Yuxarı
loading...
loading...

Azərbaycan Fars Körfəzi ölkələrinə ixracı genişləndirmək istəyir

20.08.2018 12:26 Oxunma sayı: 2421


Azərbaycan milli məhsulların Fars Körfəzi ölkələrinin bazarlarına ixrac coğrafiyasını genişləndirmək məqsədilə 2018-ci ilin sonuna qədər Birləşmiş Ərəb Əmirliklərinə iki ixrac missiyası göndərməyi planlaşdırır.

Bu barədə Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev bildirib.

E.Əliyev deyib ki, xüsusilə meyvə-tərəvəz, meyvə şirələri, bal, quru süd, ət, çay və fındıq kimi məhsulların Fars Körfəzi ölkələrinə ixracını və bu regionda fəaliyyət göstərən ticarət şəbəkələrinə çıxışını təmin etmək üçün danışıqlar davam etdirilir".

Onun sözlərinə görə, ixrac missiyalarının yerli istehsalçıların iştirakı ilə əsas məqsədi "Made in Azerbaijan" milli brendinin BƏƏ və digər Fars Körfəzi ölkələrinin bazarlarında təşviqindən ibarətdir.

Ticarət nümayəndəsi xatırladıb ki, ötən il Azərbaycanın ixran missiyaları Dubaya və Səudiyyə Ərəbistanına göndərilmişdi: "İndi tərəflər görüşlərin keçirilməsi üçün yerin və tarixin dəqiq müəyyənləşdirilməsi üçün danışıqlar aparır. Ötən il ixrac missiyaları noyabr və dekabr aylarında göndərilib və çox güman ki, bu il də missiyaların səfəri həmin dövrə təsadüf edəcək".

O, qeyd edib ki, bu gün Azərbaycanda Dubay bazarına çıxmaq istəyən çox sayda orta və kiçik müəssisələr var və buna görə də Dubaya qarşıdakı ixrac missiyasında 10-dan çox Azərbaycan şirkətinin iştirakı gözlənilir.

E.Əliyev bildirib ki, Dubaya ixrac edilən Azərbaycan kənd təsərrüfatı məhsullarının keyfiyyəti çox yüksəkdir, lakin Dubay bazarının çox inkişaf etdiyini nəzərə alsaq, keyfiyyətlə yanaşı, məhsulların sabit tədarükünə daha böyük diqqət yetirilir: "Fikrimcə, bu, ixrac malları və məhsullarının BƏƏ-nin rəqabətli bazarlarında uğurla təşviqi üçün vacib meyarlardan biridir. Bizim şirkətlər arzuolunan nəticə əldə etmək üçün bu istiqamətdə ciddi irəliləməlidirlər. Azərbaycan öz ixrac potensialından çıxış edərək ciddi işlər görüb və bu istiqamətdə razılaşmalar yalnız BƏƏ ilə deyil, həm də Avropanın aparıcı ölkələri ilə əldə olunub. Gələcəkdə milli məhsulların, xüsusilə Fars Körfəzi ölkələrinin bazarlarına ixrac coğrafiyasını genişləndirmək məqsədilə danışıqların aparılması nəzərdə tutulur".

Ticarət nümayəndəsi deyib ki, Azərbaycan məhsulları artıq Dubayda (Gulfood 2017) və Almaniyada (Prowein) keçirilən sərgilərdə nümayiş etdirilib və bu sərgilərdə 20 Azərbaycan şirkəti iştirak edib.


loading...