Yuxarı
loading...
loading...

“GymBala” beynəlxalq turniri başa çatıb

20.08.2018 19:15 Oxunma sayı: 1463


Dünən Bakıda keçirilən bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinə yekun vurulub.

Günün ilk yarışında Milli Gimnastika Arenasında 2008-ci il təvəllüdlü gimnastlar fərdi proqramda alətsiz və halqa ilə hərəkətlərdə mübarizəyə qoşulublar.

İki hərəkətin cəminə görə Bakı Gimnastika Məktəbinin (BGM) yetirməsi Leyli İsmayılova 25,950 xal toplayaraq I olub. “Ocaq Sport” klubunun təmsilçisi Nərminə Bayramova 24,500 xalla II yeri tutub. UkraynalıAnastasiya Korotianskaya isə 23,850 xalla ilk üçlüyü qapayıb.

 

2007-ci il təvəllüdlü yeniyetmələrin çoxnövçülük üzrə halqa və topla yarışlarının ümumi nəticəsinə görə “Ocaq Sport” klubunun yetirmələri ilk üç pillədə qərarlaşıblar. Belə ki, Fatimə Məmmədzadə (24,950 xal) qızıl, Mədinə Dəmirova (23,550 xal) gümüş, Kamilla Seyidzadə (22,700 xal) bürünc medal qazanıblar.

Sonra 2006-cı il təvəllüdlü yeniyetmələr çoxnövçülük üzrə ip, top və gürzlərlə yarışlarda qalib adı uğrunda mübarizə aparıblar. Zəhra Paşayeva 41 xalla I, Alina Gözəlova 40,050 xalla II, Kamilla Əliyeva isə 39,050 xalla III olub. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.

Gənclər (2003-2005-ci il təvəllüdlü) arasında yarışlarda isə halqa, top, gürzlər və lentlə hərəkətlərdə çoxnövçülük üzrə turnirin ən yaxşılarının adlarına aydınlıq gəlib. Bu yaş kateqoriyasında da “Ocaq Sport” klubunun təmsilçiləri rəqibləri üçün əlçatmaz olublar. Nərminə Səmədova (64,500 xal), Arzu Cəlilova (61,300 xal) və Məryəm Səfərova (60,750 xal) fəxri kürsünün ilk üç pilləsində yer alıblar.

Daha sonra komanda yarışlarına start verilib.

Bala gimnastların (2011-2013-cü il təvəllüdlü) alətsiz və topla mübarizəsinin ümumi nəticəsinə görə “Ocaq 8” komandası 19,900 xalla I, “Ocaq 10” kollektivi 18 xalla II, “BGM 1” isə 17,950 xalla III olub. Gənclərin (2003-2005-ci il təvəllüdlü) yarışında isə Azərbaycan milli komandası lentlərlə hərəkətlərdə 15,450 xal toplayıb. Gürzlərlə hərəkətlərdə öz bacarığını nümayiş etdirən Misir yığmasının çıxışını hakimlər 12,150 xalla qiymətləndiriblər. Digər təmsilçimiz “Ayulduz 2” komandası lentlə hərəkətlərdə 5 xal qazana bilib.

Bütün yaş kateqoriyaları üzrə həm ayrı-ayrı alətlər, həm də çoxnövçülük yarışlarında qalib gələn gimnastlara diplom və mükafatlar təqdim olunub.

Bununla da bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinə yekun vurulub.

Xatırladaq ki, yayın son gimnastika yarışında Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport” klubunun, “AyUlduz” klubunun, Sərhədçi İdman Olimpiya Mərkəzinin, “Zirvə” İdman Klubunun, Respublika Kompleks İdman Məktəbinin, o cümlədən Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Ukrayna və Misirdən, ümumilikdə, 130-dan çox gimnast iştirak edib.


loading...