Yuxarı
loading...
loading...

Azərbaycanlı aşıq “Sarı gəlin”i niyə ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi – VİDEO

14.06.2018 10:11 Oxunma sayı: 1717


Heç bir azərbaycanlı iştirak etdiyi ortamda erməni ifaçının Azərbaycan xalq mahnısı “Sarı gəlin”i solo ifa etməsinə sakit tamaşa edə bilməz.

Bunu Gürcüstanda keçirilən IX Qafqaz Caz Festivalında erməni həmkarı ilə birlikdə “Sarı gəlin”i oxuması barədə sosial şəbəkələrdə yayılan söhbətlərə münasibətinin bildirərkən azərbaycanlı aşıq Nargilə Mehdiyeva (Tinatin) deyib.

İfaçı qeyd edib ki, artıq uzun müddətdir Tbilisidə aşıq musiqisi ilə digər musiqi janrlarının sintezini təqdim edən layihə üzərində işləyir. Bununla əlaqədar olaraq onu tez-tez müxtəlif tədbirlərə, festivallara dəvət edirlər. O isə bu dəvətləri məmnuniyyətlə qəbul edir, çünki bu, ona öz yaradıcılığını və Azərbaycan musiqisini geniş auditoriyaya təqdim etmək imkanı verir.

“Məni Qafqaz caz festivalına dəvət etmişdilər və orada iştiraka razılıq vermişdim. Mən əvvəlcə orada “Koroğlu” yaradıcılığından aşıq mahnısını təqdim etdim. Tamaşaçılar onu dinləyib sadəcə valeh olmuşdular” — deyə Mehdiyeva bildirib.

O qeyd edib ki, bundan sonra festivalın təşkilatçıları ona erməni ifaçı ilə birlikdə “Sarı gəlin”i duet oxumağı təklif edib. O, adının və yaradıcılığının bu məsələ ilə yanaşı hallanmasını istəmədiyi üçün əvvəlcə bundan imtina edib. Sonra isə bununla razılaşmalı olub. Çünki azərbaycanlı aşıq əvvəllər də Ermənistandan olan həmkarları ilə birlikdə dəfələrlə eyni səhnəni bölüşüb. O, səhnədə erməni ifaçının “Sarı gəlin”i tək oxumasına razı ola bilməzdi. Çünki bu, Gürcüstanda yaşayan azərbaycanlılara böyük zərbə olardı.

“Hər şeyi düşünərək razılıq verməyi qərara aldım ki, sonra peşmançılıq çəkməyim. Mənə çox çətin oldu. Çox həyəcanlı idim. Təkcə ona görə yox ki, erməni həmkarlarla birgə çıxış etmək mənə rahat deyildi, həm də ona görə ki, bu mahnını ifa etmək asan deyil. Çünki mən əsasən aşıq mahnıları oxuyuram” — deyə Mehdiyeva bildirib.

Aşığın sözlərinə görə, o, “Sarı gəlin”i oxuyanda, zalda oturan azərbaycanlıların gözləri yaşarıb və tamaşaçılar öz həmyerlilərinə dəstək veriblər. Onlar erməni ifaçıların çıxışı zamanı onu da başa düşüblər ki, bu kompozisiyanın erməni xalqı ilə heç bir əlaqəsi yoxdur. “Sarı gəlin”i bu cür hissiyyatla, emosiya ilə və yüksək səviyyədə tamaşaçıya yalnız azərbaycanlı müğənnilər çatdıra bilər.

“Bu çıxışımdan sonra çoxsaylı müsbət reaksiyaları eşitmək mənə xoş idi. Hətta gürcülər qeyd edirdilər ki, “Sarı gəlin” şübhəsiz Azərbaycana məxsusdur. Çox şadam ki, bunu bir daha sübut etməyi bacarmışam” — deyə Mehdiyeva bildirib.

Aşıq bildirib ki, azərbaycanlı həmkarlarından heç biri ona zəng edərək bu addımına görə suçlamayıblar. Əksinə, onlar bir daha “Sarı gəlin”in xalqımızın real mülkiyyəti olduğunu sübut etdiyi üçün onunla qürur duyduqlarını bildiriblər.

Tinatin Gürcüstanda yaşadığını və bu səbəbdən də ermənilərlə hər an üz-üzə gəldiyini deyib.

Mehdiyeva tez-tez erməni müğənnilərinin də iştirak etdiyi çoxmillətli layihələrdə çıxış edir və hər dəfə onlarla eyni səhnəni bölüşmək məcburiyyətində qalır.

“Mənim tez-tez erməni ifaçılarla münaqişələrim yaranır. Çünki onlar azərbaycanlıların festival və müsabiqələrdə birinci yeri tutması ilə barışa bilmirlər. Onlar bizə münasibətlərini gizlədə bilmirlər, baxmayaraq ki, başqaları bunun fərqinə varmır” — Mehdiyeva bildirib.

Tinatin Gürcüstanda doğulub-böyüdüyünü qeyd edib. Uşaq vaxtlarından aşıq musiqisi ilə məşğul olub. Hazırda Tbilisinin populyar ifaçılarından biridir. O, Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun ev-muzeyində, eləcə də Tbilisi Dövlət Konservatoriyasında xarici tələbələrə dərs deyir. Bununla yanaşı, Gürcüstan Qadınlar Assosiasiyasının və Azərbaycan Aşıqlar İttifaqının üzvüdür. O, Gürcüstanda Azərbaycan mədəniyyəti və musiqisini təbliğ etmək üçün mümkün olan hər şeyi edir. Artıq dörd ildir ki, o, xaricdə, xüsusilə də Londonda, İsveçdə, Amsterdamda və digər yerlərdə solo konsertlər verir.

“Mən Gürcüstanda yeganə qadın aşığam. Burada mənə böyük dəstək var. Tez-tez Azərbaycana da gedirəm, həmkarlarımla birgə eyni səhnəni bölüşürəm və televiziya verlişlərində iştirak edirəm” — deyə Mehdiyeva bildirib.

Aşıq onu da vurğulayıb ki, hər yerdə Azərbaycan musiqisini təbliğ etməkdə davam edəcək və hazırda bu istiqamətdə bir böyük layihə üzərində işləyir.


loading...