Yuxarı
loading...
loading...

Müdafiə Nazirliyi Xocalı aeroportundan fotolar yaydı – “Daim nəzarətdə saxlayırıq”

13.06.2018 13:35 Oxunma sayı: 1484


Bu gün bəzi yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri tirajlayıb.

Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri düşmənin növbəti informasiya avantyurası adlandırıb.

Nazirlikdən bildirilib ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür:

“İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir. Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələri və çoxməqsədli Mi-8 helikopteri müşahidə olunur.

Bu kimi təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya vasitələrinin Ermənistanın belə informasiya avantyuralarına reaksiya verməmələrini xahiş edirik”.

 


loading...