Yuxarı
loading...
loading...

Eldar Mahmudovun həbs edilməməsinin mübhəmləri

13.06.2018 13:22 Oxunma sayı: 1542


Deputat: “Milləti belə amansız sümürən heç bir mütəşəkkil cəza dəstəsi olmayıb”

3-4 aydan sonra Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan qovulmasının 3 ili tamamlanacaq. Ötən müddət ərzində mətbuatda “MTN işi” adını almış proses çərçivəsində qurumun rəhbərliyində həbslər, təmizləmələr aparılıb. Hazırda proses dayandırılmış kimi görünür və işin başında duran adam azadlıqdadır. Eldar Mahmudovun və digərlərinin də həbsi ehtimalı yox səviyyəsindədir. “MTN işi”nin yarımçıq qaldığı çox aşkar görünür. Prosesin davamı olacaq-olmayacaq bilinmir. Proses başladılan gündən Eldar Mahmudovun və digərlərinin həbsinin siyasi qərarlardan asılı olacağı haqda fikirlər də dolaşır. İstintaqın bu səbəbdən geniş və dərin aparılmadığı haqda da məlumatlar var.

Vaxtaşırı mediada belə fikirlər yayılır ki, Eldar Mahmudovu həbsdən müəyyən dövlətlər qoruyur. Bu sırada 2 xarici dövlətin adı çəkilir. Onun işdən çıxarılmasının da məhz həmin dövlətlərin xüsusi xidmət orqanları ilə həddən ziyadə yaxınlaşması göstərilir. Fakt odur ki, Eldar Mahmudovun rəhbərliyi dövründə baş verən cinayətlərə görə bu gün cəza yerlərində onun dövründə vəzifə tutan MTN generalları, polkovnikləri cəza çəkirlər. Eldar Mahmudov isə həbsdən yayına bilir və ya yayındırılır.

Yada salaq ki, Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, deputat Zahid Oruc ötən müddətdə həyata keçirilən istintaq tədbirləri, atılan addımlar və görülməli işlərlə bağlı “Yeni Müsavat”a geniş müsahibə vermişdi. Deputat demişdi ki, Eldar Mahmudov və dəstəsinin əməlləri Cinayət Məcəlləsinin onlarla maddəsinin təsiri altına düşür. Deputatın qəzetimizə verdiyi müsahibəsində “Eldar Mahmudov nə üçün həbs olunmur” sualına belə cavab vermişdi.

Sitat: “Ölkə rəhbəri iradəsini və sərt xarakterini göstərib. Yəni ”toxunulmaz şəxs" yoxdur. Ona görə Eldar Mahmudovu “qoruyan daxili və xarici əl” versiyasını tamamilə kənara qoymaq olar. Onun şəxsiyyət probu o ölçüdə deyil. Belələrinin xarakter kimliyi, insan materialı və mənəviyyat əmsalı onu daim hifz etməyə imkan vermir. Lakin şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist sayılan diletantları iradə ediblər. Azərbaycan təhlükəsizlik orqanları içərisində casus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona lütflə bağlı deyil, zənn edirəm digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük akulalara çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur".


loading...