Yuxarı
loading...
loading...

Misirdə "Cümhuriyyət konserti" keçirildi FOTO

14.05.2018 10:35 Oxunma sayı: 1346


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Misirin paytaxti Qahirə şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən rəsmi ziyafət və konsert proqramı təşkil olunub.

Misir parlamentinin sədr müavini Süleyman Vahdan, parlamentin baş katibi Əhməd Saadəddin, daimi komissiyalarının sədrləri, deputatlar, bu ölkənin xarici, mədəniyyət və turizm nazirləri, təhsil nazirinin müavini, ictimai təşkilatların rəhbərləri, xarici ölkələrin səfirləri, Misirdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, kütləvi informasiya vasitələrinin nümayəndələri ziyafətdə iştirak ediblər.

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev tədbirdə çıxış edərək qonaqlara Azərbaycan Demokratik Respublikasının tarixi, müasir dövlətimizin əldə etdiyi nailiyyətlər, ölkəmizin iqtisadi, elmi, mədəni, turizm potensialı barədə dolğun məlumat verib. Səfir Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini ziyafət iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanlı diplomat beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq bu ışğalın hələ də davam etdiyini xatırladıb.

Ziyafət zamanı Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən, füsunkar təbiətindən, gözəl memarlıq abidələrindən, qış və yay turizm potensialından, iqtisadi nailiyyətlərindən bəhs edən sənədli film nümayiş olunub. “Azərbaycanın milli paltarları” adlı moda nümayişi tədbir iştirakçılarının marağına səbəb olub.

Konsert proqramı ilə davam edən tədbirdə Azərbaycan Dövlət Filarmoniyasının rəqs qrupu “Yallı”, “Tərəkəmə”, “Ağ çiçəyim”, “Qaytağı” və “Naz eləmə” milli rəqslərimizi təqdim edib. Daha sonra Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Səlim Abbasovun ifasında populyar Azərbaycan və ərəb musiqiləri səsləndirilib. İstedadlı kaman ustasının özünəməxsus ifa tərzi tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Ziyafət iştirakçılarına Azərbaycan Demokratik Respublikasının 100 illiyi loqosu ilə bəzədilmiş hədiyyə paketi təqdim olunub.

Misirin bir sıra televiziya kanallarında və nüfuzlu qəzetlərində rəsmi qəbul və konsert proqramı haqqında xəbər və reportajlar yayımlanıb, xəbərlər dərc edilib.


loading...