Yuxarı
loading...
loading...

ABŞ-da həbs edilən azərbaycanlıları 30 il həbs cəzası gözləyir

07.08.2018 13:42 Oxunma sayı: 1396


Amerika Birləşmiş Ştatlarında saxlanılan dörd Azərbaycan vətəndaşını 20 ildən 30 ilə qədər həbs cəzası gözləyir. Azərbaycan vətəndaşları - 24 yaşlı Bağır-Pur, 30 yaşlı İmamverdiyev, 30 yaşlı Cavadzadə və 23 yaşlı Mehdiyeva FBR-in xüsusi əməliyyatı çərçivəsində saxlanılıb.

İyul ayının sonunda ABŞ Ədliyyə Nazirliyi elan edib ki, avtomobil satışında irimiqyaslı dələduzluq faktları ilə bağlı cinayət işi açılıb. İşlə Nyu-Yorkun cənub dairəsi prokurorluğu məşğul olur. 25 nəfər şübhəli qismindədir: 7 rus, 5 Gürcüstan, 4 Azərbaycan, 3 Qazaxıstan, 2 Ukrayna, 2 Latviya, 1 ABŞ və 1 Türkiyə vətəndaşı.

İstintaqın versiyasına görə, təqsirləndirilənlər maşın satışı ilə bağlı saytlara saxta elanlar yerləşdirir, insanlardan pul alır və daha sonra gizlənirdilər. Öz fəaliyyətlərini gizlətmək üçün bu şəxslər yalançı firmalar yaradıblar. Ümumilikdə vurduqları ziyanın məbləği isə 4.5 milyon dollar olub.

ABŞ-da dələduzluq məqsədilə fəaliyyət ciddi cinayət sayılır. Cinayət sübuta yetirilərsə, bu işi törədənləri 30 ilə qədər həbs cəzası gözləyə bilər. Buna çirkli pulların yuyulması cinayəti də əlavə olunsa, bu, əlavə 20 il azadlıqdan məhrum etmə cəzası deməkdir.

Bu gün ABŞ-ın Ədliyyə Nazirliyi bu səs-küylü işlə bağlı təqsirləndirilən Rusiya vətəndaşlarının kimliyini də müəyyənləşdirib və bu, jurnalistlərə açıqlanıb.

Onların adları Maksim Suverin, Stanislav Lisitski, Aleksey Livadnı, Nikolay Tupikin və Kirik Dedusev. Suverini 30 iyulda Bostonda, Lisitski, Livadnı və Tupikini 1 avqustda, Dedusevi isə növbəti gün saxlayıblar.

Livadnı daha öncə də dələduz sxemlər qurmaqda məşhur idi. Rusiyada həbs olunan bu şəxs özünü mobil texnika satıcısı kimi təqdim edir, pul alır və müştərilərə əvəzində heç nə vermirdi.

Livadnı onlarla şirkətin təsisçisi kimi qeydə alınıb. Bu kompaniyaları bir neçə ortaq detal birləşdirir: hamısı 2011-ci ildən 2015-ci ilə qədər qeydiyyatdan keçib. Livadnı bu kompaniyaların yeganə təsisçisi kimi qeydə alınıb, şirkətin maliyyə hesabatı verilməyib, vergi borcları var.

İnternetdə Livadnının fəaliyyəti barədə qeydlərə rast gəlmək mümkündür. İnternet mağaza rəqəmsal mobil texnika “satışı” ilə məşğul idi. Faktiki insanları aldatmaqla məşğul olan şirkətin çoxlu zərərçəkənləri var.

Bununla belə, bu irimiqyaslı dələduzluq olayında Azərbaycan vətəndaşlarının hansı rol oynadığı məlum deyil. 
Musavat.com ABŞ-da yaşayan azərbaycanlı soydaşlarımızdan həbs edilən şəxslərin kimliyi ilə bağlı məlumat toplamağa çalışacaq.


loading...