Yuxarı
loading...
loading...

Güneydə qadınlar etiraza qalxdı

10.07.2018 13:14 Oxunma sayı: 1175


Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur son günlər Babək qalasına yürüşlə əlaqədar saxlanılan milli-mədəni fəalların azadlığa buraxılmasını tələb edib.

O, bu barədə sosial şəbəkədə yazıb.

Millət vəkili bununla əlaqədar Güney Azərbaycan ədliyyə şöbəsinin rəisinə müraciət edib:

“Bildirmək istəyirəm ki, milli birliyi qorumaq naminə Babək qalasında saxlanılan fəalların azadlığa buraxılması haqda qərar verilməlidir. Qoy onlar öz ailələrinə qovuşsunlar”.

Qeyd edək ki, Nadir Qazipurdan başqa bu günə qədər heç bir azərbaycanlı millət vəkili bu məsələyə münasibət bildirməyib.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Ağrı Qaradağlı bildirib ki, millət vəkili bu müraciətdən sonra fars millətçiləri tərəfindən təhqir edilib. GAMOH yetkilisi bildirib ki, irqçilər saxlanılmış güneyli fəalları “Azərbaycan və Türkiyənin muzdlu ordusu” adlandırıblar.

Ağrı Qaradağlı həmçinin diqqətə çatdırıb ki, Güney Azərbaycanın Sərdəri şəhərində saxlanılmış milli fəal Abbas Lisaninin azadlığa buraxılması üçün kampaniyaya başlanıb. Şəhərin divarlarında Lisaninin azadlığını tələb edən posterlər yapışdırılıb. Bir neçə azərbaycanlı qadın isə Abbas Lisaninin şəkilini qaldıraraq, ona dəstək nümayiş etdirib və fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, iyulun 5-6 tarixlərində Babək qalasına yürüş etdiklərinə görə, Güney Azərbaycanın bir sıra şəhərlərində çoxlu sayda milli-mədəni fəal saxlanılıb.

İyulun 2-də Ərdəbil şəhərində iş yerində saxlanılan tanınmış milli-mədəni fəal Abbas Lisani hazırda Təbriz həbsxanasında saxlanılır. O, bu müddətdə bir neçə dəfə ETTELAAT-n Təbriz idarəsinə aparılaraq dindirilib. Ailəsinə onunla görüşməyə icazə verilmir.


loading...