Yuxarı
loading...
loading...

Savadsız müəllim, psixikası pozuq tərbiyəçi… - Millət vəkili

12.06.2018 09:46 Oxunma sayı: 1567


Bu cür qəddarlıqların vüsət almasını vaxtında əngəlləmək lazımdır.

Bu sözləri millət vəkili Fazil Mustafa Bakıdakı “Kids Studio” özəl uşaq bağçasında körpə uşaqların döyülməsi ilə bağlı videoya münasibət bildirərkən qeyd edib. O bildirib ki, savadına güvənməyən müəllim, dünyagörüşü məhdud tərbiyəçi uşaqlara qarşı aqressivlik göstərə bilər:

"Müəllimin yetişmə mexanizmində problemlər, tərbiyəçinin dünyagörüşündə natamamlıqlar var. Ötən Milli Məclisdə bu mövzunu gündəmə gətirmişdim: normal bir ailə düzəninə sahib olmayan adamların bağçalara, məktəblərə rəhbərlik etməsinin hansı müsbət nəticələri ola bilər ki?! Bu şəxslər başına hansı keyfiyyətdə adamları yığacaqlar? Təbii ki, öz xarakterlərinə yaxın kimsələri. Uşağa intizam təlqin etmək normal bir davranışdır, lakin məlum videoda birbaşa vəhşilikdən, psixikası pozuq bir neçə qadının uşaqlar üzərində əsdirdiyi terrordan söhbət gedir. İctimai nəzarətin formal xarakter daşıdığı göz önündədir”.

Millət vəkili vurğulayıb ki, bağça, məktəb ən güvənli məkanlar olmalıdır:

“Buralarda təsadüfi, şəxsiyyəti müəmmalı, psixikası pozuq adamlar rəhbərliyə təyin olunmamalıdırlar. Uşaqla işləyən müəllimin və tərbiyəçinin savaddan da vacib mərhəmət duyğusuna sahib olması zəruridir. Məsələyə “oldu-bitdi” kimi yanaşıla bilməz”.

Qeyd edək ki, “Kids Studio” bağçasında uşaqların döyülmə videosu ictimailəşəndən sonra tərbiyəçi Firuzə Tağıyevanın qovulduğu, bağçanın isə bağlandığı açıqlanmışdı. Təhsil Nazirliyi isə ümumiyyətlə, bu bağçanın lisenziyasız fəaliyyət göstərdiyini bildirdi.


loading...