Yuxarı
loading...
loading...

Azərbaycan dünyanın geosiyasi xəritəsini dəyişdi Açıqlama

13.06.2018 15:34 Oxunma sayı: 1525


TANAP dünyanın geosiyasi xəritəsini dəyişən bir layihədir.

Bu sözləri açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Azərbaycan qazının məhz Cənub Qaz Dəhlizi vasitəsilə TANAP layihəsi çərçivəsində Avropaya çatdırılması və onun TAP xəttinə qoşulması müsbət bir haldır:

“1400 km uzunluğu olan bir kəmərin dövlətlərin ərazisindən keçərək məhz Adriatik dənizinə çıxması tarixin ən mühüm hadisələrindən biridir. “Şahdəniz” qazının bu gün Avropaya çatdırılması 20 il bundan əvvəl təsəvvürə gəlməyən bir hadisə idi. Bu gün artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında mühüm rol oynayan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin də dediyi kimi, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Azərbaycan artıq alternativ olaraq, böyük dövlətlərlə eyni müstəvidə adı çəkilən bir dövlətə çevrilir. Bu həm siyasi, həm iqtisadi cəhətdən çox mühüm əhəmiyyət kəsb edir”.

Politoloq vurğulayıb ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür:

“TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. Türkiyə, Ukrayna, Serbiya və digər dövlət rəhbərlərinin açılış mərasimində iştirakı bu layihəyə necə önəm verildiyini göstərir. Təbii ki, iqtisadi cəhətdən bu Azərbaycan üçün divident gətirən məsələdir. TANAP layihəsi başa çatmadan da Azərbaycan bu layihədən gəlir götürə biləcək. TANAP layihəsində Cənub Qaz Dəhlizi QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. Bölgülərə baxdıqda görürük ki, burda çox mühüm əhəmiyyət kəsb edən amillər var. Dünyanın qlobal layihələrində iştirakı Azərbaycana bir sıra mühüm məsələlərinin həllinə müsbət mənada kömək edəcəkdir”.

Qeyd edək ki, dünən Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.


loading...