Yuxarı
loading...
loading...

Bu gün AŞPA-nın yay sessiyası başlayır

25.06.2018 09:26 Oxunma sayı: 1654


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.

25-29 iyun tarixlərində davam edəcək sessiya çərçivəsində Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.
 
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq. 
 
Monitorinq komitəsinin iyunun 26-da keçiriləcək iclasında isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yerinə qurumun Serbiya üzrə həmməruzəçi təyin olunacaq.
 
Bundan başqa, sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Riçard Badea seçkilərə dair hesabatını təqdim edəcək.  Həmçinin yay sessiyası zamanı AŞPA yeni prezident seçəcək.  Sessiyada Xorvatiya, Slovakiya baş nazirlərinin və Lüksemburqun xarici işlər nazirinin çıxışı da gözlənilir. 
 
Suriyanın qonşu ölkələrində qaçqınların humanitar vəziyyəti, Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması, bu ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, iqtisadiyyatda qadınların bilik və bacarıqlarının artırılması, Mədəni irs abidələrinin qanunsuz satışı və dağıdılması mövzuları ətrafında da müzakirələr aparılacaq.
 
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-nın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat da sessiyada iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdədir. 
 
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildir. 

loading...