Yuxarı
loading...
loading...

Bakıda “bar qızı” Türkiyə vətəndaşının başına iş açdı

18.05.2018 14:42 Oxunma sayı: 1488


Türkiyə vətəndaşının 5 min manat pulunu quldurluq yolu ilə ələ keçirən şəxs cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

Cinayət məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən İslamov Ruslan Vaqif oğlunun məhkəmə prosesi may ayının 23-də hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, hadisə 2013-cü ilin aprel ayında Bakının Xətai rayonu ərazisində qeydə alınıb. Türk kişi öz ağılsız məhəbbətinin toruna düşüb. O, əylənməyi düşünsə də, bunun əvəzinə başqalarını əyləndirib.

Xətai Rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin əməliyyatçıları “isti izlərlə” çox sadə sxemlə işləyən quldurların cinayətinin üstünü açıb və onların dəstəsini zərərsizləşdiriblər. Bu quldur dəstəsi öz qurbanlarını tələyə salmaq üçün gözəl bir qızdan – Bakının mərkəzində yerləşən, məşhur “Şamdan” gecə barının işçisindən istifadə ediblər.

Quldurların növbəti qurbanı Türkiyə vətəndaşı olub. 1972-ci il təvəllüdlü türk Sezgin Yılmaz Mehmet gecə “Şamdan” barında istirahət etmək qərarına gəlib. Kişi özünə içki sifariş verib masa arxasında əyləşən kimi, barın işçisi ona yaxınlaşıb və birlikdə əyləşməyi təklif edib. Yəqin, həmin qızın seks sənayesinin nümayəndəsi olduğunu söyləmək artıqdır.

Türkü spritli içki ilə kefləndirən qız özü üçün faydalı məlumat toplamağa başlayıb və öyrənib ki, kişinin üstündə 5 000 manat pul var. Beş dəqiqəlik bayıra çıxacağını deyən qız əlbir olduğu şəxslərə zəng edərək, tapıntısı – üzərində 5 min pul olan Türkiyə vətəndaşı barədə məlumat verib. Dəstənin üzvləri bildiriblər ki, qızı Nobel prospektində “NZS” qəsəbəsinin yaxınlığında gözləyəcəklər.

Darıxan türkün yanına qayıdan qız ona unudulmaz kef bəxş edəcəyini bildirərək, türkü evinə dəvət edib. Təklifi qəbul edən kişi avtomobilə əyləşərək, zövq alacağı ümidilə qızın evinə yola düşüb.

Lakin onlar evə çata bilməyiblər, “NZS” qəsəbəsinin yaxınlığında iki gənc insan qarşılarını kəsərək, içkili Yılmazı döyüb, onun burnu və dodağını əzib, üzərində olan bütün pulları götürərək qaçıblar. Türkü yolun kənarında qoyan cinayətkarlar “uğurlu” işlərini paytaxtın gecə klublarından birində qeyd etmək üçün şəhərin mərkəzinə yola düşüblər.

Bu arada Sezgin Yılmaz 37-ci polis bölməsinə gələrək, hücum barədə məlumat verib.

Səhərə yaxın əməliyyatçılar dəstənin izinə düşüblər və onların hər üçünü ələ keçiriblər. Quldurlar 1986-cı il təvəllüdlü Gürcüstan vətəndaşı Şahanə Hacıyeva, 1984-cü il təvəllüdlü Azərbaycan vətəndaşları Əliyev Elgiz Elşad oğlu və 1988-ci il təvəllüdlü İslamov Ruslan Vaqif oğlu olublar. 


loading...