Yuxarı
loading...
loading...

Azərbaycanda suyun keyfiyyətinə nəzarət üçün 10 laboratoriya yaradılacaq

05.06.2018 10:15 Oxunma sayı: 1439


"Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub. Həmin kəndlərdə 530 km su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 1400-dən artıq bulaq quraşdırılıb. Bununla da 271 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunub".

 

Bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində qeyd olunub. “Azərsu” sədri bildirib ki, Abşeron yarımadasının 60-dan çox yaşayış məntəqəsində su təchizatı və kanalizasiya layihələrinin icrasına başlanılıb: "2017-ci ildə Prezident İlham Əliyevin 18 qəsəbədə və “Ağ şəhər” ərazisində su və kanalizasiya şəbəkələrinin tikintisi ilə bağlı sərəncamları bu sahədə işləri intensivləşdirib. Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan anbar komplekslərində aparılan yenidənqurma işləri nəticəsində Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Eyni zamanda yeni magistral və paylayıcı şəbəkələrin tikintisi, yeni birləşmələrin verilməsi paytaxt sakinlərinin dayanıqlı və keyfiyyətli su təminatına imkan yaradıb. Paytaxtın küçə və prospektlərində yol infrastrukturlarının yenidən qurulması ilə əlaqədar uzun illərdir istismarda olan su və kanalizasiya xətləri də yenilənir".

Q.Hüseynov bildirib ki, Azərbaycanda ilk dəfə innovativ texnologiyalardan istifadə edilməklə tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb: "Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Zığ-Hövsan, Novxanı-Sumqayıt kollektorları kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına və Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının qarşısının alınmasına hesablanıb. 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 km uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının istismara verilməsi, eləcə də Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə dənizə axıdılan tullantı sularının qarşısını alıb".

Bundan başqa, Bakı şəhərində və Abşeron yarımadasında səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 16 ünvanda layihələr icra edilib. Bu layihələr çərçivəsində 20 km-dən artıq yağış-kanalizasiya kollektorları inşa olunub, Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində su səviyyəsinin tənzimlənməsi məqsədilə infrastruktur yaradılıb.

"Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, 230 su anbarı və anbar kompleksi tikilib, 15 min km-dən çox magistral və paylayıcı su, 3500 km-dən artıq kanalizasiya xətləri çəkilib, 308 ədəd artezian və subartezian quyusu qazılıb. İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması xüsusi əhəmiyyət daşıyır. Bu sahədə operativliyin artırılması və yeni texnologiyalardan istifadə nəzərə alınaraq müasir tipli Mərkəzi Laboratoriya inşa edilib. 2013-cü ildə istifadəyə verilmiş laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb, laboratoriyada içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 105-ə çatdırılıb. Fəaliyyətə başladıqdan cəmi bir il sonra beynəlxalq akkreditasiyadan keçən laboratoriya dünyanın aparıcı şirkətlərinin təmsil olunduğu səriştəlilik proqramlarına qoşulub. Bu təcrübədən istifadə etməklə hazırda respublika üzrə 10 regional laboratoriyanın yaradılması istiqamətində işlər aparılır. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq mümkün olacaq", - deyə Q.Hüseynov vurğulayıb.

Qeyd edək ki, istehlakçılara göstərilən xidmətin uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi məqsədilə su sayğaclarının quraşdırılması istiqamətində tədbirlər davam etdirilir. “Azərsu” ASC-nin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb. Hazırda abonentlərin 78 faizi sayğacla təmin olunub.

Q.Hüseynov əlavə edib ki, 2018-ci ildə Bakı şəhərində yenidən qurulacaq - Babək prospekti, Mir Cəlal və Təbriz küçələri boyunca su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulur. “Ağ şəhər”də, Abşeron yarımadasının qəsəbələrində su və kanalizasiya sistemlərinin yaradılması, həmçinin binadaxili su təchizatı sistemlərinin yenilənməsi və sayğaclaşma tədbirləri davam etdiriləcək.


loading...