə özünü siyasətçi hesab edən tarixçi Cəmil Həsənli AĞ Partiyanı seçkiyə qatıldığı üçün qınaq hədəfinə çevirməyə uğursuz cəhd etmişdi. Bəhanəsi də o idi ki, guya AĞ Partiyanın öz namizədi ilə seçkiyə getməsi seçkilərə legitimlik qazandırmaq cəhdi idi. Halbuki həmin ərəfədə onun təmsilçisi olduğu Milli Şuranın təşkil etdiyi mitinqin seçkiləri daha çox legitimləşdirdiyi siyasətlə yeni məşğul olan həvəskar gəncə belə aydın idi. Necə ki, bunu zaman bir daha sübut etdi. Hər mitinqə ayrıca qiymət vermək lazımdır. Sabah elə bir siyasi situasiya yarana bilər ki, hətta kiçik bir mitinq belə vəziyyəti tam dəyişər".

Картинки по запросу VİP sədri Əli Əliyev

VİP sədri Əli Əliyev bildirdi ki, heç kəs yuxuya getməyib: “Siyasi fəaliyyət fasiləsiz sahədir. Burada hər gün nə isə baş verir, yaxud gözlənilir. Ona görə də siyasilər heç vaxt istirahət belə edə bilmirlər. Passivliyin səbəbini yanlış yerdə axtarmaq yanlış nəticələrə gətirə bilər. Bizim payız planlarımıza gəldikdə isə onu deyə bilərəm ki, ölkənin siyasi təqvimi və gündəliyinə uyğun fəaliyyətimizi mümkün olan şərtlər daxilində davam etdiririk. Bu işlər içərisində kütləvi tədbirlər də ola bilər. Kütləvi tədbirlərə hərənin bir münasibəti ola bilər. Sadəcə, hakimiyyətin resursları çox olduğundan, istənilən situasiyanı öz xeyrinə istifadə edə bilir. ”Mitinqlərin iqtidarın xeyrinə olması" məntiqinə onu demək olar ki, o zaman siyasi məhbusların da azad edilməsi, onların azadlığa çıxması iqtidarın xeyrinədir? Belə çıxır, iqtidar bundan divident götürəcək deyə siyasi məhbuslar zindanda otursunlar ki, çıxsalar hakimiyyət xaricdən “Əhsən!” alacaq? Yanlış məntiqdir. Lazım bilən qüvvə belə tədbirlər keçirməlidir".

Картинки по запросу AMİP katibi Əli Orucov

AMİP katibi Əli Orucov müxalifətin “yuxuya getməsi” və passiv duruma düşməsi barədə səsləndirilən fikirlərlə razılaşmır: “Müxalifət Azərbaycanın çətin və məhdud şərtləri daxilində üzərinə düşən vəzifələrini yerinə yetirir, nəyi bacarırsa, nələrə imkanları çatırsa həyata keçirməyə çalışır. Müxalif düşərgəni təmsil edənlər isə əsil qəhrəmanlardır. Yayda ümumiyyətlə tək bizdə deyil, Avropanın özündə də ictimai-passivlik olur. Bu da adətən fəal təbəqənin istirahətə yollanması, siyasi proseslərə təkan verəcək tədbirlərin, kampaniyaların olmaması ilə bağlıdır. 

Digər tərəfdən, siyasi partiyaların, o cümlədən də müxalif düşərgənin fəal olması üçün ilk növbədə cəmiyyətin özü fəal olmalı, siyasi qüvvələrə və düşərgələrə nəzarət imkanı qazanmalıdır. Bunların heç biri Azərbaycanda yoxdur. Ölkə vətəndaşları sanki özləri-özlərini hər şeydən tədric saxlayaraq siyasi sosiallaşmaya maraq göstərmir, yaxud da bundan çəkinir. Ona görə də nə qədər ki, xalq siyasi proseslərdən, dövlətin idarə edilməsindən və ”hakimiyyətin mənbəyi"ndən kənar saxlanılsa, o qədər cəmiyyət və dövlət inkişafdan qalacaq. Bu isə dövlətin varlığı və gələcəyi üçün ciddi təhdiddir. Partiya olaraq bizim fəaliyyətimizin əsas istiqamətləri yerli və mərkəzi təşkilatların fəaliyyətini formada saxlamaq, yeni üzvlər cəlb etmək, beynəlxalq müttəfiqlərimizlə əlaqələrimizi genişləndirmək, ölkədəki ictimai-siyasi proseslərin mərkəzində olmağı və hadisələrin millətin və dövlətin maraqlarına uyğun istiqamətə getməsinə töhfəmizi verməkdir. Bu baxımdan hər bir partiyanın özünün seçdiyi taktiki addımlar var. Bəziləri hökumətə təsir etməyi kütləvi aksiyalarda görür, bəziləri siyasi dialoqu üstün tutur, bəziləri çəkindirməyə meyl göstərir və s. Ona görə də İlqar Məmmədovun mitinqlərlə bağlı səsləndirdiyi fikirlərin üzərində xüsusi dayanmağı lüzum bilməzdim. Hər kəsi siyasətdə, siyasi mübarizənin metodlarında və yanaşmasında fərqli baxışları ola bilər. Belə müxtəliflik əslində normal qarşılanmalıdır. Amma istənilən halda ölkədə, regionda və dünyada gedən sürətli proseslər yaxın zamanlarda Azərbaycanda ciddi və fundamental dəyişiklərə gətirib çıxaracaq. Hesab edirəm ki, AMİP bu dəyişikliklərdə həlledici söz sahiblərindən biri olacaq".


loading...