Yuxarı
loading...
loading...

İtaliya prezidentinin qızı Qobustanda - FOTO

18.07.2018 13:23 Oxunma sayı: 1435


Azərbaycanda rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın qızı Laura Mattarella iyulun 18-də Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub.

Qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

Məlumat verilib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlət başçısı İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

İtaliyalı qonağın diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan Laura Mattarella ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıb.

Qonaq Qobustan Milli Tarixi-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb.


loading...